Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

Qardaşların keyfiyyətsiz zarafatları

Qardaşların keyfiyyətsiz zarafatları

Tarix: 10-01-2020, 11:00

Süjet: “Məhəllə” və “Məhəllə 2”-nin əsas qəhrəmanlarından bir neçəsi bu əhvalatda öz həyatlarını davam etdirir. Tikinti şirkətinin nümayəndəsi (Azər Məmmədzadə) məhəllənin sökülməsi müqabilində sakinlərə kompensasiya vəd edir. Təklif olunan məbləğ sakinləri qane etmədiyindən onlar şirkətin nümayəndəsini hədələyirlər. Hədələmə sakinlərin özlərinə sui-qəsdin müxtəlif növləri, nümayəndəni öldürmək təhdidi şəklində olur.
Əri Qüdrətin ölümündən sonra Məhəbbət (Dilarə Əliyeva) yas məclislərini təşkil edən şirkət açır. Rövşən (Cabir İmanov) və Elşən (Tahir İmanov) zibildaşıma xidmətində işləyirlər. Zibillikdə köhnə xalça tapan qardaşlar onu qonşularından birinə verirlər. Xalçanın sahibi isə zəngin adam Azərdir (Şahin Nəsirov). O, bahalı xalçanı tapana böyük məbləğdə pul mükafatı vəd edir. Azərin köməkçisi (Bəhram Bağırzadə) öz adamları ilə ondan gizlin xalçanı ələ keçirmək istəyir. Sonda Rövşən və Elşən xalçanı sahibinə çatdıraraq vəd olunan pul mükafatını alırlar. Və pulu şirkət nümayəndəsinə verərək, bütün məhəllə sakinlərinə yeni tikiləcək binadan mənzil alırlar...
“Məhəllə 3” filmi “Məhəllə” (2003, rejissor Ramiz Fətəliyev) və “Məhəllə 2” (2004, rejissor Sülü Çöl-Qalalı) komediyalarının davamıdır. İsmayıl Zeynalovun çəkdiyi film “Planet Parni iz Baku” studiyası tərəfindən istehsal olunub. “Məhəllə 3” digər iki “Məhəllə”dən yaxşı mənada texniki keyfiyyəti, operator dəsti-xətti (Nadir Mehdiyev) ilə seçilir.

2003-cü ildə komediya janrında çəkilən “Məhəllə” kommersiya kinosunun ilk uğurlu nümunələrindən (texniki qüsurlarına rəğmən) idi. Film baxılmışdı, sevilmişdi, bəzi ifadələr mem kimi də yayılmışdı. Şübhəsiz, bunda peşəkar ssenarist Ramiz Fətəliyevin təcrübəsi, zövqü də rol oynamışdı. Hərçənd, “Məhəllə”dən sonra kommersiya kinosunda dirçəlmə əvəzinə bir müddət durğunluq yaşandı.
İkinci, özəlliklə də üçüncü “Məhəllə” ssenari (Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov və Məmmədəli Kazımov) və aktyor oyununun keyfiyyəti baxımından birinciyə uduzur. Problem ondadır ki, film yorucudur. 90 dəqiqəlik əhvalatı qısaldıb bir saata yerləşdirmək mümkün idi və bununla məzmuna xələl gəlməyəcəkdi. Lakin işləkliyi olmayan dəxilsiz, xırda süjetlərin, epizodların hesabına film uzadılıb. Misal üçün, qardaşların evdə söhbətləri –Amerikanın Azadlıq heykəli ilə özlərini eyniləşdirməsi, dar mənzillərini aralarında necə bölüşdürməklə bağlı mübahisələri dramaturji materiala uyğun deyil, əhəmiyyətsiz detallardır.
Yaxud, tikinti şirkətinin nümayəndəsinə guya nə vaxtsa Kutuzovun və Teymurləngin bu məhəllədə qalması barədə danışdıqları yalanının vizuallaşdırılması ümumi süjetdə nə kimi rol oynayır, hansı vəziyyətə, hansı kadra zəmin yaradır?

Pul qoparmaqdan ötrü xalça sahibinin yanına gələn müxtəlif adamlarla bağlı səhnə, xalçanı axtaran adamların qonşu qadının evinə girməsi, qadının onları qovması həm vizual mətnə girmir, həm də istedadsız işlənib: komizmə hesablanan situasiyalar gülüş doğurmur. Qardaşların onları təqib edənlərdən gizlənmək üçün bulvarda cizgi filmlərinin personajlarının libasında gəzməsi, digər “kukla”larla əlbəyaxa olmaları səhnəsində də təfərrüatlar filmin dinamikasını ləngidir. Və ya şirkət nümayəndəsi məhəlləyə gələndə min oyundan çıxan personajların davranışındakı şişirtmələrsiz də keçinmək olardı. Yəni dramatizm üçün yersiz xırdalıqlara, mübaliğələrə zərurət yoxdur.
Filmi vahid orqanizm kimi götürsək, orda hər detal əsaslandırılmalıdır. İstər ciddi kino olsun, istər kommersiya məhsulu. Belə olmayanda film diletant səviyyədə hazırlanmış, əlaqəsiz, boyat yumorlu səhnələrə dönür.
Ümumiyyətlə, bizim rejissorlar, prodüserlər peşəkar montajı öyrənməlidirlər. Ki, çəkilən hər kadr, epizod filmə yerləşdirilməməlidir. Ən yaxşı səhnə süjetə xələl gətirirsə, onu qayçılamağı bacarmaq lazımdır.
İkincisi, “Məhəllə 3” məhəllə sakinlərindən çox, Elşənlə Rövşənin əhvalatıdır. Filmin yarıdan çoxu qardaşların yorucu macərası, “Ala, yekə pişiksən” tipli keyfiyyətsiz zarafatlarının üzərində qurulub. Bunlar isə süjetin inkişafında rol oynamır. Sanki film İmanovların ekranda görünməsi ehtiyacından yaranıb.

Başqa bir sual yaranır ki, “Məhəllə 3”-ün çəkilməsində məqsəd nədir, yaradıcı heyət tamaşaçıya nəyi demək istəyir? Əlbəttə, köhnə, yararsız məhəllələrin sökülməsi və buna görə sakinlərə uyğun kompensasiyanın verilib-verilməməsi günümüzün aktual mövzularından biridir. Film də bu sosial motivdən danışmağa cəhd edir. Eyni zamanda, göstərilir ki, qanunlar işləmədiyindən, vətəndaşların mülkiyyət hüquqları lazımınca qorunmadığından onlar min cürə fırıldağa əl atmağa məcburdurlar. Ancaq belə bir vacib motivin kökü, insanların nədən bu qədər mənfəətçi olması, saxtakarlıq etməsi açılmır. Çünki yuxarıda dediyim kimi, süjetin əsas xətti Elşənlə Rövşənin məzmunsuz, gülüş doğurmayan macəralarına yönəlir.
Süjet boyu ayrı-ayrı epizodlarda qardaşlara subyektiv kamera ilə kiminsə baxdığını görürük. Və qardaşların baxan kəslə birtərəfli dialoqunu eşidirik. Finalda məlum olur ki, bu, onların pişiyi imiş. Amma tamaşaçıda elə təəssürat yaranır ki, həmin naməlum kəs baş verən hadisələrdə nəsə mühüm rol oynayan biridir. Dünya kinosunda belə bir fənd makqaffin adlanır. Termini ingilis ssenaristi Anqus Makfayl düşünüb. Hərçənd, daha çox Alfred Hiçkokun Fransua Trüffo ilə müsahibəsindən sonra yayılıb. Hiçkokun fikrincə makqaffin mahiyyətcə heç nəyi ifadə edir:
“Onun nə olması vacib deyil. Əsas odur, onu hamı əldə etmək istəyir. Yaxşı makqaffində həmişə aydın olmayan, qeyri-müəyyən element olmalıdır”.
Makqaffin elementinə əsasən fabula hansısa predmetin ətrafında qurulur, bir qayda olaraq o, süjetdə intriqa yaradır, təkanverici qüvvə olur. Tarantinonun “Kriminal qiraət”ində çamadan, “Vətəndaş Keyn”də kirşə makqaffindir.
“Məhəllə 3”-də pişik obrazı da makqaffin elementini ehtiva edir, amma onun statusunu doğrultmur. Çünki pişik obrazı mahiyyətcə heç bir intriqa yaratmır, fabulada rolu yoxdur.

Filmdə demək olar ki, tək maraqlı aktyor oyunu Dilarə Əliyevanın ifasıydı. Toplumun təmtəraqlı yas mərasiminə tutqusu hələ də aktuallığını itirməyib.
Ətrafında daim milçəklər dolaşan, üfunət iyi verən personaj (Emil Musayev) maraqlı tapıntıydı. Təəssüf, bu obraz sonadək işlənməmiş qalır, çünki digər kommersiya filmlərində yayğın olan - kriminal şefin maymaq yardımçısı səviyyəsinə qədər bəsitləşdirilir.
Bundan başqa, kommersiya kinomuzda ənənəvi katibə obrazı ilə bağlı stereotipə – onun mütləq qısa geyinməsi, döşünün açıq olmasını nəzərdə tuturam – dəyişiklik olmalıdır. Bayağı, eyni cür işlənən katibə obrazlarına yeni intonasiya gətirilməlidir. Filmdə Bəhram Bağırzadənin obrazının katibəyə acgözlüklə baxması (bir qayda olaraq filmlərdə kişilər şəhvətlə açıq geyinən katibəyə baxır. Üstəlik, bu acgöz baxış süjetdə havadan asılı qalır) tendensiyasına da həmçinin...
Sevda Sultanova,
Kulis.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR