Son Xəbər:
Tarix: 5-11-2020, 13:09
Modern.az saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Budəfəki yazımızın mövzusu Amerikanın yeni birinci ledisi olacağı gözlənilən Co Baydenin xanımı Cill Baydendir.
Əsl adı Cill Treysi Yakobs olan xanım 3 iyun 1951-ci ildə Nyu-Cersi ştatılnın Hammanton şəhərində dünyaya gəlib. Uşaqlığını Pensilvaniyada keçirdən Cill Baydenin məktəb zamanı ən sevdiyi fənn İngilis dili olub. Karyerasını da bu mövzu üstünə quran Bayden, iki magistr diplomu əldə etdikdən sonra təhsilini Delaver Universitetində doktorantura pilləsində tamamlayıb.
Hələ məktəbdə oxuyarkən 15 yaşında yaşadığı şəhərdə ofisiant işləməyə başlayıb.
İş həyatına Vilminqton məktəbində müəllim vəzifəsi ilə atılıb. Bundan sonra Bayden ömrünün böyük bir hissəsində kolleclərdə dərs demiş və daha sonra Ağ Evin dəstəyi ilə müvafiq universitet proqramları hazırlayıb. Amerikanın ikinci xanımı kimi təhsil və qadın problemləri haqqında çalışmalar aparmaqla birlikdə hərbçilərə və ailələrinə dəstək kompaniyasına rəhbərlik edib.
2007-ci ildə Cill Bayden, aztəminatlı uşaqlara kitab verən və əsgər ailələrini dəstəkləyən bir təşkilat olan “Delaware Boots on the Ground”-da fəal fəaliyyət göstərib və “Kitab Dostları” fondunu yaratmağa kömək edib.
İlk dəfə 1970-ci ildə Bill Stevenson ilə ailə qurduğu halda, ikinci evliliyi Amerika prezident namziədi Co Bayden ilə 1977–də baş tutub. 1981-ci ildə isə cütlüyün qızları Eşli Bayden dünyaya gözlərini açıb. O, hazırda stilist kimi fəaliyyət göstərir.
Prezident namzədi Co Baydenin başından çox ağır hadisələr keçib. Belə ki, onun ilk evliliyindən olan iki uşağı faciəvi şəkildə vəfat edib. İlk xanımı və 1 yaşındaki qızını yol qəzasında itirən namizədin oğlu Bo Bayden, 46 yaşında beyin xərçəngi ilə mübarizə edərkən ölüb.
Birinci xanım olarsa, Şimali Virciniya Kollecində ingilis dili üzrə professor olaraq vəzifəsinə qayıtmağı planlaşdıran Cill Bayden, özünü “ömürlük müəllim” adlandırır.