Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

İlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu

İlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu

Tarix: 6-03-2020, 17:17

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu ünvanlayıb. 
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Sizi – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün üzvlərini təşkilatınızın 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 
Könüllülük prinsipi əsasında yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yubileyinin ölkəmizdə “Könüllülər ili” ilə eyni vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənnasız xidməti özünün amalına çevirmişdir.
Sosial məsələlərin həllinə yaxından köməklik göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi Cəmiyyətə nüfuz qazandırmışdır. Qızıl Aypara Cəmiyyəti müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermiş və inam hissi aşılamışdır.
Xalqımızın tarixən çətin məqamlarında həssaslığı və operativliyi ilə seçilmiş Qızıl Aypara Cəmiyyətinin öz məramına sadiq qalaraq fədakarlığını Ermənistanın respublikamıza qarşı işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından qovulan bir milyondan çox soydaşımızın sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və sonrakı reabilitasiyasında da davam etdirməsi təqdirəlayiqdir.
Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq bir sıra sosial-tibbi və humanitar layihələri uğurla gerçəkləşdirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarındandır.
İnanıram ki, Qızıl Aypara Cəmiyyəti öz ənənələrini layiqincə yaşadaraq, ölkəmizin sosial-ictimai həyatında özünəməxsus yerini qoruyacaq, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması naminə dövlətimizin həyata keçirdiyi proqramlarda bundan sonra da əzmkarlıq nümayiş etdirəcəkdir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR