Son Xəbər:
Tarix: 20-04-2020, 16:13
Karantin rejimini pozanların cərimələnməsi ətrafında müzakirələr davam edir
Azərbaycanda xüsusi karantin rejimini pozanların polis tərəfindən cərimələnməsi davam edir. Qadağalara əməl etməyənlər 100 manat məbləğində cərimə edilirlər.
Lakin hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru Xanlar Ələkbərov əməkdaşımızla söhbətində demişdi ki, məhkəmə qərarı olmadan polisin vətəndaşı cərimələnməsi qanunsuzdur: “Bu, birbaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 211-ci maddələrinin məzmunundan irəli gəlir. Belə ki, karantin qaydalarının pozulması məsələlərinə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Buna görə də polisin məhkəmənin funksiyalarını yerinə yetirmək və karantin rejimini pozanları cəzalandırmaq hüququ yoxdur. Daxili İşlər Nazirliyinin nümayəndələri, hüquq pozuntusu baş verdikdə, cinayətkardan izahat tələb etməli, inzibati xəta haqqında hesabat tərtib etməli və cinayətin qeydə alındığı ərazidə yerləşən məhkəməyə göndərməlidirlər",
Millət vəkili Fazil Mustafa isə AYNA-ya açıqlamasında bildirib ki, pandemiyanın yayılmasının qarşını almaq üçün və operativlik baxımından alternativ seçim yoxdur: “Buna uyğun olaraq vətəndaş dərhal yerində cərimələnir və buraxılır. Çünki onun məhkəməyə cəlb edilməsi uzun prosesdir və burada bir nəfərdən yox, çox sayda insandan söhbət gedir. Əslində, bu, vətəndaşın da marağında uyğun deyil. Çünki məhkəmə də həmin cəriməni tətbiq edəcək. Amma vətəndaşın həm vaxtı gedəcək, həm də inzibati orqanın bütün personalı bu işə cəlb olunacaq. Duruma görə də onlar operativ rejimdə çalışırlar və vəzifəni buraxıb harasa getmək problemlidir. Yaxud da vətəndaşı bir neçə saat gözlətməlidirlər ki, onu məhkəməyə aparsınlar və məhkəmə qərar versin. Ona görə karantin rejiminin qaydalarına uyğun olaraq vətəndaş cəzalandırılır və cərimələrin ödənilməsi tələb edilir”.
Koronavirusa görə, Parlamentin mart ayında İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə dəyişiklik etməsi ilə bağlı sualmıza deptat belə cavab verib: “Karantin rejimi ilə bağlı olaraq müddəaya dəyişiklik edildi və yerində cərimə etmək daha məqsədə uyğun hesab edildi. Düzdür, burada hüquqi cəhətdən müəyyən boşluqlar var. Amma reallıq ondan ibarətdir ki, vətəndaş bu formada cərimələnməsindən özü şikayət edə bilər. Yəni vətəndaşın şikayət hüququ saxlanılır. Əgər vətəndaş əsaslandırsa ki, bu cərimə qanuna uyğun deyil, o zaman məhkəmə bunu həll edə bilər. Çünki operativlik baxımından başqa cür mümkün deyil”.