Son Xəbər:
Tarix: Bugün, 09:17
Füzuli Beynəlxalq Hava Limanında "Aerokosmik Modelçilik Festivalı 2026" keçirilib.
Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Festival Gənclər və İdman Nazirliyi, Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi", Milli Aviasiya Akademiyası və "Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və ilk türk astronavtı Alper Gezeravcı çıxış ediblər.
Gənclər və İdman Nazirliyinin fəaliyyətinin 32-ci ildönümünə həsr olunan tədbirlər silsiləsi çərçivəsində keçirilən festival gənclərin hazırladıqları aerokosmik modellərin, innovativ layihələrin və texnoloji həllərin nümayişi üçün mühüm platforma rolunu oynayır.
Artıq dördüncü dəfə təşkil olunan festival iki mərhələdə, 12 kateqoriya üzrə keçirilib. Yarış proqramına "S-3-B Paraşüt", "S-3-C Paraşüt", "S-4-D Raketaplan", "S-6-A Streamer", "S-6-B Streamer", "S-6-C Streamer", "Peyk Modelçiliyi" (CubeSat), "Startap" (Aerospace), FPV dron və təyyarə modelçiliyi ilə yanaşı, ilk dəfə "Naqilsiz rabitə" və "Səmt müəyyən etmə" texniki idman növləri də daxil edilib. Bununla yanaşı, intellektual müsabiqələr, helikopter və təyyarə modellərinin aviaşou xarakterli nümayişləri təşkil olunub.
Daha əvvəl festival barədə qısa məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında yayılıb.