Tarix: 10-10-2022, 08:27
Praqada keçirilən dördlü görüş ümidverici nəticə ilə yekunlaşıb. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hər iki ölkə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.
Qeyd edək ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördlü görüş keçirilib. Görüşünün sonunda bəyanat qəbul edilib: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar
Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib: “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Hər halda, sülh prosesinə artıq təkan verildi”.
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşün detallarına toxunan Azərbaycan prezidenti deyib ki, bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra:
“Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır” .
Qafqazda davamlı sülh üçün
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünü şərh edib.
O, bu barədə tviter səhifəsində yazıb: "Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə gərginliyin davamlı azaldılmasını və Avropa İttifaqının dəstəkləməyə hazır olduğu sülh səylərinin intensivləşdirilməsini müzakirə etdik" .
Fransa Prezidenti Emmanuel Makron isə tviter hesabında görüş barədə foto paylaşaraq “Qafqazda davamlı sülh üçün” sözlərini yazıb.
Suverenliyi tanıyan Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıyır
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında deyib ki, artıq sülhə doğru addım atıldı və qərbin vasitəçiliyi ilə gedən proses deməyə əsas verir ki, suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır: “Yekun bəyanatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bununla bağlı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Burada suverenlik prinsipinin qeyd olunması da diqqət çəkir. Suverenliyi tanıyan Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıyır. Xatırladım ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Ermənistan 1992-ci ildə təcavüz edib, ərazilərimizdə işğal faktını həyata keçirmişdi. Praqada əldə olunan razılaşmaya görə, həmin işğal faktları aradan qaldırılır və SSRİ dağılandan sonra müəyyən olunan sərhədlərə istinad məsələsi öz əksini tapıb. Əsas vurğu isə Qarabağın azad olunması üzərindədir. Fakitiki olaraq Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq məcburiyyətində qaldı”.
Ə.Əlibəylinin fikrincə, bu görüşün digər əhəmiyyəti də odur ki, tərəflər ilk dəfə sülhə bu qədər yaxınlaşıblar. Eyni zamanda Makronun Azərbaycanın əleyhinə nəzərdə tutduğu diplomatik təzyiqləri alınmadı: “Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər.
Amma Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
Yəni Fransa sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməsi niyyəti baş tutmadı”.
Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin əlini güclü edəcək nüanslardan biri delimitasiya və demarkasiya prosesinə start verilməsidir. 12-14 sentyabr sərhəd toqquşmasından sonra Azərbaycanın dövlət sərhədi istiqamətində əldə etdiyi üstünlüklərin qorunub saxlanılması qəbul edildi.
Bu da təbii proses idi. Azərbaycan tərəfi o əraziləri böyük itkilər hesabına əldə edib, ona görə də oradan geri çəkilməsi mümkün deyildi: “Qısası, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi”.
"Şərq"