Son Xəbər:
Tarix: 14-06-2021, 11:03
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Trend-ə müsahibəsində Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyəti, COVID-19 pandemiyasının Azərbaycan-Türkiyə ticarət dövriyyəsinə təsiri və Azərbaycana səfərindən danışıb.
Trend Adil Karaismailoğlu ilə müsahibəni təqdim edir.
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu ilə bu günə qədər 30 milyon tondan çox yük daşınıb
2020-ci ilin əvvəlindən bu günə qədər davam edən pandemiya müddətində beynəlxalq yük daşımaları əsasən dəmir yolu ilə həyata keçirilib. 2020-ci ilin sonuna qədər Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcmi 34,1 milyon tona çatıb, bu isə əvvəlki illə müqayisədə 35% artım deməkdir. 2017-ci ildə istifadəyə verilən və Türkiyədən Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Rusiya, Qırğızıstan, Çin və Tacikistana yük daşımalarında önəmli rol oynayan BTQ ilə 2021-ci ilin ilk beş ayının göstəricilərinə görə, 3 899 konteynerlə 208 692 ton yük daşınıb.
Qarabağın dirçəlməsinə hər cür dəstək verəcəyik, azad Qarabağ türk millətinin qürur mənbəyi oldu
Türkiyə Cümhuriyyəti olaraq sevimli və kədərli günlərdə, müharibədə və sülhdə yanında olduğumuz Azərbaycanın gözəl region olan Qarabağın dirçəldilməsinə və stabilliyə səmimi dəstəyi verəcəyik.
Bildiyiniz kimi, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə 2021-ci il fevralın 17-də görüşümüz olub. Hörmətli həmkarımla görüşümüzdə nəqliyyat və rabitə sahəsindəki münasibətlərimizi müzakirə etmişik.
Eyni zamanda nümayəndə heyəti Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumunu da ziyarət edib, ölkəmizin informasiya və kommunikasiya məsələlərində təcrübə və biliklərini araşdırmaq üçün qarşılıqlı əməkdaşlıq proseslərinə başlayıb.
Bunun davamı olaraq 2021-ci il 18-19 fevral tarixlərində Türkiyədə Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının iclaslarını keçirdik.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi altında imzalanan protokollarla nazirliklər arasında əməkdaşlıq daha da dərinləşdi.
COVID-19 pandemiyasının Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinə təsiri
COVID-19 epidemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycanla ikitərəfli ticarətimiz 2020-ci ildə əvvəlki ilə nisbətən beş faiz artıb və enerji daxil olmaqla ticarət dövriyyəsi 4,6 milyard dollar olub. Hədəfimiz 2023-cü ildə 15 milyard dollarlıq ticarət həcminə çatmaqdır.
Azərbaycana səfərimiz çox məhsuldar idi
Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə və eyni zamanda, heyətlərarası toplantılar keçirildi. Daha sonra isə ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən qəbul edildik.
Azərbaycana ziyarətlərimiz zamanı işğaldan azad edilmiş ərazilərdə, Türkiyə podratçı şirkətlərinin çalışdığı Horadiz-Ağbənd dəmir yolu, Əhmədbəyli-Horadiz-Mincivan–Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihələri ilə tanış olduq.
Türkiyə olaraq, qardaş və dost ölkə olan Azərbaycana azad etdiyi Qarabağda həm mühəndislik, həm də texnologiya baxımından bütün gücümüzlə dəstək verəcəyik. İnşallah, bu birlik, qardaşlıq, dostluq əbədi davam edəcək.
Qarabağın bərpasına və quruculuğa nə qədər çox töhfəmiz olsa, bu, bizim üçün bir o qədər sevindiricidir və Qarabağın yenidən qurulmasında qardaş Azərbaycanı dəstəkləməyə davam edəcəyik.