Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Səddam Hüseyndən girovları qurtaran, müharibədən imtina edən superqəhrəman - FOTO

Səddam Hüseyndən girovları qurtaran, müharibədən imtina edən superqəhrəman - FOTO

Tarix: 29-03-2020, 15:54

O, təkcə məşhur boksçu olmayıb. Həyatında qazandığı çempionluqların, medalların təməlində əslində kədər, göz yaşları dayanıb.
Milli.Az bildirir ki, apasport.az saytının "Ulduzlar" rubrikası bu dəfə tarixin bir nömrəli boksçusu Məhəmməd Əliyə həsr edilib.
Boks tarixinə adını qızıl hərflərlə yazdıran, irqçiliyə qarşı savaşan və müsəlmanlığı kəşf edən Məhəmməd Əli insani keyfiyyətləri ilə özünü sevdirməyi, kütləni təkcə rinqdə deyil, istənilən yerdə coşdurmağı bacaran əfsanə olub. Göstərdiyi sehr nömrələri ilə hətta dahi sehrbaz Devid Koperfilddən belə, tərif alacaq qədər yaxşı idi. İslam dinini qəbul etdikdən sonra bir daha sehrbazlıq etmədi. Bu, onunla bağlı kiçik, amma təsiri böyük olan məlumatlardan biridir. Bugünkü yazıda Məhəmməd Əlinin həyat hekayəsindən bəhs edəcəyik...

6 aylığında yumruqla anasının dişini qırıb
Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki ştatının ən böyük şəhəri olan Luisvildə Odessa Qredi Kley və Kassius Marselyus Kley cütlüyünün iki oğlundan biri kimi dünyaya gəlib. Ailəsi ona Kassius Marselyus Kyel Junior adını verib. Afrika və İrlandiya əsilli olan Məhəmmədin atası Kassius küçələrdə lövhələri boyayan, anası Odessa isə xadiməçi işləyib. Hələ 6 aylıq olarkən yumruqla anasının dişini qırıb. Atası oğlunun müəllim və ya vəkil olmasını istəyirdi. Amma onu bir gün rinqdə gördüyü zaman fikrini dəyişəcəkdi. Həmin andan etibarən oğlu ilə həmişə fəxrlə danışaraq, "mənim oğlum dünya çempionu olacaq" deyərdi.

Velosiped oğurluğu sayəsində verilən qərar
Məhəmməd boksla 12 yaşında tanış olub. 1954-cü ildə atası Yeni il hədiyyəsi kimi ona qırmızı velosiped alıb. Velosiped bir bazarda oğurlanıb. Balaca Məhəmməd ona kömək edəcəyi ümidi ilə polis axtarışına çıxıb. Təkbaşına velosipedini tapa bilməzdi. Üstəlik, irqçiliyin ən çox yayıldığı dönəm idi. Velosipedinin ardınca ağlayan bir qaradərili uşağa hansı polis yaxın durardı? Çadırların birində boks döyüşü izləyən bir polis görür. Polis nə ona, nə də şikayətinə məhəl qoyurdu. Elə həmin anda balaca Məhəmməd ürəyindən həm polisi, həm də velosipedini oğurlayanı rinqdə əsl boksçu kimi yerə sərmək arzusuna düşüb. Boksçu olmağa da bu hadisədən sonra qərar verib. "Columbia Gym" adlı idman zalında boks məşqçisi Leo Elsbi Martinlə tanış olduğu zaman yaşadığı acı xatirənin üstündən çox vaxt keçməmişdi. Özünə bunu daim xatırladaraq böyüyüb. Məşqçisinin tapşırıqlarını tez qavrayır, digər uşaqlardan seçilirdi. Qısa müddət sonra həvəskar boksçu kimi Milli AAU turniri və "Qızıl əlcək" çempionatına qatılıb. Bu dünyaya idmançı olmaq üçün gəlmişdi, anadangəlmə istedadı var idi. Özünə də söz vermişdi: "Bu gün çox çalışacağam və ömrümün sonuna qədər çempion kimi yaşayacağam". Kiçik bir idman zalında başlayan bu yolçuluq əyalət səviyyəsində 6 titul qazandıqdan sonra bir macəraya yelkən açıb. Onu tam başqa həyat gözləyirdi. İnandığı hər şeyi bir gün dəyişəcək və ağır çəkili çempionluq titulunu qazanacaqdı.

Uçmaqdan qorxan superqəhrəman
Məhəmməd artıq 18 yaşında idi və adı Amerika hüdudlarını aşmışdı. Artıq dünyaya meydan oxumaq vaxtı idi. 1960-cı ildə Roma Olimpiadasına qatılan idmançılar sırasında yer alıb. Amma kiçik bir problem var idi: rinqdə böyüyən Məhəmməd Əli uçmaqdan qorxurdu. Heyətin Romaya təyyarə ilə gedəcəyini öyrəndiyi zaman "hava gəmisi"nə minməmək üçün müxtəlif bəhanələr gətirib. Bu, boksçu üçün təkcə ölkə sərhədini keçmək yox, həm də öz sərhədini aşmaq idi. Məşqçisi Martinin israrı onu çətinliklə də olsa fikrindən daşındırıb. Amma yenə də təyyarəyə minərkən əvvəlcə paraşüt geyinib. Yolboyu paraşütü belindən çıxarmayıb, təyyarə eniş edənə qədər qan-tər içində yalnız dua etməklə məşğul olub. Buna şahidlik edən yoldaşları boksçunu uçmaqdan qorxan superqəhrəman kimi çağırıblar. Məhəmmədin gələcəkdə görəcəyi ilk iş bütün heyətin yerləşə biləcəyi böyüklükdə avtobus almaq olub. Belədə bir daha təyyarəyə minməmək üçün səbəbi olacaqdı.

18 yaşda gələn ilk qızıl
Məhəmməd Əli 1960-cı ildəki Olimpiadada qızıl medal qazanaraq, həvəskarlıqdan peşəkar liqaya doğru ilk addımını atıb. Bu çempionluq ona həm də böyük şöhrətin qapısını açıb. Atası oğlunun Luisvildəki bütün görüşlərini izləyib. Ancaq başqa şəhərlərdəki döyüşlərinə getmək üçün maddi imkanı olmayıb. Xüsusən də, atasının daim dəstəyini hiss etdiyi üçün şanslı idi. Atası Romadakı Olimpiadanı izləyə bilməsə də, Məhəmməd həmin yarışdan etibarən başqa bir dünyaya yelkən açmışdı. Romadan Amerikaya əlində qızıl medalla dönməyin sevincini yaşayırdı, gözünün önündən ayırmırdı. Onu sarsıdan bir hadisə yaşayana qədər həmin medalı boynundan çıxarmayıb.

Ofisiant qıza görə, olimpiya medalını gölə atıb
Adı hələ Kassius Kley idi. Bir gün yaxın dostu Ronni Kinqlə Luisvildəki bir restorana gedirlər. Çox keçmədən onlara yaxınlaşan ofisiant qız Kassiusa servis edə bilməyəcəyini söyləyir. Mədəni şəkildə "xanım, mən olimpiya çempionu Kassius Kleyəm" deyir. Ancaq bu da ofisiantı fikrindən daşındırmır. Məhz həmin an Məhəmməd Əlinin həyatındakı ən böyük məyusluq idi. Boynundakı medalı çıxarır və sürətlə restoranı tərk edərək, onu Ohayo gölünə atır. Bütün arzuların, xəyalların həmin medalla birlikdə gölün dərinliklərinə düşdüyü an idi. Bu hadisədən sonra özünü rinqdə rəqibinə deyil, irqçi ölkəyə zərbə vururmuş kimi hiss edib. Amerikaya olimpiya medalını qazandırmasına baxmayaraq, münasibətin dəyişməməsi əsəblərini daha da artırırdı. Çünki qaradərililərə qarşı haqsızlığa boyun əyməyəcəyinə hələ 12 yaşında söz vermişdi.

Müsəlmanlığı qəbul etmə səbəbi
Bir gün küçədə gəzərkən qaradərili bir gəncin onu izlədiyini görür. Müsəlman olan həmin gənc onun bir dəqiqəlik içəri girməsini xahiş edir. Məkanda nə olduğuna dair maraq onu buna razı salır. Hələ Kassius adını daşıyan boksçu içəri daxil olduqda qaradərililərdən ibarət böyük kütlə ilə qarşılaşır. Onlar kürsüdə nitq söyləyən bir adama qulaq asırdılar. Onlara azad olmaqdan bəhs edən həmin şəxs müsəlmanlığı qəbul etdikdən sonra Malik əl-Şahbaz adını daşıyan Malkolm X. idi. İrqçiliyə qarşı uzun mübarizədən sonra 1964-cü ildə Həccə gedən Malik əl-Şahbaz əsl qardaşlığı orada gördüyünü söyləyir. Qaradərililərə qarşı irqçiliyin əleyhinə idi, amma ağdərililərə qarşı kin saxlamamağı da məsləhət görürdü. Bu, Kassiusun illərdir axtardığı bir mühit idi. Çox təsirlənmişdi və nəhayət, cəmiyyətdəki yerini tapdığını düşünürdü. Qardaşı Rudi Kley İslam dinini ondan tez qəbul edərək Rəhman adını alıb. Kassius da bu yolla gedərək Məhəmməd adını seçib. Onlar artıq Məhəmməd Əli və Rəhman Əli idilər. Ancaq bu, asan yaşayış olmayacaqdı.

Dünya çempionu Məhəmməd Əli
1964-cü ildə Sonni Listonu məğlub edərək dünya çempionu olduğu zaman Məhəmmədin 22 yaşı var idi. Artıq zirvədə onun adı çəkilirdi. Qaradərili olmasının unudulacağını düşündüyü üçün zəfərin ardından dinini dəyişdiyini və müsəlmanlığı qəbul etdiyini açıqlayıb. Hər kəs onu Məhəmməd Əli kimi tanıyırdı. Ancaq heç nə düşündüyü kimi olmayıb. Böyük təzyiqlə, etirazla qarşılaşıb. Amerikada rəsmi qurumlar onun nə adını, nə də dinini tanıyırdılar, hələ də Kassius Kley kimi qeyd edirdilər.

Musiqiçi karyerası
Boks, şübhəsiz ki, ən çox sevdiyi məşğuliyyət idi. Bu sahədə yüksələ biləcəyi ən uca zirvədə qərarlaşmışdı. Amma çox yox, 3 il sonra bu titul əlindən çıxacaqdı. Buna baxmayaraq, bu xoşbəxtliyi yaşayacağı 3 ili var idi. Boksla yanaşı, musiqiyə də böyük maraq göstərməyə başlayıb. Çempion olduğu il "I am the Greatest" adlı albomu işıq üzü görüb. Əsasən şerləri musiqiyə çevirməyi xoşlayırdı. "The Gang's All Here" adlı albomunda 60-cı illərin klassiklərini şərh edib. Ancaq ansambldakı valçı da müsəlman olduğu üçün onu sərt şəkildə tənqid edirdi. Nəticədə Məhəmməd Əlinin bütün albomları yığışdırılıb. Çətin dönəmdən keçsə də, musiqidən uzaqlaşmırdı. 1976-cı ildə növbəti albomu satışa çıxıb.

Müharibədən imtinaya görə lisenziyası əlindən alındı
1955-1975-ci illərdə Vyetnam müharibəsi yaşanıb. ABŞ 1963-1973-cü illərdə bu müharibəyə qoşulub. Məhəmməd Əli 60 min əsgərin öldüyü savaşa 1967-ci ildə yollanmaqdan imtina edib. "Mənim vyetnamlılarla heç bir anlaşmazlığım yoxdur. Kasıb bir xalqı məhv etməyə, öldürməyə kömək etmək üçün evimdən bu qədər uzağa getməyəcəyəm", demişdi. Buna görə də, çempionluğu və boks lisenziyası əlindən alınıb. Üstəlik, müharibəyə getmədiyi üçün 5 illik həbs cəzasına və 10 min dollar cəriməyə məruz qalıb. Lisenziyası və pasportu əlindən alınan Məhəmməd Əli iflasa uğradığını açıqlayıb. Ailəsi yanında idi. Amma bu qədər zəfərdən sonra vəziyyətin pisləşməsi onu sarsıtmışdı. Sanki 12 yaşına dönmüşdü. İki seçim şansı var idi: ya təslim olacaq, ya da yoluna davam etmək üçün döyüşəcəkdi. O, istənilən halda Vyetnam müharibəsinə qatılmaqdan imtina etmişdi. Ailəsi maddi cəhətdən dəstək verirdi, ancaq özü də nəsə etməliydi. Universitetlərdə ödəniş qarşılığında dərs keçir və bu yolla dolanırdı. Nəhayət, 1970-ci ildə məhkəmədə qalib gələrək, boksa geri dönüb. 12 yaşlı Kassius böyüyən Məhəmmədlə fəxr edə bilərdi.

İlk məğlubiyyəti və geridönüşü
1971-ci ildə "əsrin döyüşü"nə çıxıb. Co Freyzerlə qarşılaşan Məhəmməd Əli peşəkar boks karyerasında ilk dəfə məğlub olub. Məcburiyyətdən ayrı qaldığı 3 il, görünür hərtərəfli təsir etmişdi. Üstəlik, bu qədər fasilədən sonra Freyzer önünə cəmi 2 görüş keçirərək çıxmışdı. Mütəxəssislər onun buna hazır olmadığı qənaətində idilər. İlk dəfə yenildiyindən, hansı hissləri keçirəcəyini bilmirdi. Yeganə istəyi tezliklə yenidən çempion olmaq idi. Ken Nortonla görüşdə də çənəsi qırılmış və məğlub olmuşdu. Artıq karyerasının bitdiyi düşünülürdü. Amma Məhəmməd özünə inanırdı, təslim olmayacaqdı. Yaxınları da düşdüyü durumun müvəqqəti olduğuna əmin idilər. Bəlkə də, yalnız özü və ona güvənən azsaylı tanışları üçün çempion olmalı idi. Bundan sonra çempionluq tituluna yiyələnmək üçün bütün rəqiblərini ard-arda üstələməyi bacarıb. Ken Nortonla revanş görüşündə qırılan çənəsinin əvəzini artıqlaması ilə çıxıb. Amma hər şey bitməmişdi. 1973-cü ildə Co Freyzerlə ünvan döyüşü keçirməyə anlaşıb. Bunun üçün yalnız Co Freyzer - Corc Formen görüşü qalmışdı. Freyzer sürpriz şəkildə ikinci raundda nokautla uduzub. Belədə Məhəmməd Əli əvvəlcə Freyzer, sonra Formen ilə rinqə çıxmalı olub və ikisini də məğlub etməyi bacarıb. 1974-cü ildə Formenlə növbəti döyüşünə çıxıb. Rəqib favorit göstərilsə də, 8-ci raundda Məhəmməd Əli onu yerə sərməyi bacarıb. Floyd Pattersona da qalib gələrək, layiq olduğu ünvanı yenidən qazanan ikinci boksçu olub.

Onu qucaqlayan ilk ağdərili
Londonda ünvan döyüşünə çıxacaqdı. Rəqibi isə Henri Kuper idi. Kraliça Elizabet görüşdən əvvəl Kuperi saraya dəvət etsə də, Məhəmməd Əliyə analoji təklif olmayıb. Ancaq onun tək düşüncəsi qələbə qazanıb, boksçuların kralı olmaq idi. Əfsanəvi boksçunun xatirəsində isə həmin döyüş deyil, Londonda tanış olduğu Nevzat Yalçıntaş qalmışdı. Yalçıntaş Londonda ona yol yoldaşı olmalı idi. Səhər otelin lobisində boksçular arasında olan Məhəmmədə yaxınlaşan Yalçıntaş ona tanışlıq verir. Əl-ələ görüşdükdən sonra Nevzat boksçunu qucaqlayır. Məhəmməd Əli heç tanımadan onu qucaqlayan bu şəxsi buraxmaq istəmirdi. Yalçıntaş daha sonra Məhəmməd Əlinin ağladığını görüb, yanlış hərəkət edib-etmədiyini soruşur. Boksçunun cavabı isə belə olur: "Heç bir səhv etmədin. Bu günə qədər məni qucaqlayan ilk ağdərilisən".
Bu hadisədən bir müddət sonra İstanbula səfər edən Məhəmməd Əli Sultan Əhməd məscidində namaz qılıb və yüzlərlə insanın qarşısına çıxaraq, sevincini onlarla bölüşüb. Rəngi eyni idi, amma qarşısındakı insanlar ağdərili idi...

Üçüncü dünya çempionluğu və boksa "əlvida"
Məhəmməd Əli 1978-ci ildə Leon Spinkslə ilk dəfə qarşılaşıb. Birinci döyüşdə məğlub olsa da, rinqdə ikinci dəfə üz-üzə gəldikləri zaman qalib gələn Məhəmməd Əli olub. Bununla o, üçüncü dəfə dünya çempionluğu titulunu qazanan ilk boksçu kimi tarixə düşüb. 1978-ci ildəki həmin çempionluqdan sonra boksla vidalaşıb. Bir çempion kimi zirvədə getmək qərarına gəlib. Peşəkar idmançı karyerasında cəmi 5 dəfə məğlubiyyətlə üzləşib. 37-si nokaut olmaqla 56 döyüşdə rəqiblərinə qalib gəlib. 36 yaşına qədər davam etdirdiyi karyerası ərzində olimpiya və dünya çempionluğu ünvanını qazanan Məhəmməd Əli artıq bütün boksçuların kumirinə çevrilmişdi.

Həyat qurtaran
1981-ci ildə 21 yaşlı bir gənc intihara cəhd edib. Son arzu kimi Məhəmməd Əli ilə danışmaq istədiyini bildirib. Vyetnamlı olduğu bildirilən həmin şəxsin istəyi tezliklə boksçuya çatdırılıb. Heç kim onun gələcəyinə inanmırdı. Lakin xəbəri eşidər-eşitməz hadisə yerinə gələn Məhəmməd Əli gənclə yarım saatlıq söhbətdən sonra onu intihar etməkdən vaz keçirib. Ertəsi gün bütün qəzetlər hadisədən yazıb və Məhəmməd Əlinin bu cümləsi yayımlanıb: "Bir həyat qurtarmaq dünyanın bütün çempionluqlarından dəyərlidir".

Yenidən son iki döyüş
Boksla vidalaşdığını açıqlamışdı. Ancaq həmin dövrdə ən yaxşı boksçu ünvanını qazanmaq üçün revanş matç keçirilərdi. Bəzi mənbələrin yaydığı məlumata görə, Məhəmməd Əli böyük məbləğ qarşılığında Larri Holmes və Trevor Berbiklə döyüşməyə razılıq vermişdi. Amma məğlubiyyəti dramatik alınmışdı. 1984-cü ildə parkinson xəstəliyinə (mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir) tutulsa da, bunu hamıdan gizlədib. Bu səbəbdən rinqdə son çıxışı idi. Ardından həmin xəstəliklə uzun illər mübarizə aparmalı olub. Həkimlər bunu peşəkar boksla məşğul olduğu illərdə belə, digər idman növlərindəki tanınmışların duel çağırışına müsbət cavab verməsi ilə əlaqələndiriblər. Onlardan ən qəribəsi qarışıq döyüş sənəti ilə məşğul olan Antonio İnoki ilə görüş idi. Məşqçisi və meneceri bunları Məhəmməd Əliyə qarşı təxribat saysalar da, boksçu ona meydan oxuyanın cavabını mütləq verməli idi. Hər iki tərəf üçün şərtlər ortaya qoyulub, İnokinin yalnız beldən aşağı təpik vura biləcəyi qərarlaşdırılıb. Görüş 3:3 hesabı ilə nəticələnib. Həmin döyüşdə ayağına aldığı zərbələr Məhəmməd Əlinin gələcək həyatına da mənfi təsir göstərib. İnoki isə ondan 6 möhtəşəm yumruq "yeyib". Görüşdən sonra müsəlmanlığı qəbul edən Antonio İnoki karyerasını güləşçi kimi davam etdirmək qərarına gəlib.

Səddam Hüseynin əlindən girovları qurtarıb
Artıq rinqə çıxmırdı, amma hələ də Məhəmməd Əli idi. 1984-cü ildə ABŞ prezidenti Ronald Riqana yenidən bu vəzifəyə seçilməsi üçün dəstək verib. 90-cı illərdə bütün dünya gözünü İraqa dikmişdi. Küveyti işğal edən diktator Səddam Hüseyn ölkəsində yaşayan 2000 adamı girov götürmüşdü ki, onlardan 700-ü amerikalı idi. Körfəz müharibəsi olduğu vaxtda bir müsəlman kimi vəziyyətdən narahatlıq keçirən Məhəmməd Əli 1990-cı ildə şəxsən özü İraqın paytaxtı Bağdada gedib. Bağdada siyasət adamı kimi yox, müsəlman kimi getdiyini bildirən keçmiş boksçu girovların sərbəst buraxılması üçün Səddam Hüseynlə görüşüb. Amerikaya döndüyü zaman yanında girovluqdan qurtardığı 15 nəfər var idi. Onun bu addımı digər ölkələr üçün də nümunəvi olmuşdu.

Xilasedici geyimi ilə yardıma qaçıb
Girovları xilas etmə hadisəsindən sonra bir neçə dəfə buna bənzər elçi funksiyasını daşıyıb. 1996-cı ildə Atlantada təşkil edilən Yay Olimpiya Oyunlarında məşəli yandırmaq ona həvalə olunub. Vaxtilə həyəcan içində qatıldığı Olimpiadada bu dəfə təcrübəli azarkeş idi. 2012-ci il iyulun 27-də London Yay Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya bayrağını daşımalı idi. Ancaq parkinson xəstəliyinin artması səbəbindən həyat yoldaşının köməyinə ehtiyacı var idi. Əslində bu xəstəlik üzündən Miçiqandakı bağ evində gözlərdən uzaq yaşamağa üstünlük vermişdi. Lakin 2001-ci il 11 sentyabr hadisəsindən sonra nəsə etməkdə israrlı idi. Xilasedici geyimi ilə insanlara kömək etmək üçün hadisə yerinə yollanıb və insanlara bu şəkildə səslənib: "Məni ən çox narahat edən İslamın adının bu hadisə ilə hallanması və nifrətə, şiddətə yol açmasıdır. İslam qatil dini deyil, barış deməkdir. Evdə oturub, insanların problemi müsəlmanlarda axtarmasına seyirçi qala bilməzdim".

"Hollivud bulvarı"ndakı iz, barış elçisi
Şübhəsiz ki, o, dövrünün ən yaxşısı idi. 2001-ci ildə "Əli" adlı filmlə Məhəmməd Əlinin həyatı ölümsüzləşdirilib. Filmin baş rolunda isə Uill Smit çəkilib. Üstəlik, Məhəmməd Əlinin adı "Hollivud bulvarı"na yazılan məşhurlar arasında idi. Ancaq bir fərq var idi. 2400-dən çox məşhurun adı yerə yazılıbsa, 2002-ci ildə Məhəmməd Əli adı divara həkk edilib. Çünki inandığı dində Həzrəti Məhəmmədin adını daşıyırdı və bunun yerdə yazılmasına razı olmayıb. 2002-ci il noyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının barış elçisi kimi Əfqanıstana da gedib. BMT-nin xoşməramlı səfiri kimi 3 gün Kabildə qalıb.

Ölümü
Uzun illər xəstəlikdən əziyyət çəkən Məhəmməd Əlinin səhhəti 2014-cü ildən etibarən daha da pisləşib. Həmin il dekabrın 20-də ağciyər iltihabı səbəbindən xəstəxanaya aparılıb. Qısamüddətli müalicənin ardından evə buraxılsa da, bir ay sonra başqa problemdən yenidən həkim nəzarətinə götürülüb. Həmin vaxt isə cəmi bir gün xəstəxanada qalıb. 2016-cı il iyunun 3-də isə 74 yaşında sonuncu dəfə xəstəxanaya çatdırılıb. Ancaq bu dəfə gözlərini əbədi yumub. Bu, bir dövrün sonu və ya çöküşü deyildi. Çünki o, əbədi olaraq qəlblərdə yaşamaqda davam edir. Dəfn mərasimi cümə gününə planlaşdırılmış, Məhəmməd Əli son dəfə doğulduğu şəhərin küçələrini "gəzmişdi". Onun anma mərasiminə qatılanlar arasında dövlət başçıları da yer almışdı.

Evlilikləri
Məhəmməd Əli 4 evlililk keçirib. Sonuncu dəfə ailə həyatı qurduğu Yolonda Uilyamsı "həyatımın böyük eşqi" kimi qələmə verib. Məhz Uilyams həyat yoldaşını xəstə olduğu dönəmdə yalnız buraxmayıb, onun "əli-ayağı olub". Məhəmməd Əlinin övladlarından yalnız Leyla Əli onun yolunu davam etdirir.
1-ci evliliyi - 1964-cü il avqustun 14-də Sonyi Roi ilə evlənib, iki ildən sonra boşanıb.
2-ci evliliyi - 1967-ci il avqustun 17-də Belinda Boydla evlənib, 1977-ci ildə boşanıb. Bu evlilikdən 4 uşağı var (Raşid, Kamilya, Maryum, Miya).
3-cü evliliyi - 1977-ci il iyunun 19-da Veronika Porke ilə evlənib, 1986-cı ildə boşanıb. Bu evlilikdən 2 uşağı var (Hana Əli, Leyla Əli).
4-cü evliliyi - 1986-cı il noyabrın 19-da Yolonda Uilyamsla evlənib. Bu evlilikdən 1 uşaqları var (Məhəmməd).

Unudulmaz sözləri:
- Kəpənək kimi uçaram, arı kimi sancaram.
- Çempion salondan çıxmaz. Çempion daxilində sevgi, arzu və məqsəd olan insandan çıxar.
- Mən bir döyüşçüyəm. Gözə-göz qarşılığına inanıram. Yanağımı çevirmərəm, qarşılıq verməyən adama hörmətlə yanaşmaram.
- Böyük çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Belə olmasa belə, o cür davranmalısan.
- Bir həyatımız var, o da keçmişdə qalacaq. Yalnız Allah üçün gördüklərimiz sonsuza qədər olacaq.
- Siqaret çəkmirəm, amma həmişə yanımda kibrit qutusu gəzdirirəm. Nə vaxt günah işlətsəm, əlimi yandırıb özümə bunu deyirəm: "Əli, sən hələ bu kiçik atəşə dözə bilmirsən, cəhənnəmə necə dözəcəksən?".

Bir Əli keçdi bu dünyadan...
O, kiçik yaşlarından zülmə qarşı savaşdı. Din, dil, irq fərqi qoymadan sadəcə, sevdi. Səsini dünyaya eşitdirməsi üçün çempionluğa ehtiyac var idi, onu da bacardı. Başqa uşaqların onun kimi göz yaşı tökməməsi üçün mübarizə apardı. Bir sözlə, qəlbindən sevgiylə çıxan düşüncələri, mübarizənin ən gözəl tərəfi və üç layiqli dünya çempionluğu ilə bir Məhəmməd Əli keçdi bu dünyadan...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR