Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

Tarix: 5-02-2026, 16:53

 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Türkiyədəki zəlzələnin üçüncü ildönümü ilə bağlı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.

Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.

Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.

Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.

Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.

Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR