Son Xəbər:
Tarix: 12-03-2020, 18:03
Hazırda Çində başlayan koronavirus pandemiyasının miqyasının daha geniş yayılması təhlükəsi fonunda dünyada iqtisadi inkişafla bağlı qeyri-müəyyənliklərin müşahidə edilməsi enerji məhsullarına olan tələbatın azalması və xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib. Yuxarıda qeyd edilən neqativ proseslərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsiri, ölkənin valyuta təklifinin formalaşmasında Fondun rolu və digər bu kimi məsələlər ətrafında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə çoxsaylı suallar yaranmaqdadır. Fond həmin sualları cavablandırıb:
- ARDNF-in ölkədə valyuta təklifinin formalaşmasında rolu nədir?
- Məlum olduğu kimi, ARDNF-in əsas gəlirləri ABŞ dolları ilə ifadə edilən xam neftin və qazın satışından daxilolmalar hesabına formalaşır. ARDNF-in xərc istiqamətlərində əsas vəzifəsini isə dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər təşkil edir. Həmin öhdəlikləri icra etmək məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir. Bu isə o deməkdir ki, ARDNF tərəfindən böyük məbləğdə ABŞ dolları mütəmadi olaraq valyuta bazarına çıxarılır.
- Ölkədə maliyyə sabitliyinin qorunmasında, habelə xarici təsirlərə qarşı tədbirlərdə ARDNF-in rolu nədən ibarətdir?
- ARDNF-in əsas məqsədlərinə gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması ilə yanaşı, makroiqtisadi sabitləşdirmə, o cümlədən ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunması da daxildir. Ötən müddət ərzində xam neftin yüksək qiymətləri dövründə ARDNF-də 43 milyard ABŞ dollarından artıq vəsait toplanıb ki, bu da ölkə iqtisadiyyatının ümumi həcminə yaxındır. Əlverişli iqtisadi mühit dövründə artan bu vəsaitlər iqtisadi şoklar zamanı “təhlükəsizlik yastığı”, o cümlədən dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir.
- Xam neftin qiymətlərinin aşağı olması halı davam edərsə, bu ARDNF-in dövlət büdcəsinə transfert ilə bağlı öhdəliyinin icrasına necə təsir edəcək?
- Daha əvvəl qeyd edildiyi kimi, dövlət büdcəsinə transfert ilə bağlı xərclər ARDNF-in öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir. ARDNF-nin 2020-ci il büdcəsində 11,56 milyard manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manat ilə ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 6,8 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur.
Cari ilin əvvəlindən bu günə qədər satışa ümumilikdə 1,8 milyard ABŞ dolları və yaxud 3,08 milyard manat həcmində valyuta çıxarılıb. Qalıq öhdəliyin icrası üçün Fond tərəfindən 5 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur ki, bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir.
- Xam neftin aşağı səviyyədə qalmasının davam etdiyi, yəni ARDNF-in xərcləri gəlirlərini üstələdiyi təqdirdə Fond öz yığımı hesabına dövlət büdcəsi qarşısında öhdəliklərini tam və vaxtlı-vaxtında yerinə yetirə biləcəkmi?
- ARDNF-in vəsaitlərinin xüsusi çəkisində hər zaman kifayət qədər likvid, yəni qısa müddət ərzində asanlıqla nağdlaşdırıla biləcək aktivlər mövcuddur. Hal-hazırda əhəmiyyətli paya malik olan bu vəsaitlər ARDNF-nin büdcə öhdəliklərinin tam, dəqiq yerinə yetirilməsinin ən böyük təminatıdır.
- Dünya maliyyə bazarlarında hal-hazırda müşahidə olunan təlatümlər, habelə dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı qeyri-müəyyənliklər ARDNF-də toplanan vəsaitlərə necə təsir göstərir?
- Daha öncə qeyd edildiyi kimi, ARDNF-in gələcək nəsillər üçün yığım funksiyası ilə bərabər, ölkə iqtisadiyyatının xarici təhdidlərə qarşı mühüm sığorta rolu vardır. Təbii ki, ARDNF-in investisiya strategiyası formalaşdırılarkən bu önəmli vəzifələr tarazlaşdırılmış şəkildə nəzərə alınır. Bununla yanaşı, xüsusilə vurğulamaq yerinə düşərdi ki, iqtisadi qeyri-müəyyənliklərin birbaşa olaraq maliyyə bazarlarına təsir göstərməsinə baxmayaraq, bu təsirlər müxtəlif investisiya aktivlərində fərqli qaydada özünü büruzə verir. Belə ki, dünya iqtisadiyyatının gələcəyi ilə bağlı davamlı mənfi gözləntilər dərhal birjada kotirovka olunan səhm aktivlərinə öz neqativ təsirini göstərir. Eyni zamanda, qeyd edilməlidir ki, iqtisadi qeyri-müəyyənliklər dövründə bəzi aktiv növlərinə, o cümlədən istiqrazlara, xüsusilə dövlət istiqrazlarına tələb əhəmiyyətli şəkildə artır ki, bu da onların qiymətlərinə müsbət təsir göstərir. Hazırda ARDNF-in investisiya portfelində uzunmüddətli dövrdə yüksək gəlirlilik nümayiş etdirən və bununla yanaşı, yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən səhmlər təxminən 10 faiz paya malikdir. Fondun vəsaitlərində istiqrazların xüsusi çəkisi isə təqribən 70 faiz təşkil edir. ARDNF həmçinin son zamanlar qabaqlayıcı tədbirlər çərçivəsində istiqraz aktiv növünün daxilində dövlət və yüksək reytinqli istiqrazların payını əhəmiyyətli şəkildə artırıb. Əlavə olaraq ARDNF-in vəsaitlərində qızıl aktivi də yer alır ki, məlum olduğu kimi, bu aktiv növü qeyri-müəyyənliklər zamanı sığorta rolunu oynayır. Hazırda həmin aktiv növü təqribən 5,4 milyard ABŞ dolları ilə ümumi vəsaitlərin təxminən 12%-ni təşkil edir. Ümumi çəkisi təxminən 101,5 ton təşkil edən qızıl aktivləri ölkəyə gətirilərək ARDNF-nin xüsusi xəzinəsində saxlanılmaqdadır.
ARDNF-in vəsaitlərinin valyuta səbətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, burada əsas yeri, yəni təxminən 95%-lik hissəni ABŞ dolları, avro, Britaniya funt sterlinqi və Yaponiya yeni kimi əsas ehtiyat valyutaları tutmaqdadır.