Son Xəbər:
Tarix: 7-05-2020, 17:59
Ard-arda ölkədə 5 icra başçısının həbs olunması əhali arasında icra hakimiyyəti orqanlarına inamı azaldıb.
Maraqlıdır, rayon-şəhər icra hakimiyyətlərinin ləğvi və ya məsələn, Türkiyə modelini tətbiq edib, bələdiyyələrə də geniş səlahiyyətlər verməklə bu problemlərdən qurtulmaq olarmı?
Məsələ ilə bağlı Modern.az-a danışan deputat Kamran Bayramov deyir ki, bəzi qurumların ləğvi islahatlar baxımından reallaşdırıla bilər, amma…
“Həm bələdiyyə həm də icra hakimiyyəti orqanı lazımlı qurumlardır. Yəni hər iki orqanın öz vəzifə səlahiyyəti və fəaliyyət dairəsi var. İcra hakimiyyəti orqanının ləğvi yalnız bir şəxsə - prezidentə məxsusdur. Əgər prezidentin qərarı olarsa, bu hal reallaşa bilər. Mənim düşüncəm odur ki, hazırda həm icra hakimiyyəti orqanlarının, həm də bələdiyyələrin rolu cəmiyyətimizdə çox önəmlidir. Hər hansı vəzifəli şəxslərin qeyri-qanuni hərəkətləri qurumun ləğvinə dəlalət etmir. Yəni bu əməllərin törədilməsi əsas rol oynamır ki, qurum fəaliyyətini dayandırsın.
Əslində yerli icra hakimiyyəti orqanlarının ləğvi ilə digər qurumların ləğvi cəmiyyətdə olan inistutsional məsələlər baxımından, islahatalar baxımından reallaşdırıla bilər. Amma hər halda kimsə qeyri-qanuni hərəkətə yol verirsə, bu onun təmsil etdiyi qurumun yox, özünün günahıdır. Həmin şəxslər də qanun qarşısında cavab verəcəklər. İndi inanmıram ki, hansısa qurumun ləğvi real olsun. Sosial məsələlər, kənd təsərrüfatı məsələlərində icra hakimiyyəti orqanlarının da rolu var və bu baxımdan ləğv edilmə ehtimalının indi gerçəkləşəcəyini düşünmürəm. Amma yenə də son söz prezidentindir”, - deyə deputat bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin Departament rəhbəri Ayşəm Balayeva deyir ki, icra hakimiyyəti orqanlarının vəzifələri bələdiyyələrə verilsə və onların səlahiyyəti artırılsa, daha çox problem öz həllini tapar:
“2019-cu ildə başlanan islahatlar hakimiyyətin hər üç qolunu əhatə etməklə 2020-ci ildə də davam etdirilir. İcra hakimiyyətləri istiqamətində olan, xüsusən də kadr dəyişikliklərinə əsaslanan islahatlara diqqət etdikdə görünür ki, artıq yeni hakimiyyət düzənində vətəndaş rəyi dövlət idarəçiliyində nəzərə alınır.
Amma islahatların da aparılması onu göstərir ki, problemlər, xüsusilə də yerli icra strukturları ilə bağlı yüksək həddədir.
Vətəndaşlar yerlərdə icra hakimiyyətlərinin fəaliyyətini qənaətbəxş hesab etməməklə yanaşı, bu qurumlara etibar da etmir, həmçinin bu istiqamətdə islahatların aparılmasını zəruri hesab edirlər. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən tədqiqatın (İnam İndeksi 02) nəticələrinə baxsaq, bunu aydın görə bilərik. Belə ki, hakimiyyətin hər üç qolu içərisində icra hakimiyyətlərinə etibarlılıq ən aşağı səviyyədədir (46.2%). Digər diqqət çəkən məqam hər dörd nəfərdən birinin icra hakimiyyətinə etibar edib etməmək barədə fikir bildirməkdə çətinlik çəkməsidir.
Həmçinin vətəndaşlar icra hakimiyyətlərinin fəaliyyətinin səmərəliliyini aşağı qiymətləndirir. Çünki əslində icra hakimiyyətlərinin fəaliyyətlərinin əsasında vətəndaşların rifahının yaxşılaşdırılması, onların problemlərinin operativ həlli dayanmalı olduğu halda əksər vaxtlarda biz bunun əksini görürük. Belə ki, probleminin həll olunması üçün icra hakimiyyətinə müraciət edən vətəndaş bürokratik əngəllər, süründürməçilik nəticəsində əlavə problemlərlə qarşılaşır.
Bunun nəticəsində də insanlar problemlərinin həll olunması üçün daha yüksək instansiyalara müraciət etməli olurlar.
Vətəndaşlar bələdiyyələri özləri üçün daha əlçatan qurum hesab edir. Çünki bələdiyyəyə müraciət problemlərinin həlli baxımından daha effektiv hesab olunur. Lakin bələdiyyələrin səlahiyyətlərinin, resurslarının məhdudluğu bu işin səmərəli qurulmasına əngəl yaradır. Tədqiqat nəticələri də onu göstərdi ki, insanlar yerli icra hakimiyyəti tərəfindən həyata keçirilən bir çox işlərin bələdiyyələr tərəfindən icra olunmasını istəyirlər. Bu bir daha icra hakimiyyətlərinin fəaliyyətindən vətəndaş məmnunluğunun aşağı olduğunu göstərir.
Fəaliyyətlərində qanunazidd əməllərə yol verən icra hakimiyyəti başçılarının vəzifədən uzaqlaşdırılaraq cəzalandırılması, heç bir korrupsioner məmura güzəştin edilməməsi dövlət-vətəndaş birliyinin güclənməsinə dəstək verən amillərdəndir. Çünki mütləq əksəriyyət düşünür ki, fəaliyyətlərində qanunazidd əməllərə yol verən icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi prezidentin vətəndaşların rəyini dinləməsi və nəzərə almasının göstəricidir. Bununla yanaşı, vətəndaşlar ən çox bu istiqamətdə islahatların davam etdirilməsini istəyir (53.7%)”.
Ayşəm Balayeva qeyd edib ki, vətəndaşların onların məsələlərinin bələdiyyələr tərəfindən həll olunmasını istəməsi, həm də icra hakimiyyətləri sahəsində islahatların keçirilməsi istəyi bələdiyyələrin fəaliyyətlərinin optimallaşdırılması məsələsini aktuallaşdırır:
“Burada həm də bələdiyyələrin seçkili orqan olmasına da diqqət etmək lazımdır. Çünki insanlar onların məsələləri ilə məşğul olan səlahiyyətli şəxsi özləri seçmək istəyirlər.
Türkiyə nümunəsinə gəldikdə, hesab edirəm ki, əlbəttə, qardaş dövlətin böyük bələdiyyə təcrübəsi var, amma bizdə bələdiyyələrin səlahiyyətləri artırılsa, icra strukturlarının fəaliyyət dairəsi onlara verilsə, seçici qarşısında məsuliyyət daşıyan qurum kimi bələdiyə daha effektiv ola biləcək”.