Son Xəbər:
Tarix: 24-01-2020, 11:37
Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası tam sürət davam edir. Namizədlər içərsində ən fəallardan olan, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev rayon və kənd əhalisiylə hər gün görüşlər keçirir.
Yanvarın 20-də İmişlinin Şəhidlər Xiyabınını ziyarət edən namizəd daha sonra rayon camaatı ilə görüşüb. Razi Nurullayev vətəndaşları narahat edən bir çox məsələlərə toxunub. Şəhid ailələrinin, qazilərin qayğılarından danışan Razi Nurullayev bildirib ki, bir icra başçısının, bir imkanlı şəxsin bir şəhid ailəsinə, bir qaziyə mənzil, avtomobil bağışlaması ümumi problemi həll etmir. Namizəd vurğulayıb ki, bu cür problemlər kompleks şəkildə həll olunmalıdır, bunun üçün isə dövlət proqramı lazımdır. Razi Nurullayev bununla bağlı hökumətə təkliflər verdiyini deyərək, bundan sonra da bu məsələləri gündəmdə saxlayaraq həllinə çalışacağını bildirib.
Daha sonra əhalinin banklara olan kredit borcları, problemli kreditlərin həlli ilə bağlı danışan namizəd bildirib ki, məsələ qismən həllini tapsa da problem tam aradan qaldırılmayıb:
“Mən yorulmadan kredit borclarının bağışlanması və ya həlli üçün gecə-gündüz danışdım, mübarizə apardım və bu məsələni gündəmdən düşməyə qoymadım. 2018-ci ilin Prezident seçkilərində Prezidentliyə namizəd kimi ən böyük vurğunu xalqın sosial problemlərinə yönəltdim. Və kredit borcları problemi qismən həll edildi”.
Namizəd həmçinin təbii yanar qazın limitinin götürülməsi üçün gecə-gündüz mübarizə apardıqlarını qeyd edib:
“Həftədə 3-4 dəfə bu məsələ ilə bağlı yazdıq, dedik, danışdıq və məsələni kampaniyaya çevirdik. Xalq da dəstək verdi. Limitin xalqa bəs etməsi ilə bağlı mif, yalan üzə çıxdı və Prezident qaz limitini xalqın xeyrinə həll etdi. Amma, yenə də bu problem tam olaraq xalqın xeyrinə həll olunmasına ehtiyac var və bu məsələni də daim gündəmdə saxlayacam”
Daha sonra Razi Nurullayev vətəndaşların irad və şikayətlərini dinləyib. Öncəki deputatların etimadlarını doğrultmadığını deyən sakinlər, ümidsiz olduqlarını bildiriblər. Razi Nurullayev isə insanları inamlı olmağa çağıraraq, əsas fəaliyyətinin, missiyasının insanların üzünü güldürmək, vətəndaşa ümidli gələcək vermək olduğunu vurğulayıb.
Razi Nurullayev yanvarın 21-də İmişlinin Muradallı, Otuziki və Nurulu kədinin sakinləri ilə görüşüb. Burda da kənd sakinləri artıq deputatlara, məmurlara inamlarının qalmamasını, ümidsiz olduqlarını dilə gətiriblər. Razi Nurullayev isə kənd sakinlərinə söz verib ki, əgər seçkilərdə qalib gələrsə öz fəaliyyətiylə vətəndaşın millət vəkillərinə itmiş inamını geri qaytaracaq. Burda da əsas sosial problemlrədən danışan Razi Nurullayev pensiya məsələsinə toxunub. O, pensiyaların çox aşağı, yaş həddinin isə yüksək olduğunu bildirib və vurğulayıb ki, bununla bağlı hökumətə təkliflər verəcək, deputat seçilərsə parlamentdə məsələ qaldıracaq. Kəndlinin, rayon əhalisinin sosial həyatının ağır olduğunu deyən Razi Nurllayev bildirib ki, insanlara sosial biznes krediti verilməlidir. O, deyib ki, insanları yardıma alışdırmaqdansa, iş qurmağı, pul qazanmağı öyrətmək, bu işi stimullaşdırmaq lazımdır:
“Yorulmadan deyirdim ki, kasıb əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onlara sosial biznes krediti verilməlidir və həm də onlara verilən kreditdən sərfəli istifadə edərək pul qazanmağı öyrətmək lazımdır. İndi bu məsələ hökumət tərəfindən yerinə yetirilməkdədir, amma bu məsələnin əsaslı şəkildə təkmilləşdirilməsinə ehtiyac var. Çünki, heç də verilən yardımlar insanların ehtiyaclarını həll edə bilmir”.
Namizəd seçkilərdə qalib gələcəyi təqdirdə bu məsələni daim parlamentdə gündəmə gətirəcəyini qeyd edib.
Razi Nurullayev yanvarın 22-də Xoşçobanlı və Murğuzallı kəndlərinin sakinləri ilə görüşüb. Orda da digər görüşlərdə olduğu kimi cəmiyyətin əsas problemlərə toxunan Razi Nurullayev vətəndaşla məmurlar arasında uçurum olduğunu deyib. O, bildirib ki, xalqın problemlərini dəqiq bilmək üçün sadə yaşam tərzi keçirmək, tez-tez xalqın arasında olmaq lazımdır:
“Ən azı ildə bir neçə dəfə xalqın yaşadığı kimi yaşayıb, onun kimi hisslər keçirmək gərəkdir. Bu birmənalıdır. Vəzifəli şəxs, məmur, deputat ayağına rezin çəkmə geyinib, su sulamırsa xalqı başa düşə bilməz. O, şor yemirsə xalqı başa düşə bilməz. O, çöldə ocaq qalayıb yemək bişirmirsə, o ocağın tüstüsü ona hopmursa xalqı başa düşə bilməz. Məmur kanallardan, arxlardan gələn bulanıq suyu duruldub ondan çay dəmləyib içmirsə xalqı başa düşə bilməz. O, təzək yandırıb onun istisinə qızınmırsa xalqı başa düşə bilməz. Palçıqlı, tozlu yolda ayaqqabısını batırmırsa xalqı başa düşə bilməz”.
Sonda vətəndaşların şikayət və iradlarını dinləyən namizəd, insanları ümidli olmağa, seçkilərdə fəal iştirak etməyə, səslərinin arxasında durmağa çağırıb.
Razi Nurullayev yanvarın 23-də rayonun bir neçə qəsəbəsində, eləcə də Mürsəlli və Qaraqaşlı kəndlərində vətəndaşlarla görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib. Sədr burda da insanları maraqlandıran əsas problemlərə toxunub. Vətəndaşın evsizlik promlemini dilə gətirən Razi Nurullayev, bu problemin həlli üçün Avropa nümunəsinin tətbiqini məqbul hesab etdiyini deyib:
“Mən sosial evlərlə bağlı Fransa təcrübəsinin tətbiqini təklif etmişdim. Prezidentin bu məsələ ilə bağlı iradəsi var. Sosial evlər tikilir, amma insanların ehtiyacını ödəmək üçün bu məsələyə kökündən yanaşmaq və yaxın 10 il ərzində hər bir vətəndaşın evlə təmin olunmasına nail olmaq zərurətdir və bunu deməliyik, danışmalıyıq”.
Razi Nurullayev bu məsələni də daim gündəmdə saxlayacağını vurğulayıb. Daha sonra vətəndaşın ən yaralı yeri, uşaqpulu məsələsinə toxunan deputatlığa namizəd, ailələrə uşaq pulunun, hər doğulan uşağa birdəfəlik yardımın verilməsi ilə bağlı məsələni daim gündəmdə saxladığını, bununla bağlı tələblərində israrlı olacağını deyib:
“Bununla bağlı dayanmadan danışmışıq, mübarizə aparmışıq və aparacağıq. Bu məsələ bu və ya digər şəkildə xalqın xeyrinə həll olunmalıdır. Yeni doğulan uşaq sağlam böyümürsə, onun valideynləri övladını zülm içində böyüdürsə vətəni kim qoruyacaq, bu ölkənin gələcəyini kim təmin edəcək ? Hökumət hər bir uşağın böyüməsində ən az ailəsi qədər yaxından, bir başa iştirak etməlidir. Hökumət hər doğulan uşağa əsgərlik yaşına kimi xüsusi qayğı göstərməlidir ki, onu əsgərliyə, müharibəyə aparmağa ən azı mənəvi haqqı olsun”
Sonda Razi Nurllayev vətəndaşları dinləyib. O, ümidsiz olduqlarını deyən sakinləri ümidli gələcək uğrunda birlikdə mübarizəyə çağırıb.
Razi Nurullayev İmişlinin Şəkər Zavodunda 500 nəfərin işdən çıxarılması ilə bağlı məsələyə də toxunub. O, bu hadisəni faciə adlandırıb:
“Çünki, 500 nəfər ailə çətinliklə üzləşəcək. Şirkət rəhbərliyi zavodun 3 ildir zərərlə işlədiyini deyir. Bu üç ildə hökumətin bu məsələyə biganə qalması, zavodun zərərlə işləməsinə laqeydlik göstərməsi, zavodun istehsal etdiyi məhsulun rəqabətlilik əmsalının zəif olduğunu bilərək, ucuz idxalı məhdudlaşdırmaması başadüşülən deyil. Bunu tənzimləmək mümkün idi və hələ də gec deyil. Hökumət təcili bu məsələnin həlli üçün konkret addımlar atmalı və zavodun fəaliyyətini bərpa edərək, işçiləri geri qaytarılması üçün təcili işlər görməlidir”.