Son Xəbər:
Tarix: 11-12-2019, 14:47
İmişli rayonunda nişanlısının qardaşını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Rüstəm Babayevin (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qanlı cinayət hadisəsi İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib.
Rüstəm Babayev nişanlısı Əminə Məmmədovanın qardaşı Ədil Məmmədovla qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı o, Ədil Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Rüstəm Babayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm Babayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 3 ildən artıq nişanlı olduğu Əminənin hadisədən əvvəlki vaxtlarda ona münasibətinin dəyişməsindən şübhələnib: "Bunu aydınlaşdırmaq üçün Əminənin istifadəsində olan, öz adıma rəsmiləşdirilmiş sim kart nömrəsinin danışıq siyahısını mobil operatorun müştəri xidmətlərindən aldım. Həmin siyahıda Əminənin ən çox əlaqə saxladığı nömrədən şübhələndim. Bunu Əminədən soruşdum. Əminə də həmin şəxsin xalası oğlu Elmar olduğunu, onunla bacı-qardaş münasibəti saxladığını bildirdi".
Rüstəm Babayevin sözlərinə görə, Əminənin dediklərini bir daha yoxlamaq istəyib: "Bu səbəbdən Əminənin qardaşı Ədillə görüşdüm, həmin zənglər siyasını Ədilə göstərdim, onlardan kimləri tanıdığını soruşdum. Ədil də həmin nömrələrə baxdı, bir-bir onların istifadəçilərinin kimliyi barədə mənə məlumat verdi".
Rüstəm Babayevin ifadəsinə görə, bu nömrələrdən demək olar ki, hamısının Ədilgilin qohumları, o cümlədən şübhələndiyi nömrənin sahibinin xalası oğlu Elmar olduğunu öyrənib: "Bundan sonra Elmarla telefonda danışdım, onunla yaşadığı İmişli rayonunun Şahverdli kəndinə görüşdüm. Ondan Əminə ilə münasibəti barədə soruşdum. Elmar da Əminə ilə bacı-qardaş münasibətləri saxladığını, adi telefon danışıqları apardığını, başqa münasibətləri olmadığını bildirdi. Elmara inanmadım, bir daha Günayın qardaşı Ədillə görüşüb, bu barədə söhbət etmək qərarına gəldim".
Rüstəm Babayev qeyd edib ki, Ədil Məmmədova görüşmək üçün zəng edib: "Həmin vaxt Ədil yorğun olduğunu, İmişlinin mərkəzinə görüşə gələ bilməyəcəyini bildirdi. Bundan bir qədər keçmiş özü mənə zəng vurdu, əgər görüşmək istəyirsə, evləri yanına gəlməyimi təklif etdi. Mən də idarə etdiyim VAZ-21074 markalı avtomobilə Ədilin yaşadığı evə getdim.
Onlara çatmamış, yolda Ədilin durduğunu gördüm, mən də avtomaşını saxladım. Ədil əda ilə mənə maşından düşərək yanına gəlməyimi tələb etdi. Onun yanına getdim. Ədilə mənimlə dava üçün gəlib-gəlmədiyimi soruşdu. Ədil buna sonra baxacağını, sözüm varsa deməyimi tələb etdi. Acıqlı olduğumdan Əlinin bu sözləri və hərəkətlərindən əsəbiləşdim. Maşınımda saxladığım bıçağı götürdüm və Ədilə zərbə vurdum".
Rüstəm Babayev bildirib ki, Əldil onun əlindəki bıçaqdan tutub və onu qucaqlayaraq yerə yıxıb: "Biz bir müddət çəkişdik. Ola bilsin ki, bu zaman bıçaq təsadüfən Ədilin bədəninin digər nahiyələrinə də dəydiyindən ona səthi yaralar yetirilib.
Ədilin yaralandığını gördüm, ona kömək etdim. Onu bibisinin əri Adil adlı həkimin evinə apardım ki, ona yardım etsin. Adil həkim Ədilə baxdı, təcili onu xəstəxanaya aparmağımı bildirdi. Ədili İmişli Mərkəzi Rayon xəstəxanasına apardım".
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəm Babayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rüstəm Babayev apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə gönədrilib.
Hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Məhkəmə onun şikayətini qismən təmin edib və cəzasını 3 ilə endirib.