Son Xəbər:
Tarix: 1-04-2022, 13:10
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.
Şahid ifadəsində özünə məxsus tikintini işinin dayandırılması ilə bağlı təqsirləndirilən şəxsin nümayəndəsinə rüşvət verdiyini deyib:
"Tikinti aparmaq üçün əvvəlki icra başçısından sərəncam almışdım. Vilyam Hacıyev gələndən sonra tapşırıq verdi ki, iş dayandırılsın. Arxitektura şöbəsinin müdiri Nazim Rəsulova 2 min manat verdim ki, çatdırsın başçıya".
Vəkilin “Qanunsuz olaraq tələb olunan 2 min manatı nəyə görə verdiniz” sualına şahid "Dayandırılmasa, polis göndərəcəyik dedilər", deyə cavab verib.
İclasda ifadə verən Teymur Quliyev isə imkansız olduğu üçün icra hakimiyyətinə müraciət etdiyini və ona 7 min manat pul ayrıldığını bildirib. O, buna baxmayaraq həmin pulun yalnız min manatının ona çatdığını açıqlayıb:
"Cəmil Musayev dedi ki, sənə 7 min manat yardım edəcəyik bir şərtlə ki, 6 mini bizə, 1000 manatı sizə çatacaq. Mən də razı oldum, 1000 manatla kifayətləndim".
Digər şahid Xəyyam Məmmədovdan isə yardım üçün ayrılmış 7 min manatın cəmi 100-200 manatının ona çatdığını deyib. Onun sözlərinə görə, qalan məbləğ isə maliyyə şöbəsinin əməkdaşları tərəfindən mənimsənilib.
İmişli rayon Mənzil Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Qarayev isə bildirib ki, rayon ərazisində keçirilən tədbirlərə görə icra hakimiyyətinə rüşvət verib: "Tədbirlər olanda pul istəyirdilər. Mən də verirdim. Müxtəlif məbləğlərdə pul vermişəm. Bir qohumum var idi, rayon ərazisində tikilən mənzillərdən birini almaq üçün mənə dedi, mən də Cəmilə xahiş elədim. Cəmil bunun üçün 12 min manat istədi. Mən də həmin məbləği ona verdim, sonra mənzili qohumuma verdilər".
Vəkilin “12 min manatı verəndən sonra niyə görə rəsmiləşdirmədiniz” sualına şahid "Orta təhsilli adamam ağlım kəsmir" deyə cavab verib.
Bələdiyyə sədri Babək Kazımov isə ifadəsində bələdiyyə sədri seçilmək üçün 30 min manat pul verdiyini deyib:
"Vilyam Hacıyev mənə xəbər göndərdi ki, pul verməsən, bələdiyyə sədri ola bilməyəcəksən. Mən də həmin pulu Cəmil Musayevə verdim. Pul verməsən, səs toplasan da seçilməyə qoymurlar. Seçiləndən sonra da şirinlik üçün 5 min manat verdim".
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.(apa)