Son Xəbər:
Tarix: 27-10-2022, 08:26
Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib. Baş nazir bu barədə hökumət saatında çıxışı zamanı deyib. Paşinyan Putinin Soçidə üçtərəfli görüş təklifini qəbul etdiyini söyləyib. O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.
Kreml də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün baş tutacağına inanır. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə bir üçtərəfli görüş hazırlanır: "Görüşün baş tutacağına ümid edirik. Yeri və zamanı vaxtında müəyyənləşdirəcəyik”. Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib. Azərbaycan və Ermənistan rəhbərləri arasında sonuncu görüş oktyabrın 6-da Praqada Fransa dövlət başçısı Emmanuel Makronun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilib.
Görüş ehtimalını "Şərq"ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Rusiyanın regionda sülhün əldə olunması ilə bağlı imkanları daha genişdir. Ekspert vurğulayıb ki, Rusiya Bakı və İrəvanla əlaqələri olan, Ermənistan üzərində xüsusi təsirə malik, ən əsası isə problemi yaradan və davam etməsinə imkan verən ölkələrdən biridir:
"Bu məqamlar önəmlidir. Bu gün ortada olan problemin yaranmasının təşəbbüskarları sadəcə Rusiya və Ermənistan deyil. Başqa ölkələrin də işğal prosesində və münaqişənin uzun müddət həll olunmamış qalmasında məsuliyyəti və günahı olub. Ancaq Rusiya ilə digər ölkələrin fərqi ondadır ki, Moskva problemi yaradan tərəflə olmaqla yanaşı, həm də həllinə töhfə verəcək imkanlara da sahibdir. Təbii ki, əgər Kreml bunu istəsə. Ancaq hazırda Rusiyada siyasi və ictimai sferalarda, mediada, hətta bəzi hallarda dövlət səviyyəsində Azərbaycana qarşı təxribatçı addımlar, sülhə mane olan davranışlar bizdə şübhələri artırır. Sual yaranır ki, indiki məqamda Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlər həqiqətən problemin həllinə yonəlib, yoxsa məqsəd prosesləri nəzarət altında saxlamaqdır? Rusiyada baş tutan görüşlər nəyə xidmət edir? Bu sualın cavabı təkcə Azərbaycan deyil, regionda sülhün tərəfdarı olan digər dövlətlər üçün də maraqlıdır. Düzdür, son dövrlərdə Rusiyanın atdığı müəyyən addımlar Azərbaycanda "Moskvanın öz mövqeyində qismən dəyişiklik" kimi dəyərləndirilirdi. Amma gördük ki, o addımlar ardıcıl xarakter daşımır".
Politoloq vurğulayıb ki, mövcud vəziyyət çox həssasdır. Ona görə də biz gözləntilərə, yəqinlərə hesablanmış görüşlər deyil, konkret nəticələrə əsaslanmış təmaslar istəyirik:
"Rusiya doğrudan da xoşniyyətlidirsə, rus efirlərində mühaşidə olunanlar sadəcə təsadüfdürsə və dövlətin xətti sayılmırsa, o zaman Kremlin hərəkətləri başqa cür olmalıdır. Məsələn, Moskva Xankəndi və ətraf bölgədə hələ də qalmaqda olan qanunsuz silahlı qruplaşmaların ərazilərimizi tərk etməsi, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı ciddi addımlar atmalıdır. Əks halda rəsmi Bakı əvvəlki təcrübəyə əsaslanaraq, bir müddət sonra nəticəsiz görüşlərdən imtina edəcək. Hətta dəvət birbaşa Rusiya rəhbərindən gəlsə cavabımız "yox" olacaq. 31 oktyabr görüşü barədə bunu söyləmək hələ tezdir. Söhbət qarşıdakı nəticəsiz görüş təkliflərindən gedir".
A.Aslanlı qeyd edib ki, əvvəlki dövrlərdə Qərbin məsələyə yanaşmasında sülhə istiqamətlənməmiş, çox vaxt Rusiyanın da siyasəti ilə üst-üstə düşən yanaşmalar, təxribat yönlü bəyanatlar görürdük:
"İndi sanki Qərbdə bir qədər konstruktiv mövqe nümayiş olunmaqdadır. Əlbəttə, Qərb dedikdə bütün qərb ölkələrini nəzərdə tutmuram, daha çox Avropa İttifaqının yanaşmasını deyirəm. Aİ Rusiyanın qıcıqlanmasına baxmayaraq, qalıcı sülhə xidmət edəcək müəyyən addımlar atır. Şübhəsiz, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol da Aİ-nin yanaşmasına təsir göstərən amillərdəndir".
"Şərq"