Son Xəbər:
Tarix: 15-11-2022, 20:02
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (Azərbaycan və ingilis dillərində) sənədli filminin çəkilməsi” adlı layihənin təqdimatı keçirilib.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə Dövlət Himini səsləndirilib və şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Pərviz Həmzəyev Xurşidbanu Natəvan irsinin öyrənilməsi və mənimsənilməsinin vacibliyindən danışıb və belə filmlərin çəkilməsinin əhəmiyyətini vurğulayıb.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Etibar Məmmədov qeyd edib ki, layihə çərçivəsində hazırlanan “Xan qızı” sənədli filmi Azərbaycanın ədalətli, haqlı, tarixə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyaya səmərəli və başa düşülən şəkildə çatdıracaq.
Sonra “Xan qızı” filminə baxış keçirilib.
Milli Məclisin deputatı, Xurşidbanu Natəvanın kötücəsi Aqiyə Naxçıvanlı vurğulayıb ki, Xurşidbanu Natəvanın irsini qorumaq, araşdırmaq və gələcək nəsillərə çatdırmaq milli-mənəvi dəyərlərimizin zənginləşdirilməsi baxımından həyati vacib əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsi nəticəsində işğal altında olan tarixi torpaqlarımızı, o cümlədən mədəniyyətin beşiyi olan Şuşanı işğaldan azad etməsini tarixi hadisə adlandıran deputat bildirib ki, bu eyni zamanda Natəvan irsinin düşmənin əsarətindən xilas olunması deməkdir. Nənəsi Xurşidbanu Natəvan haqqında bir sıra faktları açıqlayan Aqiyə Naxçıvanlı əminliklə bildirib ki, Azərbaycanın mənəvi dəyərlərini təbliğ edən belə filmlər bundan sonra da çəkilərək geniş ictimaiyyətə təqdim olunacaq və gəncliyimizin vətənpərvərlik ruhunda maariflənməsində əhəmiyyətli yer tutacaq.
Xan qızı Natəvan mükafatının laureatı, Xurşidbanu Natəvanın yadıcası Fəridə Hicranın sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında əvəzsiz rol oynamış Azərbaycan əsgərini irəli aparan həm də Natəvanın yaratdığı irs, mənəvi dəyərlər olub. Onun sözlərinə görə, bu dəyərlərin üzərində böyüyən yeni nəsillər artıq heç vaxt Azərbaycan torpaqlarının yadlar tərəfindən işğal olunmasına imkan verməyəcək.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova bildirib ki, vətənpərvərliyi, milli-mənəvi dəyərləri, xeyriyyəçilik ənənələrini təbliğ edən belə layihələr davam etdiriləcək. O həmçinin deyib ki, “Xan qızı” sənədli filminin ingilis dilində olan versiyası üzərində iş artıq yekunlaşmaq üzərindədir və ən yaxın vaxtlarda işıq üzü görəcək.