Son Xəbər:
Tarix: 25-02-2020, 12:55
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxıb. İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğunu iddia edib.
MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. O, həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, 60 saylı dairə üzrə lider namizəd Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.
Fəzail Ağamalı Mərkəzi Seçki Komissiyasının 11 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv etməsinə münasibət bildirib.
Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, 60 saylı Salyan-Neftçala seçki dairəsində 11 seçki məntəqəsinin nəticələrinin ləğvi ümumi nəticələri dəyişmir və dairənin nəticələrinin ləğvinə əsas yaratmır: “Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsindən digər namizədlərin dairə seçki komissiyasının qərarından verdikləri şikayətə baxılıb. Təqdim edilmiş materiallar ciddi araşdırılıb. İclasda dairə üzrə mövcud olan 42 seçki məntəqəsindən 11-də səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin seçki dairəsinin 31 məntəqəsində səsvermənin nəticələri qüvvədədir. Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır. 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 seçki məntəqəsində nəticələrin ləğv edilməsi seçkilərin ümumi nəticəsinə təsir göstərmir. Seçki Məcəlləsində qeyd olunur ki, dairə ərazisindəki məntəqlərin beşdə ikisindən çoxunda nəticələr ləğv olunarsa bütövlükdə həmin dairədə seçkinin nəticələri ləğv edilir. 60 saylı dairədə bu hal yoxdur. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif rəy yazanlara təklif edirəm ki, Seçki Məcəlləsini oxusunlar, o zaman səsvermənin ümumi nəticələrinin dəyişib-dəyişməməsi ilə bağlı məlumat almış olacaqlar. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, daha çox səs toplayaraq qalib gəlmiş hesab olunuram. KİV-dən aldığımız məlumata görə, 60 saylı dairədə nəticələri zərrə qədər şübhə doğuran seçki məntəqlərində nəticələr ləğv olunub. Müəyyən videogörüntülər və müəyyən prosedur qaydalara seçki məntəqlərində əməl olunmaması həmin məntqələrdə nəticələrin ləğvinə səbəb olub”.
F.Ağamalı onu da dedi ki, bu dəfə seçkidə ciddi bir fenomenlə qarşı-qarşıya gəldik. Bu da sosial şəbəkələrin seçki prosesinə ciddi şəkildə müdaxiləsi idi: “Yəni müşahidəçilər əllərində telefon və ya kameralar bütün seçki prosesini izləyirdilər və bir sıra hallarda müdafiə etdikləri namizədlərin az səs topladıqlarını görərək prosesə ən xoşagəlməz şəkildə müdaxilə edirdilər. Bu təkcə bizim dairədə deyil, digər çoxsaylı dairələrdə də özünü göstərməkdəydi. Bir sıra məntəqə seçki komissiyaları öz vəzifələrini sona qədər qanunvericilik çərçivəsində yerinə yetirə bilməyiblər. Sosial şəbəkələr qanunda təsbit olunmayıb və bu boşluqdan bir çoxları sui-istifadə edirdilər. Mən hesab edirəm ki, sosial şəbəkələrin seçki prosesinə müdaxiləsi və qoşulması məsələsi hansısa şəkildə qanunda tənzimlənməlidir. Bu məsələyə hökmən baxılmalıdır”.
F.Ağamalı 9 fevralda demokratik seçkiləri təmin edən hakimiyyətə, müvafiq qurumlara, həmçinin seçicilərinə təşəkkür də etdi: “Seçkilərin demokratikliyi Azərbaycana yeni imkanlar açdı. Fürsətdən istifadə edərək 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, seçkiqabağı təşviqat kampaniyasında mənimlə bərabər olan, kifayət qədər fəallıq göstərən komanda üzvlərinə, xüsusi olaraq media nümayəndələrinə təşəkkür edirəm. Ədalətli, obyektiv qərar qəbul etdiyinə görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə, Ekspert Qrupuna minnətdaram. Ümidvaram ki, seçicilərin göstərdiyi etimad bundan sonra da dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqa varlığımla xidmət etməyimə, ulu öndərin müəyyən etdiyi yolla davam etməyə imkan yaradacaq”.