Son Xəbər:
Tarix: 13-08-2020, 17:25
Avqustun 14-də Pakistan dövlətinin yaranmasının ildönümüdür. 14 avqust 1947-ci ildə uzun müddət davam edən mübarizə və münaqişələrdən sonra Hindistanın müsəlmanlar yaşayan hissəsində Pakistan dövləti elan olunub. Hazırda 210 milyona yaxın əhalisi ilə dünyanın ikinci böyük müsəlman dövləti, nüvə silahına malik yeganə müsəlman dövləti ünvanlarını özündə saxlayan Pakistanın ölkəmiz üçün xüsusi yeri var.
Təkcə ona görə yox ki, Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də, Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb.
Həm də ona görə ki, Pakistan Ermənistanla diplomatik münasibətlər yaratmayıb və bu günə qədər bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Yeri gəlmişkən, 1993-cü il aprelin 30-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nın 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Pakistan-Azərbaycan münasibətlərinin kökü əslində daha qədimlərə, Qızılbaşların hakimiyyəti dövrünə qədər gedib çıxır.
“Paklar diyarı”
Pakistan, yəni “paklar diyarı” adı 1930-cu illərdə Hindistan müsəlmanlarının azadlıq mübarizəsinin gedişində ortaya çıxıb. Buna qədər isə bu ölkələr, yəni bugünkü Hindistan, Pakistan və Banqladeş vahid hind coğrafiyasını təşkil edirdilər. Hindlilər və müsəlmanlar 19-cu əsrə qədər uzun illər bu coğrafiyada birgə yaşasalar da, Hindistan Britaniya müstəmləkəsi olduqdan sonra etnik və dini münaqişə dərinləşib. Nəticədə, müstəmləkə işğalına qarşı mübarizə həm də etnik və dini münaqişə ilə müşayiət olunub. Bu səbəbdən Hindistan iki hissəyə bölünüb. Lakin əlbəttə ki, bu ayrılma çox qan-qadalı və acılı olub. Hələ də Pakistan və Hindistan arasında Kəşmir problemi kimi mürəkkəb bir münaqişə qalır. İki ölkə arasında üç böyük müharibə olub.
Hindistanla üç dəfə müharibə edən Pakistan hələ də mübahisəli ərazilər səbəbindən müharibə vəziyyətindədir. Ara-sıra iki ölkə arasında hərbi toqquşmalar baş verir. Bundan başqa, ölkə Əfqanıstanla böyük sərhədə malikdir, sovet-əfqan müharibəsi zamanı Qərb və ərəb ölkələri məhz Pakistan üzərindən Əfqanıstanda sovetlərə qarşı müharibəni təşkil edib. Ancaq daha sonra bu müharibənin acılarını Pakistan saysız-hesabsız radikal islamçı qruplar, “Əl-Qaidə”, “Taliban” kimi radikal terror təşkilatları, ABŞ pilotsuz təyyarələrinin saysız-hesabsız hücumları nəticəsində ölən minlərlə günahsız insan bahasına yaşamaqdadır. Məhz ölkənin bu vəziyyəti, xarici yardımlardan asılı olması onun daxili siyasətinə də təsir edir, ölkədə normal, sabit siyasi sistem formalaşmır.
Yeri gəlmişkən, 1971-ci ilə qədər Pakistan və Banqladeş bir ölkə olub. Ancaq həmin ilin martında başlayan üsyan və ardınca Hindistanla Pakistan arasında baş verən müharibə nəticəsində Banqladeş müstəqil dövlətə çevrilib.
Pakistan ordusu
Bu münaqişə və hər an başlaya biləcək müharibələr səbəbindən Pakistan yarandığı gündən böyük hərbi qüvvə saxlamalı olub. Hazırda beynəlxalq hərbi araşdırma mərkəzlərinin tərtib etdiyi reytinq sıralamasında Pakistan ordusu planetin 15-ci böyük hərbi qüvvəsidir.
11,4 milyard dollar hərbi büdcəsi olan Pakistan ordusu 1,2 milyon hərbçidən (654 min aktiv hərbi personal, 550 min ehtiyat) ibarətdir. Həmçinin 1 372 təyyarə (o cümlədən, helikopter və dron), 2 200 tank, 7 330 döyüş maşını, 429 özüyeriyən artilleriya qurğusu, 1 226 artilleriya qurğusu və 100 raket qurğusu, 100 hərbi gəmidən ibarətdir. Pakistanın 160 nüvə başlığına sahib olduğu güman edilir.
Mürəkkəb siyasi mübarizə ölkəsi
73 yaşlı Pakistan yarandığı gündən münaqişə və müharibələrlə yanaşı, mürəkkəb daxili siyasi hadisələrlə də zəngin olub. Pakistan geniş yayılmış və bəzən mərkəzi hakimiyyətlə hesablaşmayan tayfa idarəçiliyi faktlarına rəğmən, ciddi demokratik ənənələrə malik ölkələrdən biridir. Pakistan parlament quruluşlu respublikadır, ölkənin idarəçiliyini parlament çoxluğuna nəzarət edən partiyanın formalaşdırdığı hökumət həyata keçirir. Prezident isə daha çox formal post hesab olunur. Yeri gəlmişkən, Pakistan, eyni zamanda tarixə müsəlman aləmində ilk qadın baş naziri olan ölkə kimi düşüb. Bənəzir Bhutto iki dəfə - 1988 və 1993-cü illərdə Pakistanın baş naziri seçilib.
Ancaq Pakistanın siyasi tarixi çoxsaylı hərbi çevrilişlərlə “zəngindir”. Pakistanın sonuncu devrilmiş baş naziri, Müsəlmanlar Birliyi Partiyasının lideri Nəvaz Şərif üç dəfə baş nazir postunu tutub. İlk dəfə 1990-93-cü illərdə baş nazir olan Şərif, ikinci dəfə 1997-99-cu illərdə bu kürsüdə oturub və 1999-cu ildə general Pərviz Müşərrəfin həyata keçirdiyi hərbi çevrilişdən sonra ölkəni tərk edib. O, üçüncü dəfə baş nazir postuna 2013-cü ildə əyləşib, ancaq səlahiyyət müddətinin bitməsinə bir il qalmış - 2017-ci ilin iyununda hakimiyyətdən uzaqlaşdırılıb. Yeri gəlmişkən, bu günə qədər Pakistanda səlahiyyət müddətinin sonuna qədər postunda qalmış mülki baş nazir olmayıb.
Pakistan 1947-ci ildə yarandıqdan sonra yalnız bir neçə il sabitlik dövrü olub. 1956-cı ildə Pakistan Federativ Respublikası elan edilib. 1958-ci ildə general Əyyub Xan çevriliş edərək, hakimiyyəti ələ keçirib. 1965-ci ildə Hindistanla müharibə olub və həmin müharibə nəticəsində 1969-cu ildə Əyyub xan postundan gedib. Bir neçə ay sonra baş vermiş növbəti çevriliş nəticəsində başqa bir general - Yahya Xan hakimiyyəti ələ keçirib. Ancaq onun hakimiyyəti uzun süməyib. 1971-ci ildə baş verən növbəti Hindistan-Pakistan müharibəsində Pakistan məğlub olduğu üçün Yahya xan istefa verib və iqtidara ölkənin gələcək qadın baş naziri Bənazir Bhuttonun atası Zülfüqar Buhutto gəlib. Ancaq mülki hökumət uzun müddət davam gətirməyib.
1977-ci ildə baş verən növbəti hərbi çevriliş nəticəsində general Ziya əl-Haqq hakimiyyəti ələ keçirib. Ölkədə bütün siyasi institutları - parlament və partiyaları ləğv edən general Ziya əl-Haqq Baş nazir Zülfüqar Əli Bhuttonu edam etdirib. Demokratik sistemdən imtina edən general əl-Haqq Pakistanı İslam Respublikası elan edib. Hakimiyyətdə 11 il qalan general Ziya əl-Haqq 1988-ci ildə baş verən təyyarə qəzasında həlak olub. Keçirilən seçkilərdə növbəti dəfə Zülfüqar Bhuttonun partiyası - Pakistan Xalq Partiyası (PXP) qalib gəlib və onun qızı, partiyaya rəhbərlik edən Bənazir Bhutto ölkənin ilk qadın baş naziri olub. B.Bhutto hakimiyyətdə iki il qalıb və prezident tərəfindən vəzifəsindən kənarlaşdırılıb.
1990-cı ildə keçirilən seçkilərdə Nəvaz Şərif ölkənin baş naziri seçilib. N.Şərifin iqtidarı üç il davam edib və o, 1993-cü ildə postunu itirib. Baş nazir postuna yenidən B.Bhutto gəlib. Ancaq Bhutto da baş nazir postunda uzun müddət qala bilməyib və 1996-cı ildə vəzifədən gedib.
Növbəti dəfə seçkiləri qazanan Nəvaz Şərif isə cəmi üç il sonra - 1999-cu ildə general Pərviz Müşərrəf tərəfindən devrilib. General Müşərrəf doqquz il ölkəni idarə edib. Bu dövr həm də 11 sentyabr hadisələri və ABŞ-ın Əfqanıstana hücumu ilə başlayan ağır mərhələ olub. Pərviz Müşərrəf 2008-ci ildə daxili təzyiqlər nəticəsində istefa verib.
2007-ci ildə uzun müddət xaricdə sürgündə olan B.Bhutto ölkəsinə dönüb və seçki kampaniyası zamanı Ravalpindi şəhərində terrorçular tərəfindən qətlə yetirilib. Bu hadisə 2008-ci ildə, yanvarın 8-də parlament seçkilərindən 10 gün əvvəl baş verib və Bhuttonun partiyası onun ölümündən sonra qalib gəlib. B.Bhuttonun əri Asif Əli Zərdari ölkənin baş naziri seçilib.
Ancaq sentyabrda Asif Əli Zərdari prezident, PXP-dən Yusif Rza Gilani isə baş nazir seçilib. 2012-13-cü illərdə isə Raca Pərviz Əşrəf bir il baş nazir olaraq çalışıb. Nəhayət, 2013-cü ildə seçkilərdə qələbə qazanan Nəvaz Şərif yenidən baş nazir seçilərək, dörd il ölkəni idarə edib və 2017-ci ildə vəzifəsindən azad edilib. Beləliklə, 70 illik müstəqillik tarixində Pakistanda sona qədər vəzifəsində qalan mülki baş nazir olmayıb. Ancaq sadəcə, hərbçilər, necə deyərlər, “şanslı” olublar, qiyam nəticəsində hakimiyyəti ələ alıb və bu postda 10 ilə yaxın qala biliblər.
2018-ci ilin yayında keçirilən seçkilərdə keçmiş kriket oyunçusu və xeyriyyəçi İmran Xanın və ya tam adı ilə İmran Əhməd Xan Niyazinin lideri olduğu Pakistan Ədalət Hərəkatı - “Pakistan Təhrike İnsaf” təşkilatı seçkilərdə qalib gəlib və İmran Xan ölkənin baş naziri seçilib.
Ancaq hazırda ölkənin ciddi iqtisadi problemləri var. Müharibə vəziyyətində olan, Əfqanıstanla sərhəddə yerləşən Pakistan hazırda iqtisadi çətinliklər yaşayır. ABŞ-la münasibətləri soyuqlaşan İslamabad son illərdə Çinlə yaxınlaşmağa çalışır. Lakin həm Çin, həm də körfəz ərəb sərmayəsini ölkəyə cəlb etmək çalışmaları hələlik ciddi nəticə vermir. Qarşıda isə gündən-günə sürətlə böyüyən Hindistan var. Bu mənada Pakistan hazırda mürəkkəb siyasi-iqtisadi mərhələ yaşayır.