Son Xəbər:
Tarix: 31-08-2021, 08:43
Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, ona inanan insanlardan külli miqdarda pul toplamaqda ittiham olunan Aqil Babayevin həbsi bu həftə sosial mediada əsas müzakirə mövzularından biri oldu. Maraqlıdır ki, o, avqustun 2-də saxlanılıb, 4-də isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilsə də, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu barədə 20 gün sonra – avqustun 24-də birgə açıqlama yaydı. Sosial media istifadəçiləri arasında hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumata əsaslanaraq Aqil Babayevi ittiham edənlərlə yanaşı, ona inanıb, uzun illər ərzində pul verdiyini iddia edənləri qınayanlar da kifayət qədər çox oldu. Bu olayı ölkədə cəhalətin təzahürü kimi qiymətləndirənlər də var, ümumiyyətlə, belə bir hadisənin baş verdiyinə inanmayan, ittihamı saxta hesab edənlər də.
Hüquq-mühafizə orqanları Aqil Babayevin həbsi haqqında rəsmi açıqlama ilə yanaşı, video da yayıb. Həmin görüntülərdə illərlə “İmam Mehdi”yə pul verdiyini iddia edən şəxslər yer alıb. Faiq Abdullayev adlı şəxs deyir ki, Aqil Babayevə inanıb, uzun illər ərzində ona ümumilikdə 420 min manat pul verib. “Sonradan başa düşdük ki, bu insan heç yerdə işləmədən villalarda yaşayır, yaxşı güzəran sürür. Aydınlaşdırdıq ki, bizi aldadır”, – istintaqın zərərçəkmiş qismində tanıdığı şəxslər belə deyir.
Xəyal Mustafayev adlı zərərçəkmiş iddia edir ki, Aqil Babayev onun sözünə əməl etməyənləri şallaqlayırdı: “Əsasən bel nahiyəsindən vururdu ki, iz görünməsin. Xəsarətlərə görə günlərlə uzana bilmirdik”.
Videoda yalnız bir tərəfin fikirləri əks olunub, Aqil Babayevin onun ünvanına səslənən ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum olmur.
Aqil Babayevin ailəsindən “Press Klub”a bildirilib ki, o, ittihamla qətiyyən razılaşmır, özünü İmam Mehdi kimi təqdim edib, adamları aldatması haqda deyilənləri cəfəngiyat sayır. Hesab edir ki, həbsindən bir müddət əvvəl hüquq-mühafizə orqanlarına şikayətinə görə onun özünü bu cür saxta ittihamla cəzalandırırlar.
Aqil Babayevin həyat yoldaşı Nigar Babayevanın dediyinə görə, o, bir müddət əvvələ qədər “Shaurma-1” restoranlar şəbəkəsinin şəriklərindən olub. Sonradan digər şərik Natiq Sadıqovla aralarında narazılıq yaranıb. Nigar Babayeva bildirir ki, iyunun 7-də Buzovnada bağ evində həyat yoldaşını girov saxlayıb, ona qarşı zorakılıq ediblər. O, bağ evində girovluqda olduğu müddətdə Xətai rayonu ərazisindəki evlərinə gəlib, milyonlarla dəyərində pul və qızıl-zinət əşyalarını götürüb aparıblar:
“Gecə saat 11-ə işləmiş yoldaşımdan mesaj gəldi. Həmin vaxt bağ evində təmir işləri gedirdi, yoldaşım da o gün ustaların pulunu verməyə getmişdi. Mesajda yazılmışdı ki, bizim evə ustalar gələcək, mən yuxarı mərtəbəyə çıxmayım, ustaların orada işi olacaq. Həmin vaxt bizim evdə təmirə ehtiyac yox idi, ona görə ustaların gəlməsindən təəccübləndim, özü də gecə vaxtı. Amma bu barədə yoldaşıma heç nə yazmadım. Gecə saat 1-ə işləmiş olardı, qapının açıldığını eşitdim. Sonra səslərdən başa düşdüm ki, nələrsə daşıyıb aparırlar. Həm qapı açılıb-bağlanırdı, həm də lift qalxıb-düşürdü. Yoldaşımdan əvvəlcədən mesaj gəlmişdi deyə, çıxıb heç nə demədim. Həmin vaxt körpə uşaqla evdə tək idim…”
Nigar Babayeva deyir ki, həyat yoldaşı həmin gecə saat 5 radələrində evə qayıdıb. Aqil Babayevin həyəcanlı olduğunu, üzündə xəsarət izlərini görüb. Onun sözlərinə görə, sonradan ayaqlarında da zorakılıq izləri vardı.
Aqil Babayev Daxili İşlər Nazirliyinin “102” xidmətinə və başqa qurumlara müraciət edib. Bacısı Mətanət Babayeva bildirib ki, hüquq-mühafizə orqanlarına çoxsaylı şikayət məktubları və teleqramlar göndərsələr də, qardaşının başına gələnləri araşdırıb, günahkarları cəzalandıran olmayıb:
“Əvəzində onun özünü həbs elədilər. İmam məsələsi bizim özümüzə də çox təəccüblü gəldi. Çünki indi zərərçəkmiş kimi təqdim olunan şəxslər illərlə qardaşımla bir yerdə ad günü məclisləri və başqa şənliklərdə birlikdə olublar. Qardaşım müxtəlif musiqi alətlərində ifa etməyi bacarır. O məclislərdə ifa edirdi, bunlar da əl çalırdılar, oynayırdılar. Dediklərim sadəcə, söz deyil, bunu təsdiqləyən videolar var. İmam şənliklərdə musiqi alətində ifa edər? Bu qədər cəfəngiyat düzüb-qoşmaq lap ağ oldu. İndiki dövrdə kim illərlə imamın zühur etməsinə inanıb pul verər?..”
Bacısı hesab edir ki, Aqil Babayevlə ədavəti olanlar onu susdurmaq üçün bu yola baş vurublar.
“Onlar mənim oğlumla illərlə çörək kəsiblər. İnsan nə qədər Allahsız olmalıdır ki, süfrəsindən çörək yediyi adama belə şər yaxsın, böhtan atsın”, – Aqil Babayevin anası Havanisə Babayeva belə deyir.
Aqil Babayevin işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun 20 il ərzində 50-yə yaxın adamı aldatdığı iddia olunur.
Aqil Babayevin istintaq dövründə həbsdə saxlanması haqda avqustun 4-də Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verilsə də, təmin olunmayıb. Sonradan vəkilinin onun ev dustaqlığına buraxılması üçün verdiyi vəsatətə də məhkəmə “yox” deyib.
Vəkili Elnur Quliyev də irəli sürülmüş ittihamı əsassız sayır: “Hesab edirik ki, böhtana məruz qalıb. Ümid edirik ki, hüquq-mühafizə orqanları obyektiv araşdırma aparacaq”.
Natiq Sadıqovun vəkili Aqil Nuriyev isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs “Shaurma-1” restoranlar şəbəkəsinin sahibi deyil. Onun sözlərinə görə, “Shaurma-1”in sahibi başqasıdır. Vəkilin sözlərinə görə, Aqil Babayevin ailə üzvlərinin dedikləri və mediada yazılanlar sahibkar kimi Natiq Sadıqovun işgüzar nüfuzuna xələl gətirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti də Aqil Babayevin ailə üzvlərinin dediklərini təkzib edib:
“Bu fikirlər əsassız olmaqla, istintaqın gedişinə maneə və istintaq aparan əməkdaşlara təzyiq kimi qiymətləndirilir. Aqil Babayev konkret şəxslərə qarşı dələduzluq əməli etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb”.
Nazirlikdən o da bildirilib ki, Aqil Babayev və yaxınlarının şikayətləri araşdırılıb: “Heç biri öz təsdiqini tapmayıb”. //PRESSKLUB.AZ//