Son Xəbər:
Tarix: 9-01-2021, 22:02
Son zamanlar demək olar ki, hər səhərimizi yeni qərarlaırn qəbulu ilə bağlı xəbərlərlə açırıq.
Yeni qərarlar özləri ilə yeni cərimələr də gətirir. Artıq demək olar ki, əksər qayda pozuntuları ilə bağlı cərimələr var. Üstəlik cərimə məbləği də az deyil. Cərimənin məbləğinin çoxluğu qayda pozuntusundan çəkindirən əsas amillərdən biri kimi xarakterizə olunur.
Bəs qaydaları pozanları hansı cəza və cərimələr gözləyir?
Azerforum.com son zamanlar tətbiq olunan cərimələrin siyahısını hazırlayıb.
1.Maska taxmamağa görə cərimə
Artıq bir ildən çoxdur dünyanı cənginə almış pandemiya ilə əlaqədər demək olar ki, bir günümüz də maskasız keçmir. Ancaq hələ də bəzi insanlar həm öz, həm də digər insanların sağlamlığın təhlükəyə ataraq maska taxmır. İnzibati Xətalar Məcəlləsinə görə, epidemiya dövründə sanitariya-gigiyena qaydalarını pozan, fərdi qoruyucu vasitələrdən istifadə etməyən fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
2.Polietilen torba və plastik stəkan satışına görə cərimə
İnzibati Xətalar Məcəlləsinə əsasən, 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan olunur. Bu səbəbdən qanunu pozan vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.
3.Karantin rejiminin pozulmasına görə cərimə
Ölkəmizdə təyin olunan xüsusi karantin müddəti 2021-ci il 31 yanvar 06:00-dək, sərtləşdirilmiş xüsusi karantin rejimi isə (sms icazə) 2021-ci il 18 yanvar saat 00:00-dək davam edəcək. Bu müddət ərzində icazəsiz yaşayış yerlərini tərk edən fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
4. İnsanların istirahət hüququnun pozulmasına görə cərimə
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 12-dən səhər 7-dək səs-küy salan, insanları narahat edən fiziki şəxslər 300 manatdan 400 manatadək cərimələnəcəklər. Vəzifəli şəxsləri isə daha yüksək məbləğdə 2 500 manatdan 3 500 manatadək cərimə gözləyir.
Bunlar təbii ki, cərimələnə biləcəyiniz qanun pozuntularının ancaq bir hissəsi, ancaq hər an qarşılaşa biləcəyiniz hallardır.