Son Xəbər:
Tarix: 30-06-2021, 20:05
Tarif Şurasının iyunun 30-da keçirilən növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə tarif tənzimlənməsinə dair müraciətinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İlk növbədə qərarda nəzərdə tutulan dəyişikliklərə nəzər saldıqda sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifinin dəyişdirilmədiyini və hazırkı 20 qəpik səviyyəsində saxlanıldığını müşahidə edirik.
Bununla yanaşı elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.
Müsbət addımlardan biri də “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifinin 20 qəpikdən 13 qəpiyə endirilməsidir. Digər sahələr üzrə isə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib.
Belə ki, ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1200 - 2500 kubmetr olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Digər müstəsna hal isə ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifinin 20 qəpikdən 13 qəpiyə endirilməsidir.
Tarif dəyişikliyinin aparılmasını zəruri edən bir sıra amillər mövcud idi. Ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18 faizə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib.
2020-ci il üzrə təbii qazın 44 faizini “Azərenerji” ASC 12 qəpik, 28 faizini kvotaya uyğun olaraq istehlak edən əhali 1 kubmetr üçün 10 qəpik, 28 faizini isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali 20 qəpik tarifi ilə istehlak edib. Təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağı olub və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib.
COVID-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kubmetrdən 1,6 min kubmetrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb.
Bu məqsədlə tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi, dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və dövlətin maliyyə yükünün azaldılması nəzərə alınıb.
Qeyd etmək lazımdır ki, digər ölkələrlə müqayisədə Azərbaycanda 1 kubmetr qaz üçün daha aşağı qiymətlər tətbiq edilir. Belə ki, ölkəmizdə 1 kubmetr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 20 qəpik, Gürcüstanda 29,1 qəpik, Belarusda 34,8 qəpikdir. Eləcə də, qeyri-əhali abonenti üzrə də 1 kubmetr təbii qazın tarifi Azərbaycanda yuxarı hədd 20 qəpik olduğu halda Türkiyədə 50,8 qəpik, Ukraynada 26,3 qəpik, Belarusda 79,6 qəpikdir.
Vurğulamaq lazımdır ki, qazın qiymətləri ilə bağlı tarif dəyişikliyinə gedilməsi ilk növbədə əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi ilə nəticələnəcək. Eləcə də, dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılması, büdcədə sərbəstləşən vəsaitin sosialyönümlü tədbirlərə istiqamətləndirilməsi, yeni investisiya qoyuluşlarının təmin edilməsi, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi imkanının yaradılmasına şərait yaradacaq.
Digər tərəfdən “Azəristiliktəchizat” ASC-nin imkanlarının genişləndirilməsi və aztəminatlı əhalinin davamlı və keyfiyyətli şəkildə istilik xidməti ilə təmin edilməsi məqsədini hədəfləyir.
Qeyd edək ki, son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat idi. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35 faiz artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub. Bu da tarif dəyişikliyinin əhaliyə mənfi təsirlərini minimumlaşdıran amillərdən biridir. Bu dəyişiklik ölkə əhalisinin təxminən 51 faizinin (5 milyon nəfər) orta aylıq xərcinə, eləcə də, əhalinin alıcılıq qabiliyyətinə təsir göstərməyəcək.
Belə ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin dörd nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1000 kub metr qaz istehlakı deməkdir. Bu isə, aşağı tarifli qaz istehlakı limiti çərçivəsində, yəni aşağı tarifli limit 1200 kubmetrdir.
Enerji xərcləri sənaye və kənd təsərrüfatı mallarının istehsalına təsir göstərdiyinə görə, qiymət artımına yol verməmək üçün təbii qazın bu sahələr üzrə qiyməti dəyişdirilməyib və mövcud səviyyədə, 1 kubmetr üçün 20 qəpik saxlanılıb.
Məhəllə qazanxanalarına verilən təbii qazın tarifi 35 faiz endirilib. Bu, ilk növbədə əhalinin bu xidmətlərə əlçatanlığını artıracaq. Digər tərəfdən isə yaşayış binalarında mənzillərin fərdi isitmə sistemlərindən daha qənaətli mərkəzləşdirilmiş məhəllə qazanxanalarına keçidi stimullaşdıracaq.
Qeyd edək ki, qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minəcək.