Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

Prezident akademikin vəfatı ilə əlaqədar nekroloq imzaladı

Prezident akademikin vəfatı ilə əlaqədar nekroloq imzaladı

Tarix: 7-01-2020, 16:33

Prezident İlham Əliyev akademik Bahadır Tağıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.
Axeber.az-ın xəbərinə görə, nekroloqda deyilir:
"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadır Hüseyn oğlu Tağıyev 2020-ci il yanvarın 7-də ömrünün 86-cı ilində vəfat etmişdir.
Bahadır Tağıyev 1934-cü il mart ayının 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almış, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və 1960–1962-ci illərdə aspirantura təhsilini SSRİ Elmlər Akademiyasının Leninqraddakı Yarımkeçiricilər İnstitutunda davam etdirmişdir.
Əmək fəaliyyətinə 1956-cı ildə Masallı rayonunda başlayan Bahadır Tağıyev 1959-cu ilədək burada kənd və qəsəbə orta məktəblərində müəllim işləmişdir. O, 1962-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, Akademiyanın Fizika İnstitutunda 1966-cı ilədək kiçik elmi işçi, 1966–1974-cü illərdə böyük elmi işçi, 1974–1993-cü illərdə laboratoriya müdiri olmuş, 1993–2002-ci illərdə institut direktorunun birinci müavini, 2002-ci ildən institutun baş elmi işçisi, problem şurasının rəhbəri vəzifələrində çalışmışdır. Bahadır Tağıyev, eyni zamanda, 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında fizika fakültəsinin professoru vəzifəsində işləmiş, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və fizika kafedrasının müdiri olmuşdur.
Bahadır Tağıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1984-cü ildə professor elmi adı almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Аkademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Bahadır Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə etmişdir. Həmin nəticələrdən yarımkeçiricilərdə və dielektriklərdə qüvvətli sahədə elektrikkeçirmənin nəzəri əsaslandırılması və nadir torpaq elementlərinin atomdaxili elektron keçidlərinin hesablanması zamanı geniş istifadə olunmuşdur. Alimin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər yaradılıb tətbiq edilmişdir.
Bahadır Tağıyev ölkəmizdə və onun hüdudlarından kənarda işıq üzü görmüş 350-dən artıq elmi əsərin, çox sayda müəlliflik şəhadətnaməsi və patentlərin müəllifidir. Onun rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilmişdir. Beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edən Bahadır Tağıyevin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirmişdir.
Akademik Bahadır Tağıyevin elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını almış, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və pedaqoq Bahadır Hüseyn oğlu Tağıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu imzalayıblar:
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Oqtay Əsədov
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Ramiz Mehdiyev
Ceyhun Bayramov
Arif Paşayev
İbrahim Quliyev
Nazim Məmmədov
Cavad Abdinov
Telman Əliyev.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR