Son Xəbər:
Tarix: Bugün, 16:55
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında bildirilib.
Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.