Son Xəbər:
Tarix: 31-08-2020, 14:25
Balakən Bələdiyyəsinin sədri Əfqan Səfərov və həmin bələdiyyənin sədr müavini Səfa Dibirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əfqan Səfərov Balakən bələdiyyəsinin sədri, Səfa Dibirov isə həmin bələdiyyənin sədr müavini vəzifəsində işləməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayət törədiblər. Hər iki vəzifəli şəxs onlara olan inam və etibardan sui-istifadə ediblər.
Belə ki, 2016-cı ilin mayında Balakən şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 52,5 kv/m torpaq sahəsində avtotəmir sexi tikmək məqsədilə Səfa Dibirova müraciət edən Balakən rayon sakini Yunus Yunusovun əmlakını ələ keçirmək məqsədilə, Balakən şəhəri Məhəmməd Əsədov küçəsi, 3 ünvanında yerləşən Balakən bələdiyyəsinin inzibati binasında Yunus Yunusova həmin tikintiyə icazə haqqında sərəncam və rəyin alınmasına köməklik göstərəcəklərinə yalandan vəd veriblər.
Yunus Yunusovu aldadaraq, qeyd edilən məsələni, yəni Balakən rayon İcra Hakimiyyəti başçısının müvafiq tikintiyə icazə haqqında sərəncamının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən müvafiq rəyin alınmasını həmin dövlət qurumlarının səlahiyyətli vəzifəli şəxslərinə edəcəkləri hərəkətə görə onların vasitəsilə 3000 manat pul verilməsi müqabilində həll edəcəklərini bildiriblər.
Bundan sonra 2016-cı ilin sentyabr ayında Yunus Yunusovun bələdiyyənin inzibati binasında Səfa Dibirova həmin məqsədlə 3.000 manat pulu verməsinə nail olub. O, həmin pulu Əfqan Səfərov ilə birlikdə öz aralarında bölüblər.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 32.4, 312.1-ci (iştirakçılıq; rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.
Balakən rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 min manat cərimə olunublar.
Hökmdən narazı qalan Əfqan Səfərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Digər təqsirləndirilən şəxs də apelyasiya şikayəti verib.
Prokuror da hökmdən narazı qalıb və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib.
Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 5 min manat miqdarında cərimə cəzası təyin olunub, həmçinin 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilib.
Bu qərardan narazı qalan Əfqan Səfərov kasasiya şikayəti verib.
Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti təmin edilməyib.