Son Xəbər:
Tarix: 26-11-2020, 13:20
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Report xəbər verir ki, dəyişiklərlə Azərbaycanda “Zəfər” və “Qarabağ” ordenləri təsis edilir.
“Zəfər” ordeninin statusuna əsasən, “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyət, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
“Zəfər” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.
“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı diametri 42 mm olan lövhədən ibarətdir.
“Qarabağ” ordeni ilə isə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
“Qarabağ” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.
“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üçtəbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.