Son Xəbər:
Tarix: 23-05-2020, 22:47
Allaha şükür, səhhətimdə dəyişikliklər müsbətə doğru gedir. Hazırda özümü yaxşı hiss edirəm. Müalicəmin gedişi nikbinliyə əsas verir. Qanımdan analiz verimişəm. Sevindirici məqam bu oldu ki, orda viris yoxdur. Qanda virus olanda, müalicə prosesi ləngiyir, daha çox vaxt aparır. Ağciyərlərdə pnevmaniya var ki, onunla bağlı müalicə yazılıb. Gündə 3-4 dəfə sistem qoşulur, 5-6 dərman atıram", bunu koronavirusa yoluxan azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy bildirib.
Hazırda müalicə prosesi gedən təcrübəli həmkarımız bir həftədi onu müalicə edən həkimlərin böyük diqqətini gördüyünü qeyd edib: "Tibb işçiləri işlərinə çox ciddi yanaşırlar. Xüsusilə həkim Şərəf Hüseynovaya və böyük tibb bacısı Könül Vəliyevaya dərin minnətdarlığımı bildirirəm. Hər gün dəfərlələ həratətimi, qan təzyiqimi yoxlayırlar. Xəstələrə böyük diqqət, qayğı var, şərait ən yüksək səviyyədədir. Bunadək 5 gün köhnə "Semaşko"daydım. Üç gündür Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olunuram. Dünən hərarətim 39 dərəcə olmuşdu. Həkim dedi ki, təhlükəli deyil, narahat olma. Hərarətin olmağı bədənin immunetitinin göstəricisidi. İynə vurdular, hərarətim aşağı düşdü. Onu da sizə deyim ki, hərarətim hərdən artanda, özümü narahat hiss etmirəm. İynə də vurulmasa, bir neçə saata keçib gedir".
A.Cəfərsoy müalicə prosesinin nə vaxt başa çatacağının hələ ki, bilinmədiyini söyləyib: "Adətən 5-7 gün müalicə prosesi olur. İlk testimi mayın 15-də vermişdim, cavabı neqativ çıxmışdı. Üç gün sonra gəldim xəstəxanaya. burnumdan, boğazımdan test götürdülər. Bir neçə gün sonra "Semaşko"da mənə dedilər ki, testinizin cavabı pozitiv çıxıb, sizdə koronavirus aşkarlanıb. Buna görə də məni hazırda olduğum yerə gətirməyə qərar verdilər".
Supersport.az saytının baş redaktoru olan həmsöhbətimizin ailəsində koronavirus özünə qədər anasında aşkarlanıb. Anardan anasının vəziyyətini soruşduqda çox ağır olduğunu diqqətimizə çatdırdı: "İnşallah, qismət olsa, avqustda 70 illik yubileyi olacaq. Anamda da birinci testin cavabı neqativ olmuşdu. Sonra apardıq xəstəxanaya, orda verilən ikinci testin cavabı pozitiv olduğu aşkarlandı. Allah ona yardım eləsin, pnevmaniyanın ən kəskin formasıdı. Çox təəssüf ki, anamın qanında koronaviris aşkarlandı. Bu da əlavə müalicə almalı olması deməkdi. Böyrəyi dializ olunur. Əvvəl şəkərli diabeti yox idi, indi bu xəstəlik də çıxıb. Bunun ürəyə də mənfi təsiri var. Bildiniz kimi, ümumiyyətlə, şəkərli diabetin bütün orqanlara mənfi təsiri var. Bir sözlə, anam neçə müddətdir xəstəliklə çarpışır".
A.Cəfərsoy "Facebook" sosail şəbəkəsində şəxsi səhifəsində koronavirusa tutulmasıyla bağlı məlumat paylaşandan sonra ona çox diqqət göstərildiyini söyləyib: "Allah hamısından razı olsun. Heç kimdən ummuram ki, mobil nömrəmə yığaraq, halımdan xəbərdar olsunlar. Onları da narahat eləmək istəmirəm. Özünüz bilirsiniz ki, telefonla danışanda, xəstənin özü də narahat olur. Saytınız vasitəsilə həmkarlarıma, ümumiyyətlə, çalışdığı sahədən asılı olmayaraq mənimlə maraqlanan cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin hər birinə böyük təşəkkürümü çatdırıram. Yəni, "Allah şəfa versin" sözü belə mənim üçün böyük dərmandır. Hər bir şeyi heç vaxt pulla ölçmürəm. "Qarabağ" mediaya hər zaman xüsusi diqqət göstərdiyini bu dəfə də nümayiş etdirdi. Klub rəhbərliyindən direktor Əmrah Çəlikəl şəxsən mənimlə əlaqə saxlayaraq, istər mənəvi, istərsə də maddi dəstək veriləcəyini bildirdi. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da mənə telefon açaraq vəziyyətimlə maraqlandı, dəstəyini göstərdi. Buna görə onlara, "Qarabağ" klubuna dərin minnətdarlığımı bildirirəm".
Həmkarımız Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) ona göstərdiyi diqqəti də xüsusi qeyd etməyi lazım bildi: "Bu qurumun da zəhmətini yerə vura bilmərəm, ədalətsizlik olardı. Başda prezidenti Qabil Mehdiyev olmaqla AİJF-yə, onun İdarə Heyətinə, bütün üzvlərinə mənə göstərdikləri dəstəyə görə "çox sağ ol" deyirəm. Yeni yaranan qurum olmasına baxmayaraq, media əhlini diqqətdə saxlayır. Qabil müəllim mənimlə əlaqə saxlayaraq, rəhbərlik etdiyi federasiyanın daim yanımda olmasını söylədi, şəfa dilədi, koronavirusa qalib gələcəyimə inamını bildirdi. Bundan əlavə, AİJF mənə maliyyə yardımı da elədi - hesabıma 300 AZN məbləğində pul köçürüldü. Allah köməkləri olsun. Açığı, ummurdum, Mehdiyevin zəngi belə böyük mənəvi dəstək oldu".