Son Xəbər:
Tarix: 27-11-2019, 16:53
BŞBPİ: Şəxs ilkin izahatında bildirib ki, İqbal Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı adama məxsus olub və sonradan satılıb
Ümid Partiyasının sədri İqbal Ağazədə, təxribatla üzləşdiyi barədə bəyanat yayıb və polis orqanlarına müraciət etdiyini bildirib. Partiya sədri şikayətinin ətraflı araşdırılmadığını deyib: “Təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsildi, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarıldı. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək olayın araşdırılmasını xahiş etdim. Ərizəmə videogörüntüləri də əlavə etmişdim, hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi”.
“Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu (Nunçaku) var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla professional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə suallara heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil”, - Ağazadə vurğulayıb.
“Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermişəm (Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi). Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq. Hüquq-mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılması üçün lazımi tapşırıq verməsini xahiş edirəm”, - deyə partiya sədri əlavə edib.