Son Xəbər:
Tarix: 8-06-2021, 19:30
Masallı rayonu, Bədəlan kəndində azyaşlı qızın erkən nikaha cəlb edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara cavab olaraq bildiririk ki, məsələ ilə bağlı 07.06.2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Bədəlan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi və mətbuatda yayılan məlumat əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə dərhal Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri və məsul katibi, aparatın Hüquq şöbəsinin müdiri, rayon Polis şöbəsinin məsul əməkdaşı, ərazi nümayəndəsi və məktəb direktoru birgə sözügedən ailə ilə yaşadıqları ünvanda görüşdü və eyni zamanda qeyd olunan müraciət rayon Polis şöbəsinə təqdim olundu. Araşdırma zamanı məlum oldu ki, 11.07.2006-cı il təvəllüdlü, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi azyaşlı F.İ-nin atası 2007-ci ildə vəfat etmişdir və hazırda azyaşlı anası və azyaşlı qardaşı ilə birlikdə yaşayır. Ailə üzvlərinin və yaxınlarının deməsinə görə 05.06.2021-ci il tarixdə azyaşlı ilə hazırda Bədəlan kəndində olan, Rusiya Federasiyası vətəndaşı, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1985-ci il təvəllüdlü Seymur adlı şəxs arasında Lənkəran rayonu, Osaküçə kəndində yerləşən restoranların birində nişan (öz demələrinə görə üzük taxma) mərasimi olub. Təşkil olunan üzvləri tərəfindən azyaşlı, valideyni və orada olan yaxınları ilə maarifləndirici-profilaktiki söhbətlər aparılıb, Azərbaycan Respublikasının müvafiq Qanunlarının müddəaları onlara izah olunub, məsuliyyətləri barədə ciddi xəbərdarlıq edilib. Azyaşlının valideyni həyat yoldaşının vəfat etdiyini, ailəsinin başsız qaldığını və bu səbəbdən qızını nişanlamağa (ad etməyə) razılıq verdiyini, qızının nikah yaşı çatdıqdan sonra nikaha daxil olmasına razılıq verəcəyini bildirdi. Komissiya azyaşlıya və valideyninə erkən nikahın fəsadlarını izah etdi, təhsilini davam etdirməsini və nikah yaşı çatmamış nikaha daxil olmamasını bildirdi. Azyaşlıya nikaha məcbur ediləcəyi təqdirdə DİN-nin 102 xidməti zəng mərkəzinə günün istənilən vaxtı müraciət edə biləcəyi izah edildi. Rayon Polis şöbəsində azyaşlı, valideyni və nişanlandığı oğlan dindirildi, izahatları alındı, hər biri nikah yaşı tamam olmadan nikahın olmayacağını bildirdi. Məsələyə dair hazırda Rayon İcra Hakimiyyətində və rayon Polis şöbəsində araşdırma davam edir.
Məsələ ciddi nəzarətdə saxlanılmışdır.