Son Xəbər:
Tarix: 17-09-2020, 14:35
GƏNCLƏRDƏ HƏRBİ VƏTƏNPƏRVƏRLİK HİSSİNİN TƏBLİĞİ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ QORUNMASI BAXIMINDAN MÜSTƏSNA ƏHƏMİYYƏTƏ MALİKDİR .
Ali baş komandan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, milli-mənlik şüuru ilə paralel aparılmalıdır.
Vətən ! -
Tariximiz.
Ənənəmiz...
Azadlığımızdır...
GƏNCLƏRİN MƏNƏVİ İNKİŞAFI HƏR KƏSİ DÜŞÜNDÜRMƏLİDİR
Vətənimiz Azərbaycan müharibə şəraitində yaşadığından cəmiyyətimizdə vətənpərvərliyin təbliğatı ən ümdə məqsədimiz və ən ali vəzifəmiz olmalıdır.
Hər birimizə məlumdur ki, işğalçı Ermənistan tərəfindən artıq illərdir, elan olunmamış müharibəyə cəlb edilmişik və nəticə etibarilə, torpaqlarımızın 20% hissəsi işğala məruz qalıb. Əlbəttə ki, belə bir şəraitdə dövlətimizdə Azərbaycan Gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, vətənpərvərlik kimi ülvi və ali bir hissin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdən ən vacibidir. Təbii ki, gənc nəslin buna yiyələnmsi, bütövlükdə, dövlətin ümummilli Azərbaycançılıq ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir.
MÜSTƏQİL YAŞAYAN HƏR MİLLƏTİN SAHİB OLDUĞU BİR BAYRAQ MÜTLƏQ VAR
Vətən nədir? - Üzərində bir millətin yaşadığı, həyat şərtlərini sürdürdüyü torpaq parçasına verilən addır demiş olsaq qeyri-kafi olar, təbii ki..
Vətən öncə, ana qucağı, bir millətin vətəndaşını bağrına basan qayğıya bürünmüş qollardır. Vətən bir millətin yurdu olduğu müddətdə, o millətin bayrağı üzərində dalğalanır. Hər bayraq dalğalandığında o vətən kimin olduğunu göstərir. Belə ki, vətənlərində müstəqil yaşayan bütün millətlərin sahib olduğu bir bayraq mütləq və həmişə var.
BİZ TARİXİ ŞAN VƏ ŞƏRƏFLƏ DOLU BİR MİLLƏTİK
Vətənini ən çox sevən, əlbəttə ki, ən çox ona xidmət edəndir.. Vətənə olan sevgimizi ancaq onun uğrunda etdiyimiz işlərimizlə sübut edə bilərik. Yaşımızdan, cinsimizdən və tutduğumuz vəzifədən asılı olmayaraq hər birimizin vətən üçün mütləq edə biləcəyimiz gərəkli işlər vardır. Vətəni qorumaq və ona hər zaman sadiq qalmaq milli vəzifəmiz olmalıdır.
Vətənin müdafiəsində iştirak edərək bayrağımızı, vətənimizi, şərəfimizi, ləyaqətimizi qoruyuruq. Bunlar imtina edə bilməyəcəyimiz dəyərlərdir..
VƏTƏNƏ SADİQ OLMAQ ƏSL VƏTƏNPƏRVƏRLİKDİR
Vətən sevgisi anlayışı sadəcə quru bir ifadə deyil. Bu sevgini ürəyimizin dərinliklərində eşidirik və hiss edirik. Və dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq ürəyində vətən sevgisi olan hər bir insan vətənindən söz açıldığı anda mütləq coşar, fərəh hissi keçirdər..
Vətənini və dövlətini sevən insanlar, ehtiyac olduqda mallarını və canlarını qurban verməkdən heç vaxt çəkinməyiblər və bu gün də, çəkinmirlər. Biz o millətin övladlarıyıq ki, canları və qanları ilə əzizl vətənimiz üçün bir çox dastan yazan əcdadlarımız olub və bu gün də, “Mübarizlərimiz, Poladlarımız, Anarlarımız” var və olacaq.
Fikrimcə, “Şəhidlik qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır. Vətən, bayraq və millət uğruna..”
Şəhidlik sadəcə, təkcə əsgərlikdə olmaz, şəhidlik eyni zamanda, bu vətəni həqiqətən sevmək, qorumaq, sadiq qalmaq, üzərinə düşəni etməkdir, həm də..
VƏTƏN QARŞISINDA VƏZİFƏ BORCUMUZ
Bizim vəzifəmiz dövlətimizi, millətimizi qorumaq və əlbətdə bu ölkə üçün canından keçən şəhidlərimizin səylərini boşa verməmək, etibarını itirməmək, əmanətə xəyanət etməmək və bu vətəni qürurla gələcək nəsillərə təslim etməkdir.
Necə ki, müstəqil dövlətimizin himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası kimidir. Himnimiz xalqımızın güc və qüdrət təntənəsidir. Buna görə də himn oxunarkən hörmət əlaməti olaraq, ayağa qalxır və hər birimiz eyni anda eyni ülvi məhəbbət hisslərini yaşayır, eyni qürur hissi ilə nəfəs alır, eyni qəhrəmanlıq səlnaməsini yaşayır, eyni müstəqil dövlətin Azərbaycan qızları və oğulları olduğumuzu yüksək səslə bəyan edirik. Onun verdiyi güc ilə başımız dikəlir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifə borcumuzdur..
VƏTƏNPƏRVƏRLİK AİLƏDƏN VƏ MƏKTƏBDƏN BAŞLAYIR- HƏR ŞEY AİLƏDƏN BAŞLAYIR
Gənclərin mənəvi tərbiyəsi, mənəvi şüuru, vətənpərvərlik ruhu onların sağlam bir vətəndaş olmasını şərtləndirir. Azərbaycan gəncliyi tarixi keçmişə bağlılığı, ailə dəyərlərinə, valideynə hörmət, ilk növbədə də, vətənə məhəbbət ruhunda böyüyür. Hər birimiz bilirik ki, Azərbaycan Gəncliyi mənəvi dəyərlərə bağlı, ailəyə, böyüyə tərbiyə ruhunda formalaşan bir nəsildir. Eyni zamanda, gənclik cəmiyyətimizin elə bir qüvvəsidir ki, onun sağlam və milli dəyərlərə bağlı olması mütləqdir.
VƏTƏNPƏRVƏRLİK HİSSİ HƏM DƏ, MƏKTƏBLƏRDƏN BAŞLAYIR
Vətənpərvərlik vətənin, xalqın hər bir uğuruna sevinmək, həm də Vətən naminə savaşmaq, onu qorumağa hər zaman hazır olmaq, onun yolunda fədakarlıqlar göstərməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, inkişaf edir, artır. Çünki bu hiss insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan, onun böyüməkdə olan nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və yetişdirilməsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Bu vəzifələr xüsusilə, məktəblərimizdə yüksək səviyyədə həyata keçirilməlidir. Qeyd edim ki, keçdiyi vacib təlim-tərbiyə prosesilə bərabər, mənəvi inkişafı olmayan gəncdən yaxşı nəsə gözləmək olmaz.
BU GÜN GƏNCLƏR SİYASƏTİ AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏNDİR
Çünki hər bir dövlətin əsas məqsədi gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır.
Elə bu minvalla, Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam, eyni zamanda, düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin etmiş oldu. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Əlbəttə, bu addımlar ölkə rəhbərliyi tərəfindən tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyir. Məqsəd, hər bir Azərbaycan Gənci özünü fərdi qaydada idarəçi kimi yetişdirməli və daim təşəbbüskarlıq göstərməlidir..
Bununla da bitmir. “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi məhz, gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Atılan hər bir müsbət addımın nəticəsi olaraq, bu müddət ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir çox mühüm nəticələr əldə edildi.
Prezident İlham Əliyevin sərəncamı ilə, 2017-ci il sentyabrın 15-də növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” adlı Dövlət Proqramımız təsdiq edildi. Qeyd edim ki, bu proqram günbəgün dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də, Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi yönündə, gənclər tərəfindən innovativ düşüncə ilə paralel olaraq rəqabətə davamlı biliklərin əldə olunması təşviqini zəruri edir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” adlı Dövlət Proqramımızın əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir.
PREZİDENT İLHAM ƏLİYEVİN MÜƏYYƏNLƏŞDİRDİYİ DÖVLƏT SİYASƏTİNDƏ “AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNUN ƏSAS PRİORİTET OLDUĞUNUN AKTUALLIĞI BİR DAHA AYDIN GÖRÜNÜR.
ÜLKƏR PİRİYEVA - POLİTOLOQ