Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Azərbaycanlı tarix müəllimi necə bədbəxt oldu?

Azərbaycanlı tarix müəllimi necə bədbəxt oldu?

Tarix: 2-03-2020, 07:57

Tələbə vaxtlarımda Səməd adlı qonşum vardı. Yaşı 40-ı adlayan Səməd yaxınlıqdakı məktəbdə tarix müəllimi işləyirdi. İmkan düşdükcə söhbətləşərdik. Haldan-hala düşən adamıydı, şaqqanaq çəkdiyi yerdə qəflətən təhəri dəyişərdi, üzü çönərdi. Süst, quru halda siqaret çəkərkən bu dəfə çönüb olurdu gülərüz, söhbətçil tarixçi. Mənə elə gəlirdi ki, Səmədin əsas problemi düşünməklə bağlıdır. Bir az xəyala dalan kimi emosiyaları cilddən-cildə girir.
2 oğlu və arvadıyla kirayədə yaşayırdı. Deyirdi ki, son 5 ildə 20 ev dəyişmişik. Sonra zarafatla əlavə edirdi ki, belə çox ev dəyişməyimin səbəbi ev sahibinin müəllim olduğumu bilə-bilə kirayə haqqını gecikdirdiyim üçün məni "qaqa" deyə çağırıb, "ağsaqqal" deyə yola salması olub. Hər halda, mən bu sözləri zarafat kimi qəbul edirdim, bəlkə də ciddiymiş.
Bir gün məhəllədəki səs-küyə görə yolumdan qaldım. Yaxınlaşdım ki, Səməd tutaşan oğlan uşaqlarını aralayır. Biri öz oğluydu. Təmkinlə hər iki oğlan uşağına səbrli davranmağı, mübahisə, dava etməməyi, bir-birilərini qucaqlayaraq hər şeyi unutmalarını tövsiyə etdi. Danışdıqca sözlərinin mistik gücü uşaqları da mənim kimi ona inanmağa vadar etdi. Qucaqlaşdılar. Elə bu vaxt yan tərəfdəki nəhəng darvazadan bir neçə sexi olan varlı qonşum çıxdı. Dalaşan digər oğlanın atasıydı. Qucaqlaşan uşaqların hərəsini bir tərəfə itələdi. Sonra yoğun barmağını havada fırlatdı və barmaqlarını cütləyib əvvəlcə öz gözlərinə, sonra Səmədin oğluna sarı uzatdı. Bu, gözünü çıxararam demək idi. Ara qarışdı. Varlı qonşum məzmunsuz cümlələrlə, kobud əl-qol hərəkətləriylə silahlanıb cumdu Səmədə. Səbrli müəllim isə onu sakit olmağa, mədəni davranışa çağırırdı. Varlı qonşum Səmədin dəvət etdiyi səviyyəyə "enmək" istəmədi. Söyüşlə, kinlə Səmədi tamam susdurdu. Dedi ki, sən kimsən? Müəllim! Harada işləyirsən? Məktəbdə! Maaşın nə qədərdir? Qəpik-quruş? Evin var? Yoxdur? Maşının var? Heç sürməyi bilmirsən, hardan olacaq! Necə dolanırsan? İt günündə! Guya savadlısan. Amma bilmirsən ki, indi ağlı yox, cibi böyük olanlar güclüdür. Hələ utanmadan oğluma ağıl öyrədirsən. Niyə, istəyirsən, o da sənin kimi nərmənazik müəllim olsun? 7-ci sinifdən oxumağın başını buraxmışam. Amma gördüyün kimi hər şeyim var. Evim sənin yuxuda ağzından su axa-axa gördüyün saraylardan biridir. Maşınımın təkəri 2 aylıq maaşından çoxdur. Götür oğlunu, sürüş burdan! Varlı kişinin sözləri qarşısında Səməd nəsə tapıb deyə bilmədi. Gördüm tir-tir əsir. Sanki danışmaq istəyirdi, varlı qonşusunun eybəcər həqiqətləri onu cavab haqqından məhrum etmişdi. Səməd oğluyla birlikdə çıxıb getdi.
İlk dəfə bir müəllimin necə sındığının şahidi oldum. Elmin gücə, ağlın sərvətə, səbrin hikkəyə məğlub olduğunu gördüm. Bəli, Səməd danışmalı, dil-dil ötüb ağıl verməli, tarixi misallar çəkməli olduğu halda susmuşdu. Ağzı qıfıllanmışdı. Varlıların kasıblar qarşısında özlərinin yeritdiyi imtiyazların xofundan gözləri böyümüşdü. Yalnız tarixi eşələyib hansısa kasıbın varlıya qalib gəlməsi əks olunan hadisəylə təsəlli tapmalıydı.
Başqa bir vədə Səmədi bu dəfə kök, buxaqlı dükançının danladığı ilə rastlaşdım. Yığılıb-qalan borcunu istəyirdi. Səmədsə and-aman edirdi ki, maaşı alan kimi qaytaracaq. Dükançı irişib dedi ki, barı sən maaşdan danışma də. Adını kişi qoymusan, 2 aydır borcunu qaytarmırsan. Müəllimlik nə vaxtdan kişi sənəti olub axı? Niyə özünə əziyyət verib daş qaldırmırsan? Niyə maya qoyub çayxana açmırsan? Zavallı şagirdlər borc içində üzən müəllimdən nə öyrənəcəklər? Kim səni adam yerinə qoyacaq? Səməd dinmədi, başını aşağı saldı. Üz ifadəsi dəyişdi. İlk dəfə nifrət hissinin bir insanı necə eybəcər, çarəsiz göstərdiyini belə əyanilikdə anladım. Ağıllı tarixçinin növbəti dəfə savadsız bir adam tərəfindən sındırılması, mahiyyətinin "faş edilməsi" içimi göynətdi. Mənə elə gəlirdi ki, Səməd də get-gedə peşəsindən ürpənir. Cəmiyyətin  müəllimə hansı gözlə baxdığını anlayıb. Peşmandır.
Səmədi son dəfə arvadı ilə ağızlaşarkən gördüm. Oradan köçürdüm. Onun bu səmərəsiz işi, az əmək haqqı, yerin dibinə girən hörməti arvadını da bezdirmişdi. Qışqıra-qışqıra deyirdi ki, ya özünə başqa iş tap, ya da uşaqları da götürüb gedəcəm atamın xarabasına. Səməd yenə lal olmuşdu. Çəlimsiz bədəni əyilmişdi. Gözlərində elm, təhsil vermək ehtirası, həvəsi naminə yaşadığı bəlaların hamısı xronoloji ardıcıllıqla əksini tapmışdı. Bu, bir müəllimin necə məhvə doğru irəlilədiyini, bəlkə də çatdığını anladırdı. Cəmiyyət bir müəllimi fəhlə, sex yiyəsi, zavod müdiri görmək üçün nə vaxtsa bu qədər əldən-ayaqdan getməmişdi. Səmədi qınaya-qınaya, söyə-söyə dəyişdirmək istəyirdilər. Müəllimlik adını biryolluq yaşddaşından silməliydilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR