Son Xəbər:
Tarix: 3-08-2021, 08:25
Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların COVID-19 pasportu, vaksinasiya, ilin ilk altı ayına və toylara münasibətlərini öyrənib. STM bununla bağlı rəy sorğusunun nəticələrini açıqlayıb. Vaksinasiyaya münasibətlə bağlı sorğuda da iştirak edənlərin 57 faizi ən azı bir doza vaksin qəbul edib. Vaksin olunmayan 43 faiz respondentin vaksin olunmamaqla bağlı ifadə etdiyi səbəblər isə müxtəlifdir. Diqqət çəkən məqam odur ki, əhəmiyyətli sayda – 28 faiz respondent heç bir halda vaksin olunmayacağını bildirib. Təqaüdçülərin təxminən 40 faizi, evdar qadınların isə 31 faizi heç bir halda vaksin olunmayacağını deyib.
19 faiz respondent isə yalnız məcburiyyət əsasında vaksin olunmağa razılıq verəcəyini deyib. Daha dəqiq, həmin respondentlər vaksinasiyanın ölkə miqyasında icbari olacağı təqdirdə doza qəbul edəcəklərini bildirib. 18-35 yaş aralığında olanlar arasında vaksinə mənfi münasibət yaşlılara nisbətdə daha çoxdur. Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran və Qarabağ regionlarında heç bir halda vaksin olunmayacağını deyənlər bəzi bölgələrə nisbətdə 2 dəfə çoxdur.
Aparılan sorğudan belə qənaətə gəlmək mümkündür ki, əksər insanlar vaksinasiyaya inamsızdır. Bəs bunun səbəbləri nə ilə əlaqəlidir?
Sualımızı sosioloq Lalə Mehralı cavablandırıb. O, "Şərq"ə açıqlamasında vurğulayıb ki, vaksinasiyaya inamsızlığın bir neçə səbəbləri var. Onun sözlərinə görə, ən birincisi, vaksinasiya prosesinin qəfildən meydana çıxmasıdır:
"Çünki bildiyimiz kimi, bir vaksinin hazırlanması illər tələb edir. O əvvəlcə digər canlılar üzərində sınaqdan keçirilir. Daha sonra onun insan bədənində uyğunlaşıb, uyğunlaşmamağı barədə təcrübələr aparılır.
Ancaq bu günləri vaksinlərin o təcrübələrdən keçib-keçməməyi ilə bağlı insanların içində bir şübhə var. Çünki vaksindən sonra bəzi insanların təkrar koronaya yoluxması və yaxud da ki, vaksindən sonra kimlərinsə vəfat etməsi barədə məlumatlar, şayiələr yayıldı.
Buna görə də hamıda peyvəndlə bağlı bir təlaş, qorxu, inamsızlıq yarandı. Statistik məlumatlar arasında xüsusən təqaüdçülər üstünlük təşkil edir. Bunun səbəbinə gəlincə, bilirsiniz ki, pensiyaçılar daha çox yaşlı nəslin nümayəndələridir.
Bu xəstəliyin qurbanı məsələsində onların adı daha çox çəkilir. Yəni yanaşı xəstəliyi olan yaşlı nəsil koronaya yoluxanda onlar çox zaman sağala bilmir. Yanaşı xəstəliyi olduğu üçün vaksinasiya olunanda da yenə problem yaranır. Tutaq ki, hər hansı orqanının çökməsi prosesi baş verir və ölüm faktı qeydə alınır. Bu da ondan irəli gəlir ki, həmin şəxsin orqanlarında problem var və dözmür.
Təbii ki, bir çox insanlar bu prosesləri düzgün anlamır və olanları düzgün analiz edə bilmirlər. Məhz bu səbəblərdən insanlar arasında vaksinasiyaya qarşı inamsızlıq görülməkdədir".