Son Xəbər: Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO,

Azərbaycan biznesinin beş daxili problemi

Azərbaycan biznesinin beş daxili problemi

Tarix: 27-02-2020, 20:45

Fəxri Ağayev yazır...
Bu gün Azərbaycanda fərqli iqtisadi reallıqların və biznes mühitinin olduğu bir dövrdə böyük firmalarımızın qarşılaşdığı daxili problemlər və sıxıntılar dərindən həll edilmədiyindən bunlar zaman keçdikcə artacaq, kök ataraq firma daxilində güclənəcək və möhkəmlənəcək.
Uzun illər ərzində böyük pulların olduğu mühitdə dotasiyalar və bank kreditləri üzərində duran Azərbaycan biznesi ciddi bir yol ayrıcındadır. Doğru istiqaməti seçmək üçün ilk öncə nöqsanları görmək və onları təhlil etmək lazımdır ki, növbəti mərhələlərdə bunların aradan qaldırılması ilə əlaqəli tədbirlər planı hazırlansın.
Azərbaycan iş dünyası və biznesini bu günə olan vəziyyətə hansı problemlər gətirib?
1. Peşəkar idarəçilər tərəfindən idarə edilməmə
Ölkəmizdə  “idarəçi” və “rəhbər” qədər ucuzlaşmış sözlər bəlkə də yoxdur.
Hərkəsin özündə gördüyü bir istedad varsa, o da idarəçilikdir. Müsahibələrdə “idarəçiyəm” deyənlərə niyə belə düşündüklərini soruşanda əksər hallarda aldığım cavab bu tərzdə olur: “Nə bilim. Oxumamışam da heç. Amma bilirəm ki, idarə edə bilirəm. Eliyərəm. Məndə bu var. Bu mənə verilib”.
İdarəçiliyin nə təhsilini almış, nə də özü oxumuş insanlar adətən buna ehtiyacın olmadığını da düşünürlər.
İllərdir sürətli, nəzarətsiz inkişaf olduğuna və böyük gəlirlərin rahat əldə edildiyinə görə biznes sahibləri ancaq bir meyara görə insanları işə almağa üstünlük verirdilər – şəxsi etibar. Yəni qohumluq, yerlilik, tanışlıq.
Şirkətin idarə edilməsi üçün ancaq 2 şöbəyə – satış və muhasibatlıq (pul gətirən və pul sayan) – ehtiyac görən bu tərz insanlar effektivlik, uzun müddətli strategiya, əməkdaşların peşəkar inkişafı, korporativ idarəetmə kimi mövzuları nəinki ikinci dərəcəli, ümumiyyətlə, lazımsız fəaliyyət və mənasız xərc olaraq qəbul edirlər.
Təbiidir ki, bir qurumda çox sayda savadsız insanların toplaşması o deməkdir ki, bu tərz insanlar ətraflarında heç bir zaman əsl peşəkarı görmək istəməzlər, çünki bu, onların status və maddi rifahı və komfortu üçün əsl təhlükədir.
Nəticə isə göz önündədir: bir neçə çalxantıda “uğurlu” holdinqlərimiz, bizneslərimiz çürük alma kimi töküldülər.
2. Korporativ idarəetmənin olmaması
Elmi dildə desək, şirkətlərin fəaliyyətlərinin bütün aspektlərdən şəffaflığının, effektivliyinin təmin edilməsi məqsədi ilə istifadə edilən korporativ idarəetmə çox vacibdir.
Sadə dildə desək, korporativ idarəetmə sayəsində şirkətlər “insan” faktorundan “sistem” faktoruna keçirlər. Artıq şirkətlərdə “parıldayan ulduzlar” yerinə sistem işləyir və 10 rəhbərin hər birinin “mən belə istəyirəm və öz standartım var” düşüncəsi yerinə vahid standartlar ön plana çıxır.
Korporativ idarəetmənin əhəmiyyəti haqda çox yazmaq istəmirəm – bu mövzuda minlərlə kitab və tonlarla məqalələr var. Qısaca olaraq bir məqamı qeyd etmək istəyirəm: korporativ idarəetmə olmadığı müddətcə şirkətlər maksimum effektivlik nəticəsində maksimum gəlir əldə etmə şansını itirir. Ən əsası isə odur ki, şirkət sahibi hər kəsdən çox işləməyə, yüksək risklərlə insanlara bağlı bir biznesin sahibi olmağa davam edəcək.
Dəqiq yazılmış, müəyyən edilmiş və istifadə edilən şirkətdaxili qanunlar, qaydalar, standartlar, prosedurlar, əməkdaşları və idarəçiləri birləşdirən missiya və məqsədlər olmadan qurumlar effektiv fəaliyyət göstərə bilməzlər.
3. Effektivliyin olmaması.
Əksər dövlət qurumlarında və özəl bizneslərimizdə effektivlik nəinki olmayıb, bu haqda düşünülməyib belə. Alınan avadanlıqlar, əməkdaşlar və idarəçilər, biznesdə olan proseslər, şirkətlərin sərmayəsi və inventarında effektivliyin olmaması uzun müddətdə şirkətlər üçün böyük təhlükədir.
Bunu sadə bir misalla izah edim. “Uğurlu” bir Azərbaycan şirkətini düşünün.
Əməkdaşları. Hər gün iş yerində 8 saat keçirən əməkdaşlar bu zamanın bir hissəsini işləyir, geri qalanını isə işə aid olmayan şeylərə xərcləyirlər. Əgər bir şirkətin maaş büdcəsi aylıq 50.000 manatdırsa və işçilər günlərinin 30 %-ni qeyri effektiv keçirirlərsə, bu, o deməkdir ki, şirkət hər ay 15.000, bir ildə isə 180.000 manat pulu boşa xərcləmiş olur.
İdarəçiləri. Məşhur və “uğurlu” böyük şirkətdə bir dəfə hesablama aparmışdım: idarəçilər, günün 90 %-ni öz “obyektlərinin” idarəçiliyinə xərcləyirdilər. Geri qalan 10 % yorğun və gərgin  zamanlarını rəhbərlik etdikləri şirkətə xərcləyirdilər.
Heç bir sahədə effektiv olmayan bir şirkətin uzun müddətdə ayaqda qalması ancaq möcüzə nəticəsində mümkündür, çünki ən bəsit riyazi hesablama bu qurumların sonunu sübut edəcək. 
4. Oğurluq və daxili korrupsiya
Sirr deyil ki, biznesimizdə oğurluq, "otkat" və korrupsiya var, həm də çox böyük həcmlərdə. Hansı şirkət rəhbərlərinin və idarəçilərinin hardan, necə qazandığını və oğurladığını ölkədə hərkəs açıq şəkildə bilir. 
Təəssüf ki, ölkəmizdə insanların uğurları maddi imkanları ilə ölçüldüyünə görə, şirkətlərdə işləyən idarəçilər əllərinə şans düşdüyü zaman imkanlardan maksimum istifadə edirlər.
Bu hallar bal kimi də çiçəklənir. 700 manat rəsmi maaşı olan bir insanın 40.000 manatlıq avtomobil idarə etməsi, mənzillər alması və çox bahalı siqaret çəkməsi heç bir riyazi düsturlara sığmır.
Keçirilən “şəffaf” tenderlərdə dost tanış şirkətlərin udması, reklam və digər xərclərin şişirilməsi haqqında hər bir azərbaycanlının bildiyi bir hekayə var.
"Otkat" və bənzəri iyrənc vəziyyətlər o qədər “normal” hala çevrilib ki, artıq xarici şirkətlər belə, onlarla ünsiyyətdə olan insanın “maraqları” haqqında sual verirlər.
Rəhbərlər bilmirlərmi? Bilirlər. Onlarla şirkət sahibi və rəhbəri tanıyıram ki, oğruluqları və yeyintiləri bilərək səslərini belə çıxarmırlar. Kimisi öz adamı olduğunda görə dinmir, kimisi elə özü də öz miqyasında bunu edir. Hərkəs bir-birini bir təhər yola verir və bütün bu şərəfsizliklərin örtüyü də var: “bacarana can qurban”.
5. Uzun müddətli və stratejik düşünməmə
Uzun illər boyunca məqsədlər ancaq satış etmək və sürətli genişləmə olan biznes nadir hallarda uzunmüddətli planlar üzərində işləyib. Çox az şirkətdə uzunmüddətli marketinq, reklam, satış, əməkdaş və idarəçilərin yetişdirilməsi, maliyyə planları və strategiyaları olub. İşəgötürənin imicinin formalaşdırılması, gənc idarəçilərin yetişdirilməsi, təhsil ocaqları ilə uzunmüddətli əməkdaşlıq, şirkətin ümumi reputasiyası, müştərilərlə uzunmüddətli əlaqələrin qurulması lazımsız xərclər kimi qəbul edilirdi.
Bu məqaləni oxuyan hər bir insan strategiya haqqında vəziyyəti əyani olaraq görməsi üçün işlədiyi və ətrafında gördüyü 10 şirkət rəhbərinə bu sadə sualları versin:
- İllik fəaliyyət planınız var mı? (aylara və fəaliyyət sahələrinə görə bölünmüş çox ümumi plan)
- Şirkətinizin imicinin formalaşdırılması üçün strategiya varmı?
- Şirkət əməkdaşları və idarəçilərinin inkişafı strategiyası varmı?
NƏTİCƏ
Keyfiyyəsiz məhsul, kənardan nəhəng görünən, amma içdən çürük ağac kimi olan holdinqlər, oğrular, korrupsiya və "otkat"larla dolu biznes, rəqabət gücü olmayan xidmətlər, narazı müştərilər, ilk böhran çalxantısında dağılan bizneslər, iş dünyasında pessimistik düşüncələr.
Biznesi alverdən fərqləndirən yeganə xüsusiyyət odur ki, biznesdə elmi-analitik yanaşma var.  
Artıq məhsuldarlıq və insanların inkişafı haqqında bar-bar bağıran insan resursları peşəkarları, yaradıcılıq, müasir marketinq alətləri və texnikaları haqqında durmadan danışan marketoloqları, insanları və biznes prosesləri idarə edəcək peşəkarları dinləmə zamanı gəldi.
Müsbət məqam isə odur ki, əsl sahibkarlar artıq oyanırlar və dəyişikliklərə başlayırlar – öncə özlərindən.
İdarəçilikdə elmin olduğu dövrə gəldik. Burada artıq ön plana miqyas və böyüklük deyil – bilik və çeviklik çıxır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR