Son Xəbər:
Tarix: 16-06-2021, 16:14
Müdafiə Nazirliyinin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Nazirlikdən bildirilib ki, orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmət keçmiş 30 yaşınadək vətəndaşlar iyunun 28-dən iyulun 23-dək hərbi birliklər, Hərbi Dəniz Qüvvələri, eləcə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Nəzəri və praktiki imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul olmaq istədiyi ixtisas göstərilməklə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- ümumi orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə)
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);
Sənədlərin qəbulu həyata keçiriləcək ünvanlar: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi), Bərdə şəhəri, Şəmkir şəhəri, Beyləqan rayonu, Qaradağ rayonu “Puta” hərbi şəhərciyi.
Müraciət etmə vaxtı: 2021-ci il iyunun 28-dən iyulun 23-dək saat 09.00-dan 17.00-dək.
Qeyd: Məhkum olunmuş və yaxud əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış hərbi vəzifəlilərin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.