Son Xəbər:
Tarix: 11-02-2020, 14:30
Prezident İlham Əliyev “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərovun ölümü ilə əlaqədar nekroloq imzalayıb.
Müvafiq mətni AZƏRTAC yayımlayıb.
“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat edib.
Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləyib, 1954-1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxuyub, 1959–1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil alıb.
Miri Qənbərov 1956-cı ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sistemində fəaliyyət göstərib, 1961-ci ilədək “Azərittifaq”ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961–1978-ci illərdə “Azərittifaq”ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978–1979-cu illərdə yenidən “Azərittifaq”ın mərkəzi aparatında baş əmtəəşünas, 1979–1980-ci illərdə “Azərittifaq” İstehsalat İdarəsinin rəisi olub, 1980-1981-ci illərdə Bakı Şəhər Ticarət İdarəsində şöbə rəisi, 1981-1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982-1994-cü illərdə Respublika İdman və Mədəni Mallar İdarəsinin baş direktoru işləyib.
Miri Qənbərov 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunadək “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Uzun illər boyu çalışdığı vəzifəsindən asılı olmayaraq, bütün sahələrdə Miri Qənbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırıb. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf edib.
Miri Qənbərov respublikanın ictimai həyatında fəal iştirak edib, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olub və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə üzv seçilib.
Miri Qənbərovun uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də, 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qənbərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Oqtay Əsədov
Samir Nuriyev
Şahmar Mövsümov
Natiq Əmirov
Eldar Əzizov”.