Son Xəbər:
Tarix: 26-11-2022, 13:00
Norveçdə yaşayan yazıçı Günel Mövlud futbolla bağlı fikirlərinə görə yenidən gündəmə gəlib.
Hər kəsin diqqəti Qətərdə təşkil olunan Dünya Çempionatında olan bir vaxtda G.Mövludun futbolla bağlı yazdıqları birmənalı qarşılanmayıb. Yazıçı sosial şəbəkə hesabında bu oyuna azarkeşlik edənlərin bekar olmasına eyham vurub: “Mən heç vaxt 90 dəqiqə oturub 22 kişinin top oynamasına baxacaq qədər bekar və ya vaxtıma qarşı məsuliyyətsiz olmamışam. Modellərlə evlənən, pornoulduzlarla sevişən, üzqırxan reklamına çəkilməkdən başqa bəşəriyyətə faydası olmayan milyonçu oğlanlara mən niyə azarkeşlik etməliyəm ki?.. Messinin də ancaq adını eşitmişəm, heç üzdən tanımıram” .
Yazıçının sözlərinə görə, o, “Qarabağ” və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevi Almaniya yığmasını lağa qoyandan sonra tanıyıb: “Bu hoqqanı çıxarmasaydı, onu da üzdən tanımırdım. Qeyri-ciddi adamdır da”.
G. Mövlud paylaşımında növbəti dəfə bildirib ki, tanıdığı heç bir ciddi kişi futbolla maraqlanmır: “Oğlumun məktəbində futbol komandası var, şagirdlərdən ibarət. Deyirəm, niyə qoşulmursan komandaya? Deyir, məni intellektual oyunlar daha çox maraqlandırır. Səkkiz yaşında uşağın anladığı gerçəyi yekə-yekə adamlar anlamır. Maykasını cıran, evini oyuna qoyan, ağlayan adamları görəndə ancaq və ancaq təəssüflə başımı bulayıram. Onların yerinə ispan utancı keçirirəm. İki əlimlə üzümü qapamaq istəyirəm utandığımdan. Tanıdığım heç bir ciddi kişi də futbolla maraqlanmır. Meyxana dinləmək futbola baxmaqdan min dəfə şükürlüdür”.
Bundan başqa, “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu da futbola tənqidi yanaşıb. Onun fikirləri izləyicilərini təəccübləndirib və onlar daim kitabların içində olan bir şəxsi digərlərinin fikirlərinə hörmət etməməkdə ittiham ediblər. Belə ki, Şahbaz Xuduoğlu öz paylaşımında futbolu qlobal cəhənnəm adlandırıb: “Hara baxıram, futbol. Hər kəs futboldan danışır. Məncə, futbol qlobal cəhənnəmdir. Kim ora düşür, çıxa bilmir.
Teatr, kino, muzeylər, səyahətlər, sərgilər olduğu halda futbol nədir ki?! Pivə içə-içə futbola bax, sonra da bokalı rəqib komandaya azarkeşlik edənin başına sıx. Bu nə deməkdir? Bu, kütləvi psixozdur”.
Hər iki paylaşıma yüzlərlə şərh gəlib, sosial şəbəkə istifadəçiləri ziyalıların futbola baxanların hamısına eyni cür yanaşmasını qəbul etməyiblər. Qeyd edilib ki, idman oyunları təkcə fiziki güc yox, eyni zamanda ani qərar vermək, düzgün taktika qurmaq və məntiqi hərəkətlər etməyə əsaslanır. Onlar insanları maraq dairələrinə görə ittiham etməyin yolverilməz olduğunu bildiriblər.