Son Xəbər:
Tarix: 6-09-2021, 08:15
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında 3-cü günün yarışları başa çatıb.
Azərbaycan təmsilçiləri bu gün 3 növdə mübarizə aparıblar. Belə ki, kəmər güləşində təsnifat və medal görüşləri keçirilib. Bu növdə kişilərdən Nahid Vəliyev (57 kq) və Məhərrəm Eyvazov (68 kq), qadınlardan isə Sənubər Nəbiyeva (66 kq) və Aytəkin Paşazadə (76 kq) çıxış edib. Onlardan yalnız S.Nəbiyeva cəmi bir görüşdə qalib gələrək bürünc medala layiq görülüb. Bu, həm də Azərbaycanın gün ərzində qazandığı yeganə medal olub. Qalan pəhləvanların hamısı bütün qarşılaşmalardan məğlub ayrılıblar.
Tayboks növündə Musa Nuruzadə (57 kq) və Məhər Əsədzadə (63,5 kq) təsnifat görüşünə çıxıb. M.Nuruzadə döyüşündən məğlub ayrılsa da, M.Əsədzadə erməni rəqibini vaxtından əvvəl nokautla udub.
Basketbolun 3X3 növündə B qrupunda yer alan Azərbaycan millisi isə iki görüş keçirib. İlk qarşılaşmasında Qırğızıstana 16:10 hesabı ilə qalib gələn yığma, növbəti matçında Belarusa uduzub - 12:20. Samit Nuruzadənin baş məşqçi olduğu kollektivdən ən çox xalı Əndər Poladxanlı yığıb. O, Qırğızıstanla görüşdə 9, Belarusla oyunda 4 xal toplayıb.
Sentyabrın 6-da keçiriləcək yarımfinal görüşündə Azərbaycanın rəqibi Rusiya olacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Digər yarımfinal qarşılaşmasında isə Belarus komandası Özbəkistanı sınağa çəkəcək.
Bu nəticələrdən sonra Azərbaycan Oyunlarda 6 qızıl, 4 gümüş və 12 bürünc medal qazanaraq ümumi hesabda 9 iştirakçı ölkə arasında 3-cü pillədə qərarlaşıb. İkinci yerə 33 medalla (13 qızıl, 12 gümüş, 8 bürünc) Özbəkistan yüksəlib. Birinci pilləni isə 60 medalla (34 qızıl, 14 gümüş, 12 bürünc) Rusiya tutub.