Son Xəbər:
Tarix: 12-08-2020, 18:11
Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada istifadə etməklə daşınması, bu kimi transmilli cinayətlərin törədilməsində iştirak edən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilməsi, onların müxtəlif ölkələrdə fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstələrin digər üzvləri ilə əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılan intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən cinayətkarlıqla mübarizə məqsədi ilə bu kimi transmilli cinayətlər və onların istintaqı zamanı aşkar edilən əhəmiyyətli hallar barədə mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması təmin edilir.
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Polşa Respublikasına dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Daxil olmuş əməliyyat məlumatı əsasında 6 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Polşa Respublikasında yerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə "Gil" yükü daşıdığı əks olunan platforma "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.
Konteynerdə olan 20 paletdəki 720 ədəd standart ölçülü kisələrdə qablaşdırılmış "Gil" yükünün yoxlanılması zamanı xidməti it paletlərdən ikisinə reaksiya verib və gömrükçülər həmin kisələr üzərində əsaslı yoxlama aparıb. Bu zaman hər paletdə 7 ədəd olmaqla, ümumilikdə 14 kisədən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 200 kiloqram 800 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı Azərbaycan Respublikası ərazisindən tranzit keçirilməklə Avropaya aparılması nəzərdə tutulan külli miqdarda narkotik vasitələrinin gizlədildiyi kisələrin üzərində Azərbaycan Respublikasına məxsus istehsalçının "Üyüdülmüş Gil, Oğuz dağı, İstehsalçı: Mahmudov İ.İ. VÖEN 8600000742, Oğuz r-nu, H.Əliyev küç. 60" rekvizitlərinin əks olunması gömrük əməkdaşlarının diqqətini cəlb edib.
Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən "gil" yükü Azərbaycan Respublikasının Oğuz rayonunda fəaliyyət göstərən fərdi sahibkar tərəfindən əvvəllər qanunamüvafiq qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasına ixrac edilən və İran İslam Respublikasında fəaliyyət göstərən cinayətkar qrupun üzvləri tərəfindən sonradan həmin kisələrə narkotik vasitələr gizlədərək onlardan narkotiklərin daşınması zamanı istifadə olunub.
Göründüyü kimi gömrük orqanlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində törətdiyi cinayət əməlləri ifşa olunan mütəşəkkil cinayətkar qruplaşmaların üzvləri (narkoqaçaqmalçılar) öz cinayətkar əməllərində Azərbaycan Respublikasına məxsus istehsalçıya aid kisələrdən istifadə etməklə təkcə narkotik vasitələrin qaçaqmalçılığı əməllərinin cinayətkar izlərini itirməyə nail olmur, həmçinin Azərbaycan Respublikasında qanuni istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların həm ölkə daxilində, həm də digər ölkələrdə işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol verirlər.
Nəticədə bir daha qeyd etmək istəyirik ki, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən transmilli cinayətlərlə mübarizə məzmun etibarı ilə təkcə belə cinayətin predmeti olan qanunsuz mal və əşyaların dövriyyədən çıxarılması, bu cinayətlərin törədilməsində iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini deyil, həmçinin Azərbaycan Respublikasının sahibkarlıq fəaliyyəti subyektlərinin qanuni mənafeyinin qorunmasını ilə yanaşı, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, onun beynəlxalq nüfuzunun zərər görməməsindən ötəri kompleks tədbirləri əhatə edir.