Son Xəbər:
Tarix: 10-11-2020, 11:26
Bu gün Azərbaycan tarixi qələbəni qeyd edir. 28 illik həsrət böyük qələbə ilə sona çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin əzmi xalqımızı bu qələbəyə çatdırdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı. İşğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentybarın 27-dən etibarən zəfər yürüşünə başladı və şanlı qələbəyə apardı.
44 gün davam edən hərbi əməliyyatlarla Azərbaycan Ordusu Ermənistanın 28 il ərzində qurduğu ordunu və istehkamları darmadağın etdi. Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.
Prezident İlham Əliyevin də xalqa müraciəti zamanı dediyi kimi “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi:
“Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Ümumilikdə, qüdrətli Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə, 286 kənd və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.
Noyabrın 8-də Ali Baş Komandan 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilməsi müjdəsini verdi.
Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı.
Ermənistan kapitulyasiyası imzalamağa məcbur oldu
Aydın məsələdir ki, Şuşanın azad olunması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Ölkə başçısının da hər zaman dediyi kimi, Azərbaycan bu qələbəni döyüş meydanında qazandı:
“Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad etdik. Bax biz bütün bəd əməllərinə görə, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə onu bu bəyanatı verməyə, öhdəlik götürməyə məcbur etdik. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır.
Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış müvsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır.
Çox gözəl xəbərdir ki, artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs bu gün, hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya və Türkiyə silahları qüvvələri isə sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti 5 il müəyyən olunur.
Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaqdır.
Azərbaycan dəfələrlə öz mövqeyini bildirərkən, mülki insanlarla müharibə aparmadığını və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmadığını vurğulayıb.
Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın. Lakin, bu gözləntiləri və təxribatları da xəyal olaraq qaldı.
Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bəyan etmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmasının birgə yaşayışını həmişə dəstəkləyib.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi ilə birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək.
Bu prosesin maraqlı və bir o qədər sevindirici tərəflərindən biri də Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.
Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün onilliklər lazım olacaq. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimum itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Şuşanın azadlığa qovuşması Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.
Yüksək dağlıq şəraitdə həyata keçirilən uğurlu əməliyyatlarla Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixinin qızıl səhifəsinə çevrildi.
İlham Əliyev öz xalqına Şuşanın qələbə müjdəsini verərkən dediyi kimi:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 28 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi:
“Məcburi köçkünlərin əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi?!
Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq”.
Nəhayət ki, bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, bütün streotipləri dağıtdı! Xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq! Biz gec-tez öz amalımıza qovuşduq.
Bütün bu sevinc dolu günlər, tarixi qələbə Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 17 il ərzində apardığı uzaqgörən siyasətin nəticəsidir. Onun rəhbərliyi ilə qurulan güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbayacn xalqı!
Qarabağ Azərbaycandır!