Son Xəbər:
Tarix: 8-06-2021, 08:49
Beynəlxalq sorğu mərkəzinin Ermənistanda növbəti dəfə keçirdiyi sorğu maraqlı məqamları ortaya qoyub. Məlum olub ki, “Ermənistanın üzləşdiyi ən kəskin problem nədir” sualına respondentlərin sadəcə 0,7 faizi “Qarabağın statusu” cavabını veriblər. Ermənilərin böyük əksəriyyəti onları düşündürən əsas məsələnin iqtisadi vəziyyət və ölkənin gələcək durumu ilə bağlı olduğunu vurğulayıblar.
Məlumdur ki, seçki öncəsi Ermənistan hakimiyyətinin və müxalifətinin, ələlxüsus revanşist qüvvələrin gündəmə gətirdiyi əsas tezis “Qarabağın statusu”dur. Siyasilər erməni xalqını düşündürən ən mühüm məsələnin “status” olduğunu iddia etsələr də, görünən odur ki, ermənilərin yeganə dərdi çörəkdir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, reallıq hissi olan hər kəs çox gözəl anlayır ki, “Dağlıq Qarabağ problemi” adında məsələ tarixə qovuşub. Politoloqun sözlərinə görə, bu reallığı erməni siyasətçiləri, müxalifəti və hazırkı rəhbərlikdə təmsil olunan qüvvələr də yaxşı dərk edirlər:
“44 günlük müharibədə Azərbaycan Ordusu “status-kvo”nu 180 dərəcə dəyişdirdi. İndi daha çox Zəngəzur dəhlizi və Qarabağda yaşamaq istəyən ermənilərin vətəndaşlıq məsələləri müzakirə mövzusudur.
Ötən gün sosial şəbəkə vasitəsilə Paşinyanın seçkilərlə bağlı statusunun altında yazılan rəyləri araşdırarkən bir daha əmin oldum ki, erməni cəmiyyətini və sadə xalqı ilk növbədə ölkənin gələcəyi və iqtisadi sıxıntıları və bu durumdan çıxmaq yolları düşündürür.
Son 30 ildə Ermənistanda qurulan terror dövləti ölkəni tam iflas vəziyyətinə gətirib çıxartdığından xalq Paşinyandan daha çox dövlətin məhvə sürüklənməsinin qarşısını almaq xahişləri edir.
Lakin Ermənistana spesifik olan və uzun zaman içərisində yoğrulduğu riyakarlıq elementlərindən qısa müddətdə qurtulması elə də asan görünməsin”.
Partiya təmsilçisi qeyd edib ki, hələ bir müddət Qarabağ barədə çağırışlar olacaq:
“Ermənilər bölgəni gərginlikdə saxlamaq üçün bu kartdan yararlanmağa çalışacaqlar. Bölgədə maraqları olan xarici təcavüzkar qüvvələrin istəyi ilə də bu addımı ata bilərlər. Son zamanlar Fransa lideri Makronun məsuliyyətsiz davranışları bu sayaq sayıqlamalara rəvac vermək üçün əsas ola bilər. Ermənistanda seçkilərə sayılı günlər qalıb.
Hakimiyyət uğrunda mübarizə daha da şiddətlənib. Müxalifət daha çox Qarabağ kartı ilə Paşinyanı sıxmağa çalışır”.