Son Xəbər:
Tarix: 1-04-2020, 22:05
Mediabiz.az Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun vətəndaşlara İqtisadiyyat Nazirliyinin hazırladığı iqtisadi-sosial proqramları ilə bağlı Publika.az-a müsahibəsini təqdim edir:
- Biznesə vergi güzəştləri və imtiyazlar veriləcək. Bu güzəştlər hansı istiqamətdə olacaq?
- Burada təbii ki, söhbət vergi güzəştlərinin tətbiq olunmasından gedir. Vergi güzəştlərinin daha çox vergi tətilləri formasında olacağı qeyd olunur. Bu, xüsusən də bəzi vergi növləri üzrə güzəştin tətbiq olunması anlamına gəlir. Nəticə etibarı ilə sahibkarlara həm qısa, həm də ortamüddətli dövr üçün vergi tətilləri tətbiq etmək mümkün olacaq. Təbii ki, xüsusən də koronavirusun təsirini minimumlaşdırmaq üçün belə güzəştlərin tətbiqinə ehtiyac var idi. Vergi tətilləri bəzi vergi dərəcələrinin azaldılması formasında tətbiq olunur. Bu da o anlama gəlir ki, məhz vergi tətillərindən istifadə edən sahibkarlar qanunla müəyyənləşdiriləcək müddətdə daha aşağı vergi dərəcələri ilə ödəniş edəcək və praktik olaraq güzəşt əldə etmiş olacaqlar.
- Proqramda nəzərdə tutulan ipoteka kreditlərinə dəstək hansı formada özünü göstərəcək?
- İpoteka kreditləşməsinə daha çox vəsaitin ayrılması inşaat sektorunun canlanması məqsədi daşıyır. Çünki burada məqsəd ondan ibarətdir ki, həm də inşaat sektorunun canlanması üçün daha çox vəsaitin bu sahəyə daxil olmasına nail olmaq mümkün olsun. Nəzərə alsaq ki, inşaat sektorunun özəlliyi ondan ibarətdir ki, daha qısa zamanda məşğulluq baxımından iqtisadi artımın bərpa edilməsinə imkan yaradır. Eyni zamanda daxili bazarda bir sıra məhsullar, xüsusən də tikinti materiallarına tələb formalaşır və nəticə etibarı ilə digər yardımçı sektorların da inkişafını stimullaşdırmaq məqsədi daşıyır. Bu baxımdan ortamüddətli dövrdə inşaat sektorunun daha yaxından dəstəklənməsi prioritetdir və prioritetlərdən biri də eyni zamanda ipotekaya daha çox vəsaitin ayrılması məqsədi daşıyır.
- Vergi ödəyicilərinin bank kreditlərinə necə dəstək veriləcək?
- Vergi ödəyicilərinin, yəni sahibkarların bank kreditləri ilə bağlı iki istiqamətdə dəstəyin olacağı gözlənilir. Bunlardan biri faizlərin subsidiya edilməsidir. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya mexanizmi var və tətbiq olunur, bu da nəticə etibarı ilə imkan verəcək ki, sahibkarların kredit ödənişləri üzrə faizlərinin əhəmiyyətli hissəsi Fond tərəfindən subsidiya edilsin. Sahibkarlar tərəfindən əslində götürdükləri kreditlər üzrə daha aşağı və hətta bəzi hallarda cüzi faiz ödənişlərinin ediləcəyi gözlənilir. Bu da faizlərin subsidiyalaşmasına imkan verəcək. Eyni zamanda ikinci bir istiqamət məhz Sahibkarlığın İnkişafı Fondu tərəfindən bəzi kreditlər üzrə dəstəyin həyata keçirilməsidir. Artıq bununla bağlı mexanizm hazırlanıb və güman olunur ki, bu mexanizm birbaşa dəstəyin həyata keçirilməsinə imkan verəcək.
- Kommunal ödənişlərlə bağlı limitlərin genişləndirilməsi ilə əlaqədar nə deyə bilərsiniz?
- Təkliflərimizdən biri də məhz kommunal xidmətlər üzrə güzəşt limitinin artırılması ilə bağlı idi. Son elan olunan paketə görə məhz vətəndaşlarımızın kommunal xidmətləri üzrə güzəşt limiti artırılacaq. Yəni bu imkan verəcək ki, vətəndaşlarımız güzəştli limit daxilində kommunal xidmətlərdən istifadə etsin. Bunun özəlliyi ondan ibarətdir ki, kommunal xərclərin azalmasına imkan yaranacaq. Nəticə etibarilə vətəndaşlar kommunal xidmətlərə görə daha az vəsait ödəyəcəklər. Eyni zamanda imkan yaranacaq ki, kommunal xidmətləri həyata keçirən qurumlara ödənişlər, yəni daxilolmalar davam etsin. Bu, həm həmin qurumların fəaliyyətini davam etdirməsi, həm də vətəndaşlarımızın kommunal xərclərinin azaldılması baxımından vacib idi. Koronavirusa qarşı mübarizə tədbirləri fonunda vətəndaşlarımızın daha çox evlərdə qalması onların kommunal xərclərini artırır ki, bu halda artıq onlar güzəştli kommunal xidmətdən istifadə edəcəklər.
- Necə düşünürsünüz, koronavirusun Azərbaycan iqtisadiyyatına və sahibkarlara təsirinin minimumlaşdırılması ilə bağlı yaradılmış İşçi Qrupu tərəfindən hazırlanan proqramlar pandemiyanın ölkə iqtisadiyyatına təsirini nə dərəcədə azaldacaq?
- Əsas məqsəd sahibkarlara, o cümlədən vətəndaşlara təsirləri minimumlaşdırmaqdır. Güman olunur ki, həyata keçirilən tədbirlər xüsusən də məşğul vətəndaşlarımıza təsirlərin azalmasına imkan verəcək. Nəticə etibarı ilə bir tərəfdən sahibkarlığın dəstəklənməsi, digər tərəfdən isə muzdlu çalışan məşğul əhalinin sosial təminatının gücləndirilməsi prioritetdir.