Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Məhv edilən tarix: Qarayev bu layihəni necə itirdi? - Video

Məhv edilən tarix: Qarayev bu layihəni necə itirdi? - Video

Tarix: 11-08-2020, 23:44


Qaxın əsrarəngiz təbiəti ilə məşhur olan qədim İlisu kəndindəki tarixi abidələr məhv olmaq üzrədir.
Bu barədə Bakupost videoreportaj hazırlayıb.
Bildirilib ki, aidiyyəti qurumların diqqətsizliyi, məsuliyyətsizliyi ucbatından Azərbaycan tarixinin daşla hörülmüş səhifələri cırılıb atılır.
Şeyx Şamilin viran edilən sığınacağı
Qəhrəman Şeyx Şamil qalası. İnşa tarixi XIX əsrin ortalarına aid edilir. İlisunu əhatə edən dağlardan birinin - Yezlidağın üstündə tikilib. Qalaçadan İlisuya gələn bütün yolları müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür.
Qalaça tam dağılmaq üzrədir. Bu tarixi-memarlıq abidəsi Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Amma bu yalnız sözdədir.
Söz demişkən, heç söz də yoxdur. Nazirlik tərəfindən abidələrin üzərinə vurulan hər hansı lövhəyə, sözə, yazıya rast gəlinmir. Bilmək olmur, bu lövhəni Mədəniyyət Nazirliyi əziyyət çəkib, gətirib vurmayıb, yoxsa, həmin lövhə qalanın uçan divarları ilə birgə tarixə qovuşub.
Yoxa çıxan QALA
Dağıstan yolunun üstündəki qala. Adı yoxdur, amma sənədlərdə “Qala kompleksi” adlanır. Adının gurultusuna fikir verməyin. Özü illərin biganəliyi altında inildəyir - uçub-dağılıb. İndi bu kompleksdən bircə divar qalıb. Onun da yarısı yarıcan...
Vaxtilə geniş ərazini əhatə edən bu qalanın divarları üzərində bir neçə ev tikilib. “Qala məhəlləsi”ndə yürüyərkən bunu aydın şəkildə görmək olur. Elə qalanın uçuq divarlarına yol da bu evlərdən birinin dəhlizindən keçib gedir.
Sakinlər deyir ki, iki il öncə bura sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev baş çəkib. Qalanın təmir məsələsini nəzarətdə saxlayacağını deyib. Həmin vaxt qalanın iki divarı ayaq üstəymiş. Nazirin ayağı dəyəndən iki ay sonra divarın biri uçub.
Bürc Qala - Alman mütəxəssisinin itirilən layihəsi
Ömrünün qürub çağını yaşayan digər abidə isə Bürc Qaladır. Bürc Qala ərazidə inşa olunmuş müdafiə kompleksinə aid bürclərdən biridir.
Videoda diqqətlə baxın, çünki yaxın gələcəkdə izi-tozu qalmayacaq.
İlisu sakini Rafael Məmmədov qalanın bərpası üçün öz hesabına Almaniyadan mütəxəssis dəvət edib, layihə hazırlatdırıb və Əbülfəs Qarayev kəndə gələndə ona təqdim edib. Dediyinə görə, layihə nazirin marağına səbəb olub. Hətta buna görə kənd sakininə minnətdarlıq da edib. Ancaq hər şey bununla da bitib. Qalanın tökülən, sökülən daşlarından səs çıxıb, nazirlikdən yox.
Bu yaxınlarda Rafael Məmmədov layihənin taleyi ilə maraqlanmaq üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə gedib. Məlum olub ki, xeyli əziyyət və maliyyə hesabına başa gələn layihə ümumiyyətlə, nazirliyə təqdim olunmayıb. Əbülfəs Qarayev o layihəni cibinə qoyub harada, necə istifadə edib, heç kimə məlum deyil.
Əsaslı şəkildə şikəst edilən tarixi məscid
İlisu məscidi. Bu, kəndin ən qədim tarixi abidələrindən biridir. Elə ona görə də Ulu Məscid adlanır. Giriş qapısının üstündə - sağ və sol tərəfdə daş kitabələr həkk olunub.
Deyilənə görə, məscidin ortasında minarə varmış. Sonradan bir hissəsi uçub. Məscid dövlət tərəfindən əsaslı təmir olunanda isə minarə yerli-dibli ləğv olunub. Minarənin olduğu yeri betonlayıb, kirəmitlə örtüblər. Məhz minarənin yerinə görə bütün məscidlərdən fərqlənin bu tarixi abidə əslində, əsaslı təmirlə şikəst edilib. İndi minarənin yerindən məscidin içinə daimi su axır.
Ayıbını örtmək üçün nazirliyin tökdüyü beton da bu “çapığı” örtə bilməyib. İndi sakinlərin məscidlə bağlı iki arzusu var: minarənin bərpası və məscidə qaz çəkilməsi. Qaz çəkilmədiyinə görə məsciddən həm istifadə etmək olmur, həm də nəmişlik divarları dağıdır.
Arzuladığımız şallaq
Bu qədər köhnəlmiş, uçmuş tarixi abidələrin fonunda məscidin həyətindəki, böyük, sağlam, təptəzə, heç vaxt göyərməyəcək qara daş diqqət çəkir. Öyrənirik ki, bu, “şallaq daşı”dır. Abidələr köhnəldikcə, yerlə yeksan edildikcə bu daş təzələnir, sanki istifadəyə hazırlanır. Amma kim üçün? Şallaq kimlərə vurulacaq?
İnanırıq ki, Tanrı bizə buna şahidlik etmək şansı verəcək. Ən azından Ulu Məscid və babalarımızı min cür bəladan qoruyan qalaların urvatına bunu bizdən əsirgəmiyəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR