Son Xəbər:
Tarix: 23-01-2020, 12:22
Aparıcı Afaq Gəncəlinin Axşam.az-a müsahibəsi:
- Afaq Gəncəli, son günlər hər kəs televiziyadakı eynilikdən şikayətçidir. Xüsusilə bu şou verilişlərində özünü göstərir. Bu barədə fikirləriniz necədir?
- Ekranda elə bir şou verilişi görmürəm. Cəmi iki maqazin verilişi var: “ATV maqazin onlarla” və Zümrüd Bədəlovanın “X maqazin”i. Bəlkə də var, amma mən görməmişəm. Nə yalan deyim? Başqa şou xarakterli verilişlər mənə maraqlı deyil, baxmıram. Çünki eyni müğənnilər, mövzulardır. Kimsə kimdənsə görür, götürür. Sağdan sola, soldan da sağa keçirlər ki, guya burada düzəliş edirlər. Halbuki təkrarlayırlar. Bizim evimizi yıxan bunlardır...
İşləmək, yeni ideyalar ərsəyə gətirmək istəmirlər. Sonra irad bildirirlər ki, guya sən yenilik edib neyləmisən? Sən də kimdənsə götürmüsən. Yaxşı, mən kimdənsə götürmüşəmsə, heç olmasa, sən məndən götürmə. Biri var A klass, biri də var ki, C, D, E klass. Mən heç olmasa, A klass edirəm, sən niyə məni təkrarlayırsan? Sən də başqasını təkrarla, deyim ki, bizim teleməkanda bunu birinci sən elədin. Nə olsun ki, digər xarici kanallarda bu var? Onsuz da bütün verilişlər bir-birini təkrarlayır. Dünya praktikasında da belədir. Brend geyimləri belə təkrarlayırlar. Bu, normaldır. Sabahı gün məndən götürüb, məni yamanlama.
Maraqlı ideyaları, mövzuları olsa, uşaqlarıma (“ATV maqazin onlarla” kollektivi – red.) gəlib demirəm ki, siz niyə bunu etmirsiniz? Deyirəm ki, yenilik edək. Demirəm ki, niyə filan kanalda filan verilişdə kiminsə ağlı işləyir, sizin yox?
“DİGƏR VERİLİŞLƏR BİZİ KOPYALAYIRLAR”
- Bəs, sizdən kopyalayanlar olur?
- Təbii ki... Mənim də, Ruslanın da (Aparıcı Ruslan Ağayev - red.) rubrikalarını kopyalayırlar. Sujetlərə toxunmuram. Onlar elədir ki, hamıda dəsti-xətt eynidir. Sujetdən mövzularımızı götürürlər. Mən gələn həftəyə sujet hazırlayanadək, onların verilişi sabahdırsa, yeddi gün ərzində üzərində çalışırlar.
- Şou-biznesdə də sönüklük hökm sürür. Əvvəlki qalmaqallar yoxdur... Verilişinizə təsir edir?
- Əlbəttə təsir edir. İllər öncə müğənnilərin açıqlamaları ilə indiki arasında yerlə-göy qədər fərq var. Bizdə fərqlilik, özəllik yoxdur. Hər zaman kimsə kiməsə baxıb nəsə edir. Heç kəs özü olmaq istəmir. Vaxtilə Aygün Kazımova, Röya Ayxan, Faiq Ağayev, Samir Bağırov, Manana və başqaları hansı ki, indi Xalq artistləri və Əməkdar artistdirlər. Onlar hər şey ediblər. Həmin vaxtlar onlardan bir-iki pillə aşağıda olanlar baxırdı və təkrarlayırdı. O zaman şou-biznes maraqlı olurdu. İndi dövran dəyişib, adını çəkdiyim şəxslər deyir ki, hər şey etmişəm, artıq sənətimlə məşğul olmağa başlayım. Halbuki yenə də nəsə edirlər. Balacalar var ha... Yenə də onlardan ibrət götürürlər. Deyirlər ki, onlar heç nə etmir, mən də etmirəm...
Təkrarlama, özün ol, maraqlı ol! Vaxtilə Elnur Məmmədovla Natavan Həbibinin kadrları aylarla danışılırdı. Aygün Kazımovanın konsertdə göstərdiyi şoular, verdiyi müsahibələr hələ də baxılır. Faiq Ağayev, Nadiq Qafarzadə, Röyanın açıqlamaları indiyədək yaddaşlardadır. Deyirik ki, haradadır bu müsahibələr?
“ELZA DONDAN-DONA GİRMƏKDƏN BEZDİ”
- Bəs, indi maraq qatmaq üçün nə edirsiniz?
- Bu, mənim işimdir, yolumdur. Bacardığımız qədər çalışırıq ki, maraqlı olsun. Yenə də sənətə təzə gələn birinin eqosu maraqlı olmasına imkan vermir. Yenə də filankəslərlə özünü bir tutur. Sən filankəsə niyə baxırsan? O yerini tutub axı. Heç kəs sənə demir ki, kiməsə söz at, boş-boş qalmaqal yarat. Fərqli ol və maraqlı ol. Bu, bəs edər. Mən nə qədər Aygündən, Faiqdən, Röyadan sujet verim? Elza Seyidcahan dondan-dona girməkdən bezdi. Neyləsin yazıq? Görür ki, heç kim heç nə etmir. O da nə edir, hər zaman aktual olur.
- Çox zaman jurnalistləri və aparıcıları sənətçiləri xalqın gözündən salmaqda ittiham edirlər...
- Düzgün fikirlərini ifadə edə bilmirsə, onu dediyi kimi anlayıramsa, mən niyə gözdən salıram ki? Onun dediyini göstərirəm, sabahı gün dönüb desə ki, mən bunu belə demək istəmirdim. Deyirəm ki, kadra nə düşübsə, mən də onu yayımladım. Sabah sən oturub nə düşünürsənsə, bunun günahı məndə deyil. Başına yolka qoymusan, mən onu çinar ağacı kimi görmürəm ki? Yolka görürəm də. O yolka da sənin başındadır, mənim başımda deyil ki? Sən mənə deyirsən ki, niyə göstərirsən? Mən gördüyümü göstərirəm. Elə addım at ki, həm maraqlı olsun, həm düşündürücü, həm də yaddaqalan olsun. Sən onu etmirsənsə, mənim nə günahım?
“... MƏNİM VERİLİŞİMƏ ÇƏKİLMƏDİNSƏ, HEÇ KİMSƏN”
- Ən son yadınızda qalan maraqlı şou-biznes hadisəsi hansıdır?
- Yaddaqalanı var ki? Hadisə yoxdur. Heç nə görmürəm. Yeni sənətə gələnlərin çoxu öz aləmində sənətkardır. Hamısı "mən toxunulmazam" deyirlər. Səni verilişə çəkməyəndə kim olursan? Haradasan? Hər gün mahnı oxuyursan. Hanı, “tutuzdurursan”? Eşidəndə də mahnını deyirəm ki, bu musiqi filan mahnıya oxşayır. Söhbət ondan getmir ki, mənim verilişimə çəkilmədinsə, heç kimsən. Bu o deməkdir ki, sən bir yerdə nə qədər fırlanırsan: Ha fırlan bir verilişdə, bir kanalda... Bu, düzgün deyil. Özünü elə təqdim et ki, səni hər bir kanal, veriliş, sayt çəksin. Buradan ora hər kəsin marağında gəzəsən. Həm mənfini, həm müsbətini göstərsinlər. İnsanın mənfisini ortaya qoyanda buynuzlarını çıxarmamalıdır. Deməməlidir ki, mən filankəsəm, sən məndən yaza bilmərsən. Necə yəni? Dünənə kimi səni göstərirdim, səndən yazırdım. İndi nə oldu? Sənətkar oldun? Mən belə şeyləri qəbul etmirəm. Belə getsə, şou-biznesimiz uçurumdadır. Hər il daha da uçuruma gedir. Bir qram da qənaətbəxş bir şey yoxdur. Nə klipləri, nə də yaddaqalan mahnıları yoxdur. Eyni adamlar, eyni musiqilər, eyni mahnılar. Nə qədər olar Miri Yusifdən Aygünə, Aygündən Röyaya? Fırlanaq görək nə qədər fırlanırıq? Adam bezir axı. Elə bacarıqlı, istedadlı uşaqlar da var ki, bazara girə bilmirlər. Bilmirəm ki, nədəndir. Səhnə onları itələyir, geri qaytarır. Düzgün yanaşmaları yoxdur. Bu, həmçinin aparıcılara, müğənnilərə, aktyorlara da aiddir. Bir müddət ortaya xüsusi bir baza gəldi – məhsuldar sənətçilər, ulduzlar. Arxası elə bil ki, boşluqdur. Gələn uçuruma düşür...
- Aparıcılar demişkən... Bu gün efirdə gördüklərimiz sizin nəzərdə tutduğunuz zamandan qalanlardır. Yeni aparıcılar ya yoxdur, olanlar isə yox kimidir...
- Rəqabət də yoxdur. Kimə baxasan? Bir tərəfdən yaxşıdır, bir tərəfdən də pisdir. Nə qədər Zaur Baxşəliyev, Nanə Ağamalıyeva? İlkin Həsəni getsə də, yenə də yerindədir. Barmaq sayı qədər aparıcılar var. Hansılar ki, illərdir televiziyadadırlar. Yeni gəlsin ki, mən də baxım, deyim ki, hə, bunda nəsə var, yaddaşda qalacaq...
- Bu qədər “yoxluğ”un içində sizə stimul verən nədir?
- İşimi çox sevirəm, komandam yaxşıdır. Tək olsaydım, bəlkə də bacarmazdım. Çünki tənbəl insanam. Uşaqlarım ideyalar verirlər, baxıb ruhlanıram. Başqa mənə stimul verən bir şey yoxdur. 18 yaşımdan bu işlə məşğulam. İstəyirəm ki, nəsə yaxşı bir iş alınsın. Yenə də deyirəm ki, bəlli bir yerədək addım ata bilirsən. Sizə desəm ki, işim əladır yalan olar. Yenilik nə var ki, hər şey əla olsun? Bacardığımız qədər yenilik edirik. İndiyədək hansı maqazin verilişində xarici ulduzlarla özəl müsahibə alıb verilişə çəkiblər? Kanalı, verilişi, Azərbaycanı tanıtdırırıq. Düzdü, onlar ölkəmizi tanıyırlar. Amma bir televiziya olaraq bunu edirik. Hazırda Gürcüstandayıq, buradan da başqa ölkələrə keçəcəyik. Heç olmasa, ulduzlarımız buna baxıb desinlər ki, mən o qonağın yerində otura bilərdim. Qoy, o qədər maraqlı olum ki, rubrikasına məni çəksin. Nəyə görə gedir xaricilərdən tutur? Bilirsiz, niyə tuturam? Çünki bizdə maraqlı nəsə yoxdur. Çəkiliş etmək istəyirsən, deyir ki, mənə o sualı vermə, filankəs o verilişə gəlirsə, mən gəlmirəm, əvvəlcədən suallara baxım. Deyir ki, filan şey olmasın, sevgilim var, filankəs kriteriyalarıma, səviyyəmə uyğun deyil və sairə...
“MÜĞƏNNİLƏR VƏZİFƏLİ ŞƏXSLƏRDƏN DƏ TOXUNULMAZDIR”
- Sizcə, qismən də mediada günah yoxdur? Biz həm sayt jurnalistikasında, həm də televiziya jurnalistikasında məşhurlara çox ixtiyar vermişik...
- Deyim niyə? Məşhurlar sağ olsunlar elə şərait yaradıblar, elə münasibətlər qurublar ki... Şəxsən mənə zənglər gələndə fikir vermirəm. Amma elə zənglər gəlir ki, həmin kadrlar yerli-dibli silinir. Sən də işçi olaraq heç nə deyə bilmirsən. Elə yerlərdən tapşırırlar ki... Müğənnilərimiz vəzifəli şəxslərdən belə toxunulmazdır. Onlara sözünü deyə bilirsən, müğənnilərimizə yox. Ona görə heç vaxt sərhədi keçə bilməyəcəklər. Çünki hərəsinin özünəməxsus eqosu var. Nəyə arxalanıb o eqonu özlərinə qəbul etdirirlər və istəyirlər ki, kimsə onları qəbul etsin... Bir dağı dağ üstünə, daşı daş üstünə qoy, deyim ki, hə, mən sənə özüm toxunmaram.
- Kimi müğənni kimi qəbul etmirsiniz?
- Bəlli bir kateqoriya var ki, onlardan başqa müğənni tanımıram. Səsi ola bilər, amma şou adamı, maraqlı sima kimi tanımıram. Rəhmətlik İlhamə Quliyeva ölümündən iki gün öncəyədək danışırdı, deyirdi, edirdi. Hər zaman da maraqlı idi. Sənəti də, səsi də öz yerində idi. Çünki qadın anlayırdı ki, nə işlə məşğuldur. Bunların eqolarını, mənəmliyini anlamıram. Bu gün aparıcı kimi mənə hansı verilişi versələr, aparacam. Niyə? Çünki mənim işimdir. Sən də müğənnisən də. Tək işin oxumaq deyil axı. İstəyirsənsə, səndən yazım? Maraqlı ol. Oxumaq onsuz da sənin vəzifəndir. Cenifer Lopezin libasını geyinirlər, o da “patent stili”ndə olur. Daşıya da bilmirlər. Heç olmasa libası geyinəndə CeyLonun şousunu da göstər, rəqsini də elə. Cəsarətli ol, açıq geyin. Onun paltarını geyinir, yaxasını bağlayır. Biabırçılıqdır. Heç bir tərəfə baxıb fərəhlənə bilmərəm, çünki bəlli bir müğənnilərimizin vəziyyəti acınacaqlıdır. Səsi, mahnısı var, amma yapışmır. Çünki eqoları var. “Mənəm!” deyirlər... Bildik də, sənsən... Başa düşdük. Epidemiya kimi nəsə baş verməlidir ki, bunlar təzədən başlasınlar...
Pərviz Hüseyn