Son Xəbər:
Tarix: 18-02-2020, 11:48
Politoloq Andranik Tevanyan “Facebook” sosial şəbəkəsində Nikol Paşinyanla İlham Əliyev arasında Münxendə baş tutmuş debatdan yazıb.
Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında “xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində debat olub. Debatın hansı nəticələri verəcəyini indidən söyləmək çətin olsa da, istənilən halda, baş verənləri qiymətləndirməyə ehtiyac var.
1. Əvvəlcə tərəflərin psixoloji hazırlığı və “bədən dili” haqda
İlham Əliyevin oturuşu, davranışı, periodik olaraq Paşinyanın çıxışlarına gülümsəməsi, bəzən isə açıq şəkildə gülməsi (məsələn, Paşinyan velosiped ixtira edən adama xas entuziazmla “mikro-inqilab”dan danışan zaman) müharibədə məğlub tərəfin biz olduğumuz təəssüratı yaradırdı. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da əyləşdiyi yerdən Nikol Paşinyanın sözlərinə gülürdü. Bu, hökumət rəhbərimizlə yanaşı, həm də dövlətimizə qarşı hörmətsizlik idi. Təqsirkar isə Paşinyandır. Qarşı tərəfin onunla bu cür davranmasına şəraiti baş nazirin özü yaradıb.
İndi təsəvvür edirsinizmi bağlı qapılar arxasında hansı biabırçılıqlar baş verir? Münxendə əslində hər kəs kulis arxasında kimin necə davrandığını da gördü. Kulis arxasında diktə edən və baş əyənin kim olduğu da üzə çıxdı.
Paşinyan heç yerində rahat otura da bilmirdi. O, demək olar ki, bədənini, xüsusən əllərini, ayaqlarını necə idarə edəcəyini bilmir, dayanmadan yerində tərpənirdi (gah bığına toxunurdu, gah saqqalını sığallayırdı və s.). Bir sözlə, N.Paşinyan auditoriya üçün gülüş obyektinə çevrilmişdi.
Özünü tam itirmiş, üzündə yazıq ifadə yaranmış Paşinyan sanki sülh üçün yalvarırdı. Bu, eyni zamanda, dərsini bilməyən şagird baxışı idi. Müzakirənin gedişində çantasını eşələyərək kitablar çıxarması isə şagirdin şparqalkadan istifadəsini xatırladırdı.
Yeri gəlmişkən, pencəyin çöl cibində smartfon saxlamazlar. Bu, mədəniyyətsizlik əlamətidir.
Bir sözlə, tarixi min illərlə ölçülən, üstəlik, Qarabağ müharibəsində qalib gəlmiş xalqı müvafiq biliyə və psixoloji keyfiyyətə malik olmayan adamın təmsil etməsi ayıbdır!
2. Söhbətin məzmunu haqda
Azərbaycan tərəfi Münxendə də on illərdir təkrarladığı arqumentləri irəli sürdüsə, Paşinyanın müzakirəyə ümumiyyətlə hazır olmadığı açıq-aşkar ortaya çıxdı. Hər halda, onun mövqeyi “problem Azərbaycan, Ermənistan və “Qarabağ xalqı” tərəfindən həll olunmalıdır” kimi boş sözdən başqa bir şey ifadə etmədi. Debat boyu elə təsəvvür yaranırdı ki, Ermənistan baş nazirinin bundan başqa söyləyəcəyi sözü yoxdur.
Paşinyan məsələnin incəliklərini bilmir və görünən odur ki, bilməyə heç can da atmır. O, orijinal görünmək üçün danışıqlar prosesinə öz mövqeyilə qoşulmaq istəyir. Halbuki, onun mövqeyi məzmunsusdur.
İlham Əliyev isə əslində Ermənistanda kimlərlə işləmək istədiyini növbəti dəfə ortaya qoyub. Azərbaycan prezidenti münaqişənin mərhələli həllinin, yəni Levon Ter-Petrosyanın müdafiə etdiyi variantın tərəfdardır. Ermənistanda 1998-ci ildə baş vermis dövlət çevrilişinin səbəbi isə məhz bu idi…
Yeri gəlmişkən, Ermənistanın birinci prezidenti hələ 1997-ci ildə deyirdi ki, erməni tərəfi məsələnin mərhələli həllinə razılıq verməzsə, gələcəkdə bu variantı da itirəcək. İlham Əliyevsə Münxendə göstərdi ki, Levon Ter-Petrosyan yanılıb. Başqa sözlə, 1997-ci ildən 23 il keçsə də, Azərbaycan mərhələli həllin tərəfdarıdır. Çünki bu, Qarabağın Azərbaycana qaytarılması yoludur!
Tərəflərin tarixlə bağlı təbliğat xarakterli çıxışlarını bir kənara qoyaraq qeyd etməliyik ki, İlham Əliyev danışıqlar prosesindəki mövqeyini növbəti dəfə səsləndirdisə, Paşinyan növbəti dəfə susdu!
Bakı Qarabağı Azərbaycanın tərkibində görür və azərbaycanlıları Şuşaya, həmçinin digər bölgələrə qaytarmaq istəyir. Bunun üçün isə İlham Əliyev vurğuladığımız mərhələli həll variantını təklif edir: işğal olunmuş ərazilərin boşaldılması, məcburi köçkünlərin geri qaytarılması və s.
Paşinyan Əliyevin şahin görünüşü fonunda özünü “sülh göyərçini” kimi aparırdı. Bu isə həm mənasız, həm də çox təhlükəli mövqedir. Berlin divarı fonunda şəkil çəkdirən zaman Qorbaçov da sülhsevər görünməyə çalışırdı. İngiltərənin baş naziri Çemberlen isə Hitlerlə “sülhsevərlik” oyunu oynamaq istəyirdi. Nəticələr hər kəsə bəllidir.
İlham Əliyev Münxen çıxışında əslində bir fikrini sanki təkrar elədi: Qarabağ Azərbaycandır və nida! Vəssalam! Paşinyan isə “Qarabağ Ermənistandır, nöqtə” fikrini unutmuşdu. Çünki o bu fikri Stepanakertdə (Xankəndi - WM) keçirilən mitinqdə, emosional şəkildə söyləmişdi. Emosiyalar yatıb və indi bu ifadə bizə qarşı işləyir.
Paşinyan debat zamanı “Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq” bəyanatını da səsləndirmədi. Halbuki, Yerevanın mövqeyini dünyaya çatdırmaq üçün yaxşı imkan yaranmışdı.
Ermənistanın baş naziri Levon Ter-Petrosyanın siyasi məktəbinin nümayəndəsidir. Sadəcə o, populist olduğundan, hakimiyyəti elə hakimiyyət naminə sevir. Başqa sözlə, Paşinyan heç bir missiya daşımır. Bu üzdən o, hər kritik məqamda məsuliyyəti öz üzərindən atmağa, bununla da qarabağlıları pis vəziyyətdə qoymağa çalışacaq. Baş nazirin Qarabağ məsələsilə bağlı taktika və strategiyası məhz bundan ibarətdir. Bu, özünü Münxendə də açıq-aydın göstərdi.
Yekun
Nikol Paşinyanla İlham Əliyevin debatını izləmək psixoloji cəhətdən çox çətin idi. Ölkəmizin başçısı savadlı, özünə inanan biri olsaydı, beynəlxalq auditoriya qarşısında Əliyevin sözlərinə tutarlı cavab verərdi. Bu debat özünü “utancaq gəlin” kimi aparan Paşinyanın əsl çəkisini ortaya qoydu!
Ən təhlükəlisi odur ki, öz nöqsanlarını görməyən Paşinyanın başqalarının fikrini öyrənməyə də mədəniyyəti çatmır! Onun işi mitinq keçirməkdir! Çünki bunun üçün ağıl lazım deyil. Bunun üçün yüksək səslə qışqırmaq yetir. Münxen isə mitinq yeri deyildi. Orda format tam başqa idi. Belə yerlərdə Paşinyan özünü yaxşı hiss etmir. Çünki bunun üçün nə cəsarəti var, nə biliyi! Ermənistanda kütlənin dəstəyilə şirə çevrilən adam kənarda pişiyə dönür! Əliyevlə Məmmədyarovun istehzalı gülüşünün səbəbi qarşılarında oturanın yazıq, diletant olması idi…
Paşinyan beynəlxalq auditoriya qarşısında nümayiş etdirdiyi “bilik ehtiyatı” və imiclə bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun əyninə çox böyükdür! Çox!
(Erməni dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Hraparak