Son Xəbər:
Tarix: 27-11-2019, 08:41
Qızıl Orda dövlətindən ayrılıb müstəqil xanlıq kimi tarixə düşən dövlətlərdən biri də Həştərxan xanlığıdır. Xanlığın İdil (Volqa) çayı ətrafında yerləşməsi, Xəzərə açılan limanların burada olması Teymuri dövlətini, Monqol imperiyasını, Moskva knyazlığını, sonralar Rusiya çarlığını, Osmanlı imperiyasını, nəhayət, Səfəvi dövlətini buraya cəlb etmişdi. Həştərxanın tarixi eramızın IV-VI əsrlərindən etibarən bilinməkdədir. Həmin dövrlərdə bu ərazilər sadəcə çay ətrafı düzənlik olub. İlk dəfə xalqların böyük köçü zamanı (IV-VI əsr) hunlar, qaraçaylar, sabir, çullu və digər tayfalar buraya gəlmiş, bir hissəsi İdil ətrafında məskən salmış, qalan qismi isə Dərbənddən Azərbaycana keçmişdir. Burada qalan qaraçaylar sonradan Xəzər türkləri adı ilə tarixdə iz qoydular və xaqanlığın digər şəhərlərinə yayıldılar. Qızıl Orda dövləti yaranan zaman Həştərxan şəhəri liman, ticarət məqsədli önəmli şəhər kimi fəaliyyət göstərirdi və Cuci ulusuna bağlı idi.
Şəhərin adının mənşəyi ilə bağı mübahisəli məqamlar mövcuddur. Şəhər bir çox mənbələrdə “Hacı Tarxan”, “As Tarxan”, “Astra Xan”, “Aştar Xan” “Əjdər xan” kimi keçməkdədir. Bu haqda XIV əsrdə yaşamış ərəb səyyahı İbn Bətudə geniş məlumat vermişdi. Həştərxan şəhərinin adını “Hacı Tarxan” adlandıran müəllif onun mənasını da açmağa çalışmışdır: “Tarxan türk kökənli söz olub, vergidən azad olan yer deməkdir. Zamanında Bulqar xaqanlığı ordusunda xidmət edən bir türk hacı İdil çayı ətrafına sahiblənmişdi. Burada tacirlər təhlükəsiz ticarət edirdilər. Bu məqsədlə xaqan şəhəri vergilərdən azad etdi. Sonralar böyüyən şəhərə Hacı Tarxan adı verildi. Qış gəlib İdilin qolları donana kimi şəhərdə tacirlər tüğyan edir. Xaqan da burada dincəlməyə gəlirdi”. Digər müəllif S.E.Malov şəhərin adı ilə bağlı daha məntiqli araşdırma təqdim edir. O yazır ki, “Tarxan” türklərdə hərbi rütbədir. Xəzər xaqanlarından biri Astarxan ləqəbi götürmüş və həmin xaqanın 764-cü ildə Cənubi Qafqaza yürüş etmişdir. Bu yürüş haqda həqiqətən də tarixi mənbələrdə məlumatlar var. M.İ.Artamanov isə Astarxan adını As türk tayfalarına bağlayaraq “Asların tarxanı”, yaxud da “Aslanın tarxanı” mənasında ifadə etmişdir.
Qeyd: Azərbaycan oxucusu bu şəhəri Həştərxan olaraq tanıdığı üçün məqalədə Həştərxan adından istifadə edirik.
Həştərxan şəhəri Monqol dövlətinin Cuci ulusuna bağlı torpaq idi. Qızıl Ordada Mamay xan (1335-1381) hakimiyyətə gəldikdən sonra Cuci ulusunu da ələ keçirməyə çalışmışdır. Onun Həştərxan şəhərinə uzun sürən hücumlarından sonra şəhər Qızıl Orda dövlətinin tərkibinə qatılmışdır. Qızıl Orda dövləti ilə Əmir Teymur ordularının toqquşması nəticəsində şəhərə xeyli zərər dəymişdi. Lakin sonra şəhər yenidən quruldu və “Hacı Tarxan əl–cədid” adlandı. Bu ad 1402-ci ildə şəhəri idarə edən Şadibəy adlı xan tərəfindən tökdürülmüş möhür və sikkə üzərində də yazılmaqdadır. Həştərxan haqqında Venesiya səyyahı A. Kontarini 1476-cı il qeydlərində yazırdı: “Uzun Həsən Bayandurun (Ağqoyunlu) ölkəsindən ayrıldıqdan sonra şimala gəldim. Hacı Tarxan şəhəri Tatar xanının üç qardaşı oğlunun hakimiyyəti altındadır. Burada insanlar həm oturaq, həm də köçəri həyat yaşayırlar. Şəhərin ətrafı alçaq divarlarla əhatələnib. Buranın əsas hakimi Qasım xan hər il vergi almaq üçün Moskvaya elçi göndərir”.
1466-cı ildə, Qızıl Orda dövlətinin zəiflədiyi və daxili çəkişmələrin gücləndiyi bir vaxtda Həştərxan, şəhəri idarə edən Mahmud xanın oğlu Qasım xan tərəfindən xanlıq elan edildi və müstəqil idarəetmə sisteminə keçdi. Xanlığın yaranmasından sonra bəzi mənbələrdə xanlığın adı Qasım xanlığı da keçməkdədir. Ulus dövlətinin bir çox şəhərləri Qasım xanı özlərinə rəhbər qəbul edərək, Həştərxan xanlığının himayəsinə girdi. Qasım xan Qazax və Qazan xanlığı ilə dostluq münasibəti qursa da, Krım xanı və Noqay Ordası xanı İbək xanla münasibətləri gərgin idi. Çünki bu üç xanlıq ayrı-ayrılıqda özlərini Qızıl Orda dövlətinin varisi sayırdılar. Krım xanlığı Osmanlıdan asılı olduğu halda, Həştərxan xanlığı daha müstəqil idi və Moskva da daxil, digər xanlıqlardan vergi alırdı. Qasım xandan sonra hakimiyyətə oğlu Əbdülkərim xan gəldi. Onun dövlət idarəçiliyi atasına nisbətən zəif idi və bundan istifadə edən Məngli Girey Həştərxanla münasibətləri daha da gərginləşdirdi, xanlığa yürüş təşkil etdi. Canıbəy Mahmudun dövründə isə Noqay Ordası xanlığa hücum etmişdi. Noqay ordu komandanı Seyidəhmədin göstərişi ilə xanlığın varislərinin çoxu ələ keçirilərək, qətlə yetirildi. Az sonra Krım xanı Məhəmməd Girey xanlığa hücum edərək yağmalatdı. Bu üç böyük hücumdan sonra özünə gələ bilməyən Həştərxan xanlığı Noqay və Krım xanlıqlarına vergi verməyə məcbur qaldı. Daha bir xain yürüş isə Çərkəzlər tərəfindən edilmişdi. 1532-ci ildə baş tutan bu yürüşdə II Qasım xan öldürüldü. Zaytsev bu barədə yazırdı: “Bu yağmalanma və qətllərdən sonra xanlıq özünə gələ bilmirdi və ilk dəfə 1538-ci ildə xanlığa rus ayağı açıldı. Xanlar Noqay və Krımlılardan qorunmaq üçün Moskva knyazlığına pənah aparırdılar. Bu illərdən sonra knyazlıqla Həştərxan xanları arasında dostluq münasibətləri yarandı, digər qonşu xanlıqlar isə Həştərxandan çəkilməyə başladılar. Bu, ruslar üçün bir fürsət idi. Onlar gələcəkdə xanlığı işğal edərək Volqa-Xəzər ticarət yoluna sahiblənəcəkdilər”.
Həştərxanın sonuncu hakimi Yomğurçay xan idi. Onu 1554-cü ildə hakimiyyətdən uzaqlaşdıran ruslar 1556-cı ildə xanlığı işğal etdilər. Özlərinin hakimiyyətə gətirdikləri Dərviş Əlini də tez bir zamanda taxtdan salıb, çarlığın mərkəzindən xanlığın idarəsini voyevoda Çeremisinova tapşırıb, 1557-ci ildə xanlığı qəti olaraq Rusiya çarlığına birləşdirməyə nail oldular.
Həştərxan – Səfəvi münasibətləri
Kazan və Həştərxan xanlıqlarını işğal etməklə, Rusiya çarlığı şərq bazarlarına yaxınlaşmış oldu. Onlar artıq Səfəvi dövlətinə elçilər göndərərkən maneələrə rast gəlmirdilər. Çarlığın şərqlə ticarət üzrə nümayəndəsi Həştərxanda otururdu. Həm Səfəvi dövlətindən gedən elçilər, həm də çarlığın mərkəzindən göndərilən elçilər burada görüşür, müzakirələr aparırdılar. Bu münasibətlər o qədər dostluq xarakteri almışdı ki, 1561-ci ildə Şah I Təhmasib, 1563-cü ildə isə Şirvan Bəylərbəyi Abdulla xan çarlığın mərkəzinə elçilər göndərmişdilər. 1569-cu ildə isə dostluq münasibətlərinə töhfə olaraq İvan Qroznı Qəzvinə böyük elçi heyəti göndərmişdi. Onlar 100 top və 500 tüfəngi hədiyyə olaraq Səfəvi sarayına bağışlamışdılar. Əslində çarlığın bu siyasəti pərdəarxası idi - özünü dost kimi göstərərək, Xəzərətrafı torpaqları da yavaş-yavaş zəbt edirdi. İlk voyevoda Çeremisinov Səfəvi dövlətinə güvənməyərək Həştərxanın 10 verstliyində ətrafı xəndək qazılmış yeni şəhər saldırdı. Ticarətin mərkəzi buraya köçürdü. Rusiya və Səfəvi mallarının birgə ticarəti burada təşkil edildi. İngilis ticarətçi Antoni Cenkinson yazır ki, ruslar bazarda duz, çörək, yəhər, kürk, dəri satırdılar. Səfəvi tacirləri isə az gəlirdilər. Burada ancaq Şirvan tacirləri təmsil olunurdular. Onlar isə ipək, mahud, boyalı saplar, boyaq məhsulları, taxıl, qoz, dəmir satırdılar. Səfəvi dövləti əsas ticarətini Suriya üzərindən Aralıq dənizi vasitəsi ilə Avropayla edirdi. Körfəz portuqalların əlində olduğundan burada ticarət yox idi. Rusiya çarlığı isə yeni bazarlar axtarışında idi. Onlar bu məqsədlə Buxarada qərar tutan ingilis ticarət nümayəndəsi ilə görüş üçün bu şəhərə elçi göndərmişdilər.
1588-ci ildə Şah Məhəmməd Xudabəndə Hadi Bəy adlı saray diplomatını məktub və hədiyyələrlə Moskva sarayına göndərdi. Hadi bəy orada dostluq müqaviləsi bağlamalı , Bakı və Dərbənd limanlarını Rusiya çarlığına hədiyyə etməli idi. Lakin İvan Qroznının vəfat etməsi ilə bütün planlar dəyişdi. Onun yerinə gələn çar isə ticarət məqsədi ilə gələn bütün elçilərin Həştərxanda qarşılanmasını, burada azad ticarət üçün şərait yaradılmasını Həştərxan voyevodalarına əmr etdi.
1599-cu ildə Həştərxana gedən elçi heyəti içərisində yer alan Oruc Bəy Bayat yazırdı: “Həştərxanda 5 min nəfər yaşayır. Bütün evlər torpaqdan, lakin şəhər hakimlərinin evi daşdan tikilmişdir. Şəhər qalası güclü ordu tərəfindən qorunur. Qala içərisində ancaq xristianlar yaşayırlar. Tatarlar isə sahibsiz kəndlərdə təsərrüfatla məşğul olurlar. Ticarətdə şirvanlılar, hindlilər və musəvilər üstündürlər”.
Buna bənzər daha bir məlumatı isə Adam Oleari vermişdi. O da şəhərdə ticarətin hindlilər, səfəvilər və az da Buxaradan gələn tacirlərin etdiklərini yazırdı.
Həştərxanda ilk böyük üsyan 1606-1614-cü illər arasında baş verib. Buna səbəb Don kazaklarının şəhərə hücumu, evləri yağmalaması və çar hökumətinin buna məhəl qoymaması oldu. Üsyanın qarşısı alınsa da, 1717-ci ilə kimi, bir əsr Həştərxan tatarları çarlığa etiraz etdilər. 1717-ci ildə I Pyotr Həştərxan vilayətinin qurulması haqqında fərman imzaladı. 1722-ci ildə buraya gələn Pyotrın şərəfinə saray inşa edildi. Həmin il Azərbaycanın Xəzəryanı bölgələrinə yürüşə başlayan I Pyotr 1723-cü ildə yenidən Həştərxana qayıdaraq şəhəri gəzmiş, sonra çarlığın mərkəzinə dönərək, Səfəvilərlə Peterburq müqaviləsini bağlamışdır. Artıq rusların Həştərxan limanı ilə yanaşı, Dərbənd, Bakı və Rəşt limanları da vardı.
Həmin dövrdən etibarən rusların Həştərxanda xristianlaşdırma siyasəti böyük təpki ilə qarşılandı. Əhali tamamilə müsəlmanlar idi. Vilayətin mədəni abidələri içərisində məscidlər daha çox yer tutur. Onlardan Noqay məscidi (1825), Kar məscid(1850), Ağ məscid (1860) və s. hələ də qalmaqdadır və müsəlmanların ibadət yerləridir. Mədrəsələr isə rus işğalından sonra rus məktəbləri olaraq fəaliyyət göstərirdi . XX əsrin əvvəllərində imperiyanın zəifləməsi, xalqların öz müqəddəratını həll etmək istəyinin yaranmasına səbəb olmuşdu. Bakılı Mustafa Lütfi Əfəndinin rəhbərliyi ilə 1905-ci ildə burada Şurayi-İslam cəmiyyəti quruldu. Cəmiyyət bir il sonra ilk dəfə olaraq tatarlar üçün Həştərxanda müasir üslubda “Dar-ül Ədəb” məktəbi açdı ki, bu da orada yaşayan müsəlman tatarların milli təhsilinə böyük təsir etdi. Burada din, fəlsəfə, tatar kimliyi, hüquq və s. haqqında dərslər verilirdi. Sonralar bu məktəbdən çıxan aydınlar 30-cu illərdə 20 orta məktəb açdılar. II Dünya müharibəsi zamanı şəhər önəmini qoruyub saxlayırdı. Neft və qaz ilə zəngin bu liman şəhəri almanların hədəfində idi. Lakin Stalinin göstərişi ilə şəhər xüsusi olaraq müdafiə olunurdu. Sovet İttifaqı dağıldıqdan sonra şəhər Həştərxan vilayəti adı ilə Rusiyanın bir bölgəsi olaraq qalmaqdadır. Tatarlar dillərini, mədəniyyətlərini qismən saxlasalar da, hər ötən il ruslaşma artmaqdadır.
Azərbaycanla Həştərxanı bağlayan daha bir maraqlı fakt
Bildiyimiz kimi, Azərbaycanın Cəlilabad rayonunun adı XIX əsrin ortalarından 1967-ci ilə kimi adı Astarxanbazar olmuşdur. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra İranla sərhəddə özünə etnik dayaq yaratmaq üçün həm hərbi qarnizonda təmsil olunan hərbçilərin ailələrini, həm də Rusiya ərazisindən Muğanın sərhəd kəndlərinə xeyli rus ailələri köçürmüşdü. Bu ailələrin sayı haqqında Çar Rusiyasının 1857-ci il kameral təsvirlərində də məlumat verilib. Həştərxandan köçürülən ruslar isə Muğanda Astarxanka adlı kənd salınaraq orada yerləşdiriliblər. Kənd həm də qədim ticarət yollarının üzərində yerləşirdi. Sonralar o kəndi digər rus kəndləri ilə birləşdirən yol çəkildi. XIX əsrin sonlarında İranla ticarət sərhədləri açılandan sonra ticarət yolları üzərində yerləşən bu kəndlərdə kiçik bazarlar quruldu. Rusiyadan quru yolu ilə gətirilən məhsullar Astarxanka kəndində rus evlərində saxlanılıb, buradan hissə-hissə İrana göndərilirdi. Oradan gələn məhsullar da birbaşa bu kəndə gətirilirdi. Zaman keçdikcə kənddə ticarət genişlənirdi. Beləliklə, kənd digər kəndlərlə birləşdirildi və həmin ticarət mərkəzi olan bölgə Astarxanka kəndinin adı ilə Astarxanbazar adlandı. 1930-cu ildə bölgənin sərhədləri müəyyənləşdirilərək, rayon adlandırıldı. 1967-ci ildə isə adı dəyişdirilərək, böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin adına Cəlilabad adlandırıldı.
(Ardı var...)