Son Xəbər:
Tarix: 13-03-2020, 13:57
Məlum olduğu kimi koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə təlim-tədris müəsissələri bağlanıb. Lakin iş yerlərinin müvəqqəti bağlanması və ya iş saatlarının azaldılması ilə bağlı dəyişiklik yoxdur. Bu baxımdan vəziyyətdən asılı olmayaraq hər gün iş başında olan, xəbər ardınca qaçan, peşəsinin fədakarı olan həmkarlarımızın çalışdığı şirkətlərdə sağlamlıqlarının necə qorunması və bunun üçün görülən tədbirləri öyrənməyə çalışdıq. Nəzərə alsaq ki, jurnalistlər hər gün müəyyən tədbirlərə qatılmalı olur və insanların daha çox olduğu yerlərə gedir, onların sağlamlığının qeydinə qalmaq və təhlükəsizliyini təmin etmək media qurumunun borcudur.
Redaktor.az koronavirusdan qorunmaqla bağlı görülən tədbirlər haqda media şirkətlərindən aldığı cavabları təqdim edir:
ARB Media Qrupun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli: “Bütün əməkdaşlar işə gələrkən mühafizə xidməti tərəfindən hərarəti ölçülür və daha sonra şirkətə daxil olurlar. Bundan əlavə, işə daxil olan hər kəs mühafizə xidmətinin köməkliyi ilə spirtdən istifadə edir. Bu, hər kəsə şamil edilir. Çəkilişə gedib-gələn əməkdaşlar isə mütləq yenidən sadalanan prosedurlardan keçdikdən sonra öz işinin başına dönür. Baxmayaraq ki, işçilər tibbi maska ilə təmin olunublar, yenə də şirkətə qayıtdıqda hərarəti ölçülür və tibbi spirtdən mütləq istifadə edilir”.
“APA Group”un təsisçisi Vüsalə Mahirqızı: "APA Media Group-da mütəmadi dezinfeksiya işləri aparılır. Əməkdaşlarımızı bacardıqca, vacib olmadığı halda tədbirlərə göndərmirik. Hərarəti olan, hər hansı narahatlığı, soyuqdəyməsi, qrip virusu olan işçilərimizi də evə göndəririk. Xəbər mühiti elə bir mühitdir ki, jurnalist işə gəlməyə məcburdur. Harda nə baş verdiyindən asılı olmayaraq işə getməlidir. 7/24 iş başında olmalıdır. Xəbərdə iş vaxtı dayanmır. Buna görə də işin dayandırılması qeyri-mümkündür. Bəzi saytlar ancaq xəbərləri "copy-paste" edib yaymaqla məşğuldur. Onların əməkdaşları evdən də işləyə bilərlər. Amma bizim kimi böyük xəbər agentliklərində bu mümkün deyil. Bu baxımdan jurnalistlər fədakar insanlardırlar. Ona görə iş rejimində dəyişiklik etmək fikrimiz yoxdur. Amma önləyici tədbirlər həyata keçiririk. İşçiləri özümüz tibbi maska ilə təmin etməsək də, istəyən özü alır, tədbirlərə getdiyi zaman istifadə edir. Redaksiyada tibbi spirtlər var və işçilər mütəmadi olaraq spirtdən istifadə edirlər".
İTV-nin mətbuat katibi Aynurə Asimqızı: "Jurnalistlər kütləvi tədbirlərə gedən zaman koronavirusla bağlı həm məlumatlı olurlar, həm də bununla bağlı təhlükəsizlik xarakterli qaydalara hər zaman əməl edirlər".
AZƏRTAC-ın baş redaktoru Cavid Bədəlov: "Virusdan qorunmaq üçün nə tələb olunursa, jurnalistlərə ÜST-ün tövsiyyələrinə uyğun olaraq məsləhətlər, tövsiyyələr verilir. İdarə daxilində bütün iş otaqlarında dezinfeksiya işləri aparılıb. Son vaxtlar tədbirlər xeyli azalıb. Amma əməkdaşlarımız tədbirlərə gedərkən tibbi maskalardan və spirtlərdən istifadə edirlər. Tədbirlərdə də şərait yaradılır, jurnalistlər tibbi spirtdən istiafə etdikdən sonra içəriyə daxil olurlar. Çalışırıq tədbirlərə gedərkən daha çox idarənin maşınları ilə gedib-gəlsinlər. İctimai nəqliyyatdan istifadə etməsinlər. Lakin əsas məsələ həm də jurnalsitin özünün məsuliyyətli və diqqətli olmasıdır. Yəni, hər kəs ilk növbədə özü özünü qorumalıdır".
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov: "Bununla bağlı biz efirə süjet də vermişik. Azərbaycan Televiziyası artıq 10 gün əvvəldən bütün təşkilat daxili otaqları, məkanları dərmanlayıb. Dezinfeksiya olunub. Bununla bağlı bizim efirdə görüntülərimiz də olub. Biz AzTV olaraq bu məsələ ilə bağlı bütün profilaktik tədbirlərimizi görmüşük".
"Publika.az" və "Teleqraf.com" saytlarının rəhbəri Aynur Camal isə sualımıza cavab vermək istəmədiyini bildirdi.
"Qafqazinfo.az"-dan isə bildirdilər ki, sayt sorğularda iştirak etmir.
Bir sıra televiziyalarla isə əlaqə saxlamaq mümkün olmadı.