Son Xəbər:
Tarix: 5-01-2023, 16:07
Azərbaycanda minimum əməkhaqqının və əmək pensiyasının məbləği artırıldı. 2023-cü ildən etibarən ölkədə minimum əməkhaqqının məbləği 345 manata, əmək pensiyasının minimum məbləği isə 280 manata çatdırılıb.
Artımlarla bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu, qiymət artımına səbəb ola bilər:
"Azərbaycanda bəzi yazılmamış qanunlar var. Belə ki, maaşların, təqaüdlərin artımı xəbərinin özü belə qiymət artımını tətikləyən bir faktordur. İllərdir bu belə davam edir. Yəni, xəbərin özü çıxan kimi, məlum olur ki, artıq bazarlarda qiymətlərin artımı daha da sürətlənib.
Buna bənzər mənzərə ilə yenə qarşılaşa bilərik, çünki dəyişən bir şey yoxdur. Bu xəbərlərin özü istər-istəməz qiymət artımının sürətinə təsir göstərəcək. Biz bu qiymət artımını Novruz bayramından sonrakı dövrə qədər hiss edəcəyik. Bu, həmişə belə olub. Yeni il qabağı qiymətlər artır, qiymət artımı Novruz bayramına qədər davam edir. Bayramdan sonra, yay aylarında isə qiymətlərdə bir az sabitləşmə müşahidə olunur.
Rəsmi rəqəmlərə baxsaq, Azərbaycanda inflyasiya 14% olub. Minimum əməkhaqqının məbləği isə 300 manat idi. 300 manatın 14 faizi 42 manat edir. Bu gün isə minimum əməkhaqqının məbləği 345 manata çatdırılıb. Bu, inflyasiyanın indeksləşdirilməsi deməkdir. Problem budur ki, rəsmi inflyasiya rəqəmləri insanları çox az maraqlandırır.
Birincisi, ərzaq inflyasiyası daha vacibdir, çünki insanlar qazanclarının yarıdan çoxunu ərzağa xərcləyir. Ötən il ərzində ərzaq inflyasiyası 22% idi. Hətta bu da doğru rəqəm deyil. Belə ki, ərzaq inflyasiyası ümumi, yəni 560 adda ərzaq məhsuluna görə hesablanır. Buna baxmayaraq, əhalinin ən çox istifadə etdiyi cəmi 30 adda məhsul var. Onlar gündəlik tələbət malları hesab edilir. Həmin məhsulların inflyasiyası daha yüksəkdir. Burada təxminən 40%-ə yaxın infylasiyadan söhbət gedir. Bütün bunları nəzərə alsaq, təbii ki, bugünkü maaş, təqaüd artımları ərzaq inflyasiyasına adekvat deyil", - deyə o qeyd edib.