Son Xəbər:
Tarix: 7-09-2021, 09:01
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Rusiyanın Müdafiə Nazirliyi Qarabağa yerləşdirilmiş sülhməramlılarına xidmət üçün tender elan edib və elanın mətnində “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlədib. Rusiyanın GOV.RU hökumət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda “Dağlıq Qarabağ Respublikası” ifadəsi çıxarılmayıb. İki gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya saytında bu ifadədən istifadə olunması ilə bağlı rəsmi Moskvaya etirazını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, “qarşı tərəf bu məsələnin texniki səhv” olduğunu bildirərək, “aradan qaldırılması üçün müvafiq addımların atılacağını” deyib.
Sonradan isə bəlli olub ki, nəzərdə tutulan tender ləğv edilib. Bu barədə Rusiya Federasiyasının Dövlət sifarişlərinin saytında qeyd var. Rusiyalı hərbi ekspert və politoloq Oleq Kuznetsov isə baş verənləri siyasi kobudluq və yaxud rusiyalı məmurların kütbeyinliyi adlandırıb.
Bunu azərbaycanlı ekspertlər necə dəyərləndirir? Rusiyanın Azərbaycana mesajı kimi, yoxsa Rusiya hökumətindəki bəlli qrupların şantajı, Putin-Əliyev münasibətlərini sabotajı kimi?
Politoloq İlyas Hüseynov bildirdi ki, Rusiyanın GOV.RU hökumət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatdan “Dağlıq Qarabağ Respublikası” ifadəsinin çıxarılmaması Azərbaycana qarşı təxribatdır. Bunu başqa cür şərh etmək düzgün olmazdı: “Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya saytında bu ifadədən istifadə olunması ilə bağlı rəsmi Moskvaya etirazını bildirməsinə baxmayaraq, hələ də qondarma qurumun adının Rusiyanın hökumət saytında qeyd olunması heç bir çərçivəyə sığmır. Əgər Azərbaycan XİN-in etirazından sonra saytda ”Dağlıq Qarabağ Respublikası" ifadəsi çıxarılsaydın, o zaman düşünmək olardı ki, texniki səhvə yol verilibmiş və ya hansısa məsul şəxslərin diqqətsizliyi üzündən o ifadə hələ də saytda qalırmış. Ancaq qeyd etdiyimiz kimi, Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi etirazından sonra məlum ifadə saytdan yığışdırılmayıb. Ona görə də bu yanaşmanı heç bir texniki səhv adlandırmaq olmaz. Bu hərəkət açıq-aşkar suverenliyə və ərazi bütövlüyünə qarşı hörmətsizlikdir".
Politoloq vurğuladı ki, Rusiya tərəfi dəfələrlə ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də rəsmi saytdakı “texniki xəta” heç cür anlaşılmır: “Məsələnin digər narahatedici məqamı da bundan barətdir ki, eyni gündə digər separatçı və tanınmamış qurumlar üçün də bu cür ”tenderlər" keçirilib. Görünür ki, Rusiyada bəziləri beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətsizlik etməklə divident qazanmağa və Rusiya-Azərbaycan münasibətlərini korlamağa cəhd göstərirlər. Eyni zamanda nəbz yoxlaması da həyata keçirilir".
İ. Hüseynov qeyd etdi ki, Xarici İşlər Nazirliyinin etirazı kifayət etmədiyinə görə digər təsir mexanizmlərinin də işə salınmasına ehtiyac duyulur.
“Yeni Müsavat”