Son Xəbər: UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır,

Buğda ucuzlaşır, çörəyin qiymətinə necə təsir edəcək?

Buğda ucuzlaşır, çörəyin qiymətinə necə təsir edəcək?

Tarix: 31-10-2022, 10:25

Azərbaycana idxal edilən buğdanın qiyməti son bir neçə ayda enməkdədir. Ötən ildən başlayaraq ölkəyə gətirilmiş buğdanın bahalaşması fonunda unun və çörəyin qiymətinin artdığını nəzərə alanda ucuzlaşma da əks proses haqda fikir yürütməyi zəruri edir. 

Bəs real vəziyyət necədir, bu səbəb unun və çörəyin ucuzlaşmasına gətirib çıxara bilərmi? 

Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq statistik göstəricilər əsasında aparılan hesablamalara əsasən, iyul ayından başlayaraq ölkəyə idxal olunan buğdanın qiyməti enməkdədir. Belə ki, ötən ildən başlayaraq artan qiymət bu ilin iyun ayında ən yüksək həddə - bir tonu orta hesabla 419,24 ABŞ dollarına yüksəlsə də, sonrakı aylarda enməyə başlayıb. Sentyabr ayında ölkəyə idxal edilmiş bir ton buğdanın orta qiyməti iyun ayı ilə müqayisədə 20,1 faiz azalaraq 334,79 ABŞ dolları olub. Sentyabr ayındakı orta qiymət mart ayından sonra ən aşağı göstəricidir.  

“Taxıl dəhlizi” sazişinin qiymətə təsiri nəticəsində buğdanın ucuzlaşmaqda davam edəcəyi gözlənilə bilər, amma... Söhbət ondan gedir ki, Rusiyanın Ukraynaya raket zərbələrinin “Taxıl dəhlizi” sazişini təhdid etməsi fonunda Çikaqo əmtəə birjasında buğdanın son üç ayın ən yüksək həddinə yüksəlməsi ucuzlaşmanın davam edəcəyi gözləntisini risk altına alır.

Ancaq burada başqa nüanslar da var. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən türkiyəli jurnalistlərə müsahibəsində deyib ki, “Taxıl dəhlizi”nin uzadılması üçün heç bir maneə yoxdur. O, belə qənaətə Ukrayna və Rusiya Prezidentləri ilə danışıqlardan sonra gəldiyini bəyan edib. Türkiyə Prezidenti hesab edir ki, bu istiqamətdə yarana biləcək hər hansı bir maneə aradan qaldırıla bilər. 

Hərçənd ki, Ukrayna Rusiyanı razılaşmanın tam icrasına qəsdən mane olmaqda ittiham edib. “Reuters” agentliyinin məlumatına görə, Ukraynanın İnfrastruktur Nazirliyinin “Telegram” kanalında yaydığı bəyanatda deyilib ki, ölkənin limanlarının potensialının yalnız 25-30 faizindən istifadə etmək olur.  Agentlik, həmçinin “Agrotrade” taxıl ticarət firmasının rəhbərinin fikirlərindən sitat gətirərək “Taxıl dəhlizi”nin az da olsa işləsə də “qeyri-sabit” olduğunu yazıb. Yazıda qeyd edilib ki, Rusiyanın “taxıl dəhlizi” ilə bağlı sazişin müddətinin noyabr ayının 19-dan sonra uzadılmasına razı olub-olmayacağı ilə bağlı narahatlıqlar artmaqdadır. 

Lakin buğdanın ucuzlaşmasının qarşısını alacaq tək səbəb “taxıl dəhlizi” sazişini Rusiya-Ukrayna müharibəsinin təhdid etməsi deyil. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayında dünya bazarlarında buğdanın qiyməti 2,2 faiz artıb. Ümumilikdə isə qlobal ərzaq qiymətləri 6 aydır ki, enməkdə davam edir. FAO-nun sentyabr ayı üzrə açıqladığı məlumata görə, taxıl istisna olmaqla digər ərzaq məhsulları qrupları üzrə (ət, bitki yağı, süd və şəkər) qiymət indeksləri azalıb. FAO-nun Taxıl qiymətləri indeksi sentyabr ayında orta hesabla 147,8 bənd təşkil edib ki, bu da avqust ayına nisbətən 2,2 bənd (1,5 faiz) və 2021-ci ilin sentyabr ayı ilə müqayisədə isə 14,9 bənd (11,2 faiz) çoxdur. Qurum sentyabr ayında buğdanın bahalaşmasını “Taxıl dəhlizi” sazişinin noyabr ayından sonra davam etdirilməsi ilə bağlı artan qeyri-müəyyənliklə bərabər, Argentina və ABŞ-da hava şəraitinin yaratdığı narahatlıqlar, eləcə də Avropa İttifaqında tələbatın artması ilə izah edib. Hərçənd ki, “Taxıl dəhlizi” razılaşmasının noyabrdan sonrakı “taleyi” ilə şübhələrin kökündə Ukraynadan çıxan taxıl məhsullarının əsasən Avropa ölkələrinə göndərilməsi dayanır.
Buğda ucuzlaşır, çörəyin qiymətinə necə təsir edəcək?
İstənilən halda Azərbaycanın buğda idxalının son üç aylıq, o cümlədən sentyabr ayının göstəriciləri onu deməyə əsas verir ki, sözügedən hadisələr yerli təchizata əngəl törətməyib. 9 ayda idxalın  az qala yarısı - 47,5 faizi son üç ayın payına düşüb. Təkcə sentyabr ayında buğda idxalının həcmi ümumi idxalın 27,5 faizini təşkil edib. Başqa sözlə, mövsümdən əlavə, qiymətin əlverişli olması idxalın əsas hissəsinin bu müddətdə reallaşmasına imkan verib. Bu baxımdan buğda idxalında sonrakı dövrdə baş verəcəkləri təxmin etmək üçün Azərbaycanın əsas tədarükçüsü olan Rusiyaya fokuslanmaq daha məqsədəuyğundur. 

Əvvəlcə ondan başlayaq ki, Rusiyanın buğda ixracında çətinliklər yaranıb. Nəticədə cari ilin iyul-avqust aylarında buğda satışı əvvəlki ilin eyni dövrünə nisbətən 22 faiz azalıb. Rusiya mediasının məlumatına görə, təkcə dünyanın 35-dən çox ölkəsinə məhsul satan Rusiyanın “Rusagro Group” şirkətinin buğda satışı bu ilin üçüncü rübündə 56 faiz azalıb. “Bloomberg” agentliyi vurğulayır ki, qida məhsulları sanksiyalara məruz qalmasa da, bəzi banklar və gəmiçilik şirkətlərinin Rusiya ilə iş görməkdən yayınırlar. 

Ancaq ixraca çətinlik yaradan təkcə banklar və gəmiçilik şirkətləri deyil. TASS-ın kənd təsərrüfatı bazarlarının öyrənilməsi üzrə ixtisaslaşan “Sovecon” şirkətinə istinadən yaydığı məlumata görə, səbəb cənub bölgəsi üzrə ixrac rüsumlarının artması və rublun möhkəmlənməsi, digər regionlarda isə tələbin nisbətən aşağı olması fonunda təklifin yüksək olmasıdır.   
2022-ci il Rusiyada rekord miqdarda taxıl məhsulu gözlənilir. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, taxıl yığımının 150 milyon tona çatacağı gözlənilir ki, bunun da təxminən 100 milyon tonu buğdadır. Buğda ilə bağlı proqnoz reallaşarsa, bu, son 5 ildə ən yüksək göstərici olacaq. Ötən il 76,1 milyon ton buğda yığılmışdı. Nəticədə şimal qonşumuz hazırda gələn il üçün buğda ixracı kvotasını artırmağı nəzərdən keçirir.  

Ekspertlər bu amilləri nəzərə alaraq Rusiya buğdasının qiymətinin enəcəyini proqnozlaşdırılır. Vurğulanır ki, tərkibində 12,5 faiz zülal olan buğdanın ixrac qiyməti orta hesabla bir tonu FOB şərti ilə 328 dollardan 322,5 dollara düşüb.  

Yaxın müddətdə Rusiyanın Azərbaycanın buğda idxalındakı mövqeyində ciddi dəyişikliyin olmayacağını nəzərə alanda, qiymətlə bağlı sonrakı gedişatı müəyyən etmək çox da çətin deyil. Digər tərəfdən birjalarda buğdanın qiyməti arta biləcəyi qədər yüksəlib və hazırda azalma istiqamətində dəyişməkdədir. İstehsalın artması və qlobal iqtisadi artımla bağlı narahatlıqlar digər ərzaq məhsulları kimi buğdadan da yan keçmir. “Taxıl dəhlizi” sazişinin müddəti uzadılarsa, bu prosesin daha da sürətlənəcəyi istisna deyil.    

Bütün bunlara baxmayaraq, son üç ayda buğdanın idxal qiymətinin azalması özünü ölkədə unun topdansatış qiymətində əhəmiyyətli dərəcədə göstərməyib. Belə ki, avqust ayında iri un və çörək istehsalçılarının birgə məlumatında 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində ən yüksək topdansatış qiymət həddinin 40,70 manat müəyyənləşdirildiyi qeyd edilmişdi. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin açıqladığı son məlumata görə, 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində qiyməti 40 manatdır. Beləliklə, ölkəyə idxal olunan buğdanın orta qiyməti iyunda qeydə alınmış ən yüksəklə müqayisədə sentyabrda 20,1 faiz azalsa da, 50 kiloqramlıq bir kisə unun qiyməti 1,7 faiz enib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və çörək məmulatlarının qiyməti sentyabr ayında əvvəlki ayla müqayisədə 4,8 faiz artıb. 

Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdədir.

“Qafqazinfo”





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR