Son Xəbər:
Tarix: 12-12-2019, 10:36
Son vaxtlar Azərbaycanda iki böyük ticarət mərkəzinin yanması və bundan sonra sahibkarların onlara dəyən zərərlə bağlı yaşadıqları problemlər ölkədə əmlak sığortası ilə bağlı problemləri diqqət mərkəzinə çəkdi. Belə ki, sahibkarlar əmlaklarını sığorta etmir, bunun da nəticəsində, hər hansı bir fövqəladə hadisə baş verəndə dəymiş zərəri bağlaya bilmirlər.
"Anews.az” ölkədə sığorta sahəsində mövcud olan problemləri, bunun fəsadlarını, insanların əmlak sığortasına çox da ciddi yanaşmadıqlarının səbəblərini araşdırıb.
Məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov günahı dövlət qurumlarında görür.
"İlk növbədə icbarı sığorta ilə bağlı nəzarətedici orqan (Fövqalada Hallar Nazirliyi nəzərdə tutulur) sığorta olunmayan obyektlər haqqında protokol tətbiq edir. Bu zaman sual ortaya çıxır ki, bəs nə üçün Fövqəlada Hallar Nazirliyi ölkədə sənədi olan hüquqi şəxslərin əmlakının sığorta olunmamasını qəbul edir və bu obyektlər sığorta olunmur? Bu məsələnin dəqiq həllini araşdırıb tapa bilsək, digər məsələrin həllini artıq qismən də olsa səbəbi məlum olacaq.
Daşınan əmlakın sığorta olunması üçün ilk növbədə vergi şəffaf olmalıdır. Yəni sahibkarlar başqa-başqa yerlərdən malları birbaşa öz obyektinə gətirməməlidirlər. Buna görə də sığorta şirkətini sığorta müqaviləsi üçün dəvət edəndə həmin şirkətin nümayəndəsi qeyd edir ki, biz doğurdan da bilmək istəyirik ki, burda nə qədər mal olacaq və gələcəkdə biz bunun riskinin nə qədər olduğunu özümüz üçün müəyyən edəcəyik.
Vergi şəffaflığı olduğu halda gömrükdən mal siyahısı ilə bağlı sənəd təqdim edilməlidir sığorta şirkətinə ki, bu zaman həmin şirkətdə sığortalandığı malların dəyərini və hesabatını bilsin. Ona görə də sığorta şirkətləi bu riskləri gözə alıb sığorta etmirlər. Digər bir səbəbdən isə sığorta şirkətləri əraziyə baxış zamanı təhlükəsizlik qaydalarına əməl olunmadıqda da sığorta etməkdən imtina edirlər. Çünki təhlükəsizlik əməl olunmayan obyektlərdə hər an belə hadisələr baş verə bilər.
Bu məsələ də deyə bilərəm ki, vətəndaşın özündə də günah var. Şəffaf vergi məsələsini həll etmirlər ki, onlara da normal formada sığorta haqqı ilə bağlı təkliflər olsun. Çox az adam var ki, daşınan əmlaklarını sığorta etdirirlər. Sığorta hadisəsi baş verərəkən sığorta şirkətləri burda sığorta ödənişinin verilməsindən elə hal olur ki, bəzi hallarda imtina edir, bəzi hallarda da bununla bağlı ya məbləği azaldırlar, ya da vətəndaşı süründürürlər, ya da çoxlu sənədlər istəyirlər deyə vətəndaş həmin bu hallardan bezir və öz əmlakını sığorta etdirməkdən imtina edir.
Bu zaman əsas məsələ nəzarətedici orqanın üzərinə düşməlidir ki, onlarda bu işin üstünə düşmürlər. Əgər düşəydilər bu günə kimi sitatistika açıqlanardı ki, bu günə qədər sığorta etməyən vətəndaşları nə qədər cərimə ediblər. İnzibati xətalar məcəlləsinin 469 maddəsində sığorta etməməyə görə hüquqi şəxlərə görə 200 manat cərimə tətbiq olunması nəzərdə tutulub. Eyni zamanda vəzifəli şəxs (sığorta təklif edən) təklif etməsə 80 manat məbləğində cərimə olunmalıdır.
Qonşu Türkiyə təcrübəsindən deyə bilərəm ki, onlarda sığorta sistemi ödənişlərə meyillidir. Orada ödəniş sistemi şəffaf olduğundan, vergi sistemi də doğru sistemdə işlədiyindən problemlər demək olar ki, gözə çarpmır. İcbarı sığortalar ilə bağlı isə məcburiliyi komunal ödənişlərin içində təmin edə bilirlər. Əslində bu bizim üçün xarakterik deyil. Bizdə sosal müavinət alanlar da var. Hətta bizdə sosial müavinət alanlar üçün icbari sığorta dövlət tərəfindən ödənilir.
Bizim ölkədə hətta bəzən sığortaların özündə problem olur. Hansı ki, vətəndaşı çox incidirlər. Məsələn X-Lady mağazasında baş vermiş hadisə zamanı mağazaya 960 minlik zərər dəyib. Və sığorta şirkəti 6aydır hələ də bu məbləği ödəmək istəmir. Bu cür problemlər olduğuna görə də vətəndaşlar sığorta etdirmək hallarından qaçırlar və buna maraqlı olmurlar.
Onu da qeyd edim ki, "İcbari sığorta haqqında” qanunda belə bir maddə var ki, burada hesablanmış məbləği müafiq orqan yəni FHN komissiyasınin çıxartdığı zərər aktının 20 faizini vətəndaşlara ödüyə bilər. Bu maddə ancaq daşınmaz əmlak zamanı nəzərdə tutulub. Daşınan əmlak zamanı isə heç bir güzəşt nəzərdə tutulmayıb. Belə hallarda vətəndaşlar iki qurumu məhkəməyə vermək ixtiyarına malikdirlər. Həm FHN nazirliyini və eyni zamanda icarəyə verən obyekt sahibini. FHN nazirliyini ona görə verə bilərlər ki, daşınmaz əmlakın icbari sığortası məcburi şəkildə etdirməyib. Digər tərəfdən isə obyekt sahibini aylıq icarə ödədiyi üçün dəymiş ziyanı tələb etmək məqsədilə məhkəməyə vermək haqqı var", - deyə İbrahimov bildirir.
Kasko Butik Sığorta şirkətinin rəhbəri Xəyal Məmmədxanlının məsələyə münasibəti isə belə oldu:
"Daşınmaz əmlakın sığortası prosesi Azərbaycanda 2011-ci ildən məcburidir. Çox təəssuflər olsun ki, həmin qanunu normal şəkildə həyata keçirtmirlər. Əgər əmlakının qiyməti 15 -20 milyondursa o çox aşağı qiymətə sığortalanma edir. Və hadisə baş verəndə normal bir ödəniş ala bilmir. Çünki əmlakın dəyərindən qat-qat aşağı dəyərinə sığorta elətdirir. Əksər hallarda da Fövqəlada Hallar Naziri bu rəqəmlərə umumiyyətlə baxmır. Və sadəcə gəlib soruşur ki, sizin sığortanız varmı? Sahibkar da kağız göstərir ki, bəli var.
İkinci bir məsələ də budur ki, əksər vətəndaşlar düşünür ki, mənə heçnə olmaz, sığorta lazım deyil, sığortaya çox lazımsız bir yer kimi baxırlar. Yalnız pis hadisə verən zaman sığorta elətdirmək haqqında düşünürlər. Çox təəssüflər olsun ki, bizdə hadisə baş verəndən sonra 4-5 gün sığorta haqqında danışılır, sonra yenə yaddan çıxır.
Daşınan əmlak mallarının sığortasına gəldikdə isə bu könüllü istəyə bağlı bir prosesdir. Bunun özündə də çox ciddi problemlər var. Onu istəsələr də sığortalaya bilmirlər. Satılan malların böyük bir əksəriyyətinin rəsmi hesabatı yoxdur. Bir sözlə onlar qeyri rəsmi işləyirlər. Bu da Vergidən və rəqəmləri az göstərmək üçün edilən bir prosesdir. Əksəriyyəti hətta kassa sistemindən istifadə etmirlər. Satışları rəsmi olaraq göstərmirlər. Belə olan halda da onların sığortalanması qeyri mümkündür. Çünki belə hallarda hadisə baş verərsə, yanğın olarsa sığorta şirkəti təyin edə bilmir ki, həmin ərazidə nə qədər mal yanıb.
Bu problemlər də demək olar ki, bir çox ticarət mərkəzlərində eyni qaydada olduğuna görə hadisə baş verəndə sığorta olanlara yardım edə bilmir. Başqa bir məsələ budur ki, sabibkarlara icarəyə yer verirlər, amma normal bir icarə müqaviləsi bağlanmır. Və ya ayrıca bir sənəd olmur. Adətən ticarət mərkəzinin ayrıca bir sənədi olur. Onunla daşınmaz əmlakın sığortasını həyata keçirirlər.
Bəzən elə olur ki, ticarət mərkəzlərinin sahibi sahibkarlardan sığorta adı ilə pul yığır, amma heç sığorta olunmur.
Əgər dünən yanğın baş verən ərazinin sığortası yoxsa bu zaman sahibkarın və Fövqəlada Hallar Nazirliyinin məsuliyyəti yaranır ki, nə üçün nəzarət tədbirləri həyata keçirilməyib və cəriməsi yazılmayıb. Sığortalanmaqla bağlı əsas sahibkarların özündən soruşmaq lazımdır ki, niyə mallarını sığortalanmaq istəmirlər?
Azərbaycanda sığorta şirkətləri haqqında yetərincə təbliğat işləri aparırlar. İstər televiziya istərsə də digər yerlərdə insanlarda maarifləndirmə işləri aparılır.
Artıq yanvarın 1-dən də fikizi şəxslərə də icbarı sığorta ödəmək məcburi olacaq. Bu 2011-ci ilin qanununda var idi. Sadəcə yanvarın 1-dən qüvvəyə minəcək. Artıq əhalidə belə bir narahatlıq başlayıb ki, niyə mən əmlakımı sığorta etdirməliyəm. Əmlak mənimdir etmirəm. Amma əmlak yanan kimi başlıyırlar kompensasiya tələb etməyə .Problem budur. Hər şeyə inamsız yanaşırlar.
Onu da qeyd edim ki, Bakıda yanan bir çox ticarət mərkəzlərinin yanğın baş verməsində səbələrdən biri də təhlükəsizlik tədbirlərinin olmamasıdır. Buna görə də sığorta şirkətləri elə yerləri sığortalamaq istəmirlər. Yanğın ehtimalı daha güclüdür. Əgər elə yerlərə FHN rəy verirsə ki, burda hər şey normaldır deməli birbaşa onların məsuliyyəti yaranır"
Mövzu ilə bağlı Fövqəlada Hallar Nazirliyinə suallarımızı ünvanlaşaq da suallarımız hələlik cavabsız qalıb.