Son Xəbər:
Tarix: 8-01-2020, 12:53
Rusiyada kontr-sanksiya tədbirləri çərçivəsində kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş məhdudiyyətlər 31 dekabr 2020-ci ilə qədər uzadıldı. Rusiyaya qarşı sanksiya tətbiq edən dövlətlərdən gətirilən quş növləri, ət, süd məhsulları, balıq, habelə qoz-fındıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları embarqo altındadır. Bu dövlətlər sırasında AB ölkələri, ABŞ, Kanada, Avstraliya və Norveç də var. Daxili bazarın balanslaşdırılması üçün Rusiya Federasiyası əsasən MDB ölkələrindən, o cümlədən Azərbaycandan ərzaq məhsullarının idxalını təşviq edir.
Bu Moskva-Azərbaycan arasındakı ticarətə hansı müsbət təsirləri olacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Elşad Məmmədov açıqlama verib. O, bildirib ki, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab addımı olaraq Rusiya Federasiyasına idxalla bağlı məhdudiyyətlər var:
"Bu məhdudiyyətlərin 2020-ci ilin sonuna kimi uzadıldığı elan edilsə də, amma böyük ehtimal bu uzun müddət davam edəcək. Sözssüz ki, MDB məkanında yerləşən bir sıra dövlətlər, o cümlədən Azərbaycan üçün yeni imkanlar açılır. Rusiya ənənəvi olaraq Azərbaycan ixracatçıları, qeyri-neft sektoru və ilk növbədə kənd təsərrüfatı seqmenti üçün əsas ixrac bazarıdır. Hesab edirəm ki, aidiyyatı dövlət qurumları və eyni zamanda biznes mühiti bu məsələyə çox ciddi yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, bu Azərbaycanın real sektoru üçün böyük imkanlar pəncərəsini açır. Ölkəmizdə qeyri-neft ixracatının xüsusi çəkisinin artırılması ən prioritet vəzifələrdən biridir. Müəyyən problemlər onunla bağlıdır ki, Azərbaycan Rusiya ilə hansısa bir inteqrasiya iqtisadi birliyinə, yəni, nə Gömrük, nə də Avrasiya iqtisadi ittifaqına daxildir. Bu baxımdan müəyyən mənada MDB məkanında yerləşən bəzi rəqabət aparan dövlətlər ilə mübarizə aparmaq çətindir. Eyni zamanda unutmayaq ki, Azərbaycanın ixrac etdiyi məhsullar spesifikdir. Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər imkan verir ki, güzəştlərlə Rusiya bazarına daxil olmaq mümkün olsun. Düşünürəm ki, yaxın müddətdə perspektivdə biz məhz Rusiya və bütövlükdə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı ilə əlaqələrimizi dərinləşdirməliyik. Çünki neft amili müvəqqətidir və bunu artıq hamı dərk edir. Yəni neft xammalı ixracatına söykənmiş iqtisadi sistem müvəqqətidir. Ona görə də biz qeyri-neft sektorunun inkişafından danışmalıyıq. Çünki, bu gün qeyri-neft ixracatımıza böyük fərqlə Rusiya öndə gedir. Bu açılan imkanlar pəncərəsindən istifadə edərək Rusiya ilə həm ikitərəfli, həm də digər formatlarda iqtisadi əməkdaşlığımızı dərinləşdirməliyik. Qeyd edim ki, artıq bunun müsbət nəticələrini də görürük. Rusiyaya ixrac potensialımız yüksəkdir. Həmçinin Rusiyaya ixracatımızın həcmini 3-4 milyard dollara çatdırmaq imkanımız var".